Azərbaycanın Zəfər gününə sayılı günlər qalıb. Bu baxımdan son günlər sosial şəbəkələrdə sözügedən tarixi hadisə ilə bağlı Bakıda hərbi paradan keçirilməsinə dair məlumatlar yayılıb. Lakin bununla bağlı rəsmi məlumat verilməyib.
Mövzu ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Sfera.az-a açıqlamasında deyib ki, hərbi paradlara əvvəlcədən hazırlıqlar olur:
“Hərbi parad elə-belə keçirilmir ki? Hələlik bununla bağlı nə göstəriş var, nə də hazırlıqlar. Zəfər günü tarixi də çatmaq üzrədir. O baxımdan düşünmürəm ki, həmin tarixdə Bakıda hərbi parad təşkil edilsin”.
Müsahibimiz Zəfər günündə başqa tədbirlərin görülməsini isə istisna etməyib:
“Hərbi parad olmasa da, şəhərdə hərbi hissələrin bölmələri yürüş keçirə bilər, yaxud bu formada digər tədbirlər təşkil edilə bilər. Paradla bağlı isə qeyd etdiyim kimi, heç bir göstəriş yoxdur”.