Hörmətli  oxucular! Hər kəsin diqqətinə çatdırıb onu bildirmək istəyirik ki, bir neçə gün bundan öncə deryaz.az saytında Bakı şəhəri, Xəzər rayonu, Nizami Sərxanov adına 256 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra edən cənab Nəsimi Nəsirovun, rəhbərlik etdiyi bu təhsil müəssisəsində qol qoyduğu “kal əməllər”lə bağlı məqalə yayımladıqdan az sonra,  adı çəkilən vəzifə sahibi “kor atı minib köndələn çapır”, hətta “misri qılınc”ını da itləyib 08 oktyabr 2021-ci il tarixdə, saat təqribən 23-24 radələrində, adı çəkilən media qurumunun baş redaktoruna hədədolu zəng etmək qərarına gəlir.

Zəng necə zəng, lap əndazəni aşan zəng olur! Çünki, 256 nömrəli tam orta məktəbə rəhbərlik edən bu şəxs həmin vaxt baş redaktora hədələr yağdırır, başına oyun açacağını dilə gətirir, yazının saytdan silinməsini qəti şəkildə tələb edir, hətta silinməyəcəyi təqdirdə yazını məcburi qaydada sildirəcəyini bəyan edir. Digər tərəfdən, telefon danışığı zamanı Nəsimi Nəsirov “mən peşəkar xakerəm, lazım gələrsə saytı darmadağın edərəm. 4-cü sinif müəlliməsi Şəlalə Vəliyevaya məktəbəqədər hazırlıq qrupunu verilməməsinin günahı Bakı Şəhəri üzrə Təhsil İdarəsidir. Çünki, indiyə kimi təhsil idarəsinin səlahiyətliləri elə bir addımlarını atıblar ki, müəllimə ilə məktəb rəhbərliyi üz-üzə qalmalı olmuşuq. Faktdır ki, bugünə kimi mən də çoxsaylı haqsızlıqlara məruz qalmışam. Məsələn, mən dəfələrlə direktor təyin olunmağımla bağlı imtahan verib 1-ci yerə çıxsam da, Təhsil Nazirliyi mənə qarşı haqsızlıq edib. Bu cür haqsızlığın qarşılığında da, direktor təyinatım həyata keçirilməyib və hal-hazırda direktor əvəzi vəzifəni daşıyıram. Hər gün Sumqayıtdan rəhbərlik etdiyim təhsil ocağına gəlib-getmişəm, müəyyən yenilikləri həyata keçirmişəm, bütün bunların qarşılığında əməyim lazımınca qiymətləndirilməyib” deməyi də unutmur. (Lazım olsa həmin səs yazısını təqdim edə bilərik)

Məslənin diqqəti cəlb edən tərəfi odur ki, Bakı şəhəri, Xətai rayonu, “NZS” qəsəbəsi, Aşıq Qurban küçəsi-25, ev-76 ünvanında müvəqqəti yaşayan Qarabağ müharibəsi veteranı, DİN-nin 1-ci qrup əlili, eyni zamanda 4-cü sinif müəlliməsi Şəlalə Vəliyevagilin ailəsi ilə birlikdə yaşayan Ağalarov Şahsuvar Hilal oğlu, yazmış olduğu şikayət ərizəsini və lazımi məlumatları redaksiyamıza çatdırdıqdan sonra,

daxil olan faktlarla bağlı qarşı tərəf olaraq Nəsimi Nəsirovun mövqeyini öyrənməyi özümüz üçün borc bildik. Bir neçə dəfə qarşı tərəfdən möve öyrənməyə çalışsaq da, təəssüflər olsun ki, hər dəfə o, “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bütün direktorlara, o cümlədən mənə də qoyduğu qadağaya görə nə suallarınızı cavablandıra, nə də ki, məsələlərə münasibət bildirə bilməyəcəyəm” dedi. Bu cür yanaşmanın ortaya qoyulması ciddi qanun pozuntusu olmaqla bərabər, eyni zamanda KİV haqqında Qanunun tapdaqlar altına atılması da deməkdir. Başqa bir halın varlığını qeyd edək ki, deryaz.az saytında yayımlanan yazı Facebook səhifəsində paylaşılarkən, əksər insanlar yazdıqları rəylərdə direktor əvəzi Nəsimi Nəsirovu polislə işbirliyində suçladı, onun hər kəsi polislə hədələdiyi yazılmış rəylərdə də qeyd olundu. Bu və digər məsələlərlə bağlı lazımi araşdırmalar apararkən o da məlum oldu ki, səndemə Nəsimi müəllim   məktəbdə dərsdən sonra repititor fəaliyyəti ilə məşğul olan müəllimlərin əldə etdikləri gəlirlərin müəyyən hissəsinə göz dikir. Yəni, Nəsimi Nəsirov belə bir fəaliyyət növü ilə məşğul olan müəllimlərdən hər şagirdə görə 5 manat pul alır. Bütün bunlara baxmayaraq, hazırda adı çəkilən təhsil ocağına rəhbərlik edən bu şəxs özünü “aydan arı, sudan duru” görür və özü barəsində belə bir təbliğat da həyata keçirir. O halda sual oluna bilər ki, görəsən məktəbəqədər hazırlıq qrupunu 1-ci sinif müəlliməsinə həvalə edən, belə bir addımı ilə təhsil haqqında Qanunu və Təhsil Nazirinin F-399 nömrəli əmrini saya salmayan Nəsimi Nəsirov “aydan arı, sudan duru” olan vəzifə sahibidir, yoxsa …

Məktəb direktorunun votsap statusunun tez- tez dəyişməsinidən onun kim olduğunu aydın bilmək olar. Gah çiçək cildində «mələk», gah da ürəyi intiqam hissi ilə yanan qəddar bir insan.

Qeyd edək ki, Təhsil Nazirinin F-399 nömrəli əmri var və bu əmrdən irəli tələblərdə qeyd olunur ki, məktəbəqədər hazırlıq qrupu 4-cü sinif müəllimlərinə, hansı ki, diaqnostik balı yüksək olan müəllimlərə verilməlidir. Belə bir əmrin olmasına baxmayaraq, 256 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra edən Nəsimi Nəsirov isə, düşünüb-daşındığı addımını atır. Yəni o, əvvəlcə sistemdə qrupu 4-cü sinif müəlliməsinin adına açır. Elə ki, həmin müəllimə ailə vəziyyətinin çətinliyi və digər səbəblər üzündən adına açılmış qrupundan imtina edir, o halda direktor əvəzi vəzifəni daşıyan bu şəxs, qrupu 3-cü sinif müəlliməsinin adına açır. Çox keçmir ki, 3-cü sinif müəlliməsi direktorun bu cür qanunsuzluq əməli haqda məlumatlı olur və o da, adına açılmış qrupdan imtina edir. Elə ki, valideyinlər bu haqda xəbərdar olub narazılıqlarını ifadə edirlər, o halda rəhbərlik “Sistemdə səhv baş verib, qrup Şəlalə Vəliyevanın adına açılacaq” deyə vəd verir və bu cür addımını atmaqla, bir növ valideyinləri müəyyən müddətə sakitləşdirə bilir. Bir qədər vaxt keçdikdən sonra isə, Nəsimi Nəsirov məktəbəqədər hazırlıq qrupunu 1-ci sinif müəlliminə verir. Elə ki, 4-cü sinif müəlliməsi Şəlalə Vəliyeva  256 nömrəli tam orta məktəbə rəhbərlik edən şəxsin qanunsuzluğa söykənən əməlləri ilə bağlı BakıŞəhəri üzrə Təhsil İdarəsinə müraciət edir, məktəb rəhbərliyi həmin vaxtdan da onunla prinsip aparmağa başlayır.  Hətta, Nəsimi Nəsirov “Mən qrupu istədiyim müəllimə verə bilərəm, kənardan müəllim də gətirə bilərəm” deyir və bu cür danışığı ilə kollektiv üzvləri arasında qıcıq da yaradır. Əslində belə bir addımın atılması həm təhsil haqqında Qanunla, həm də Təhsil Nazirinin F-399 nömrəli əmri ilə ziddiyyət təşkil edir.

Məktəb bir ailədir. Əgər bir rəhbər öz ailəsinə tərbiyə verib idarə edə bilmirsə, öz uşağını məktəbə göndərə bilmirsə, bu rəhbər 504 nəfər şagirdə və 200 — yaxın müəllimi olan böyük bir kollektivə necə rəhbərlik edə bilər?

Mövzuya qayıdacağıq.

Deryaz Oraqov

Paylaş