“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.Korrupsiya.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib. Şahid qismində ilk olaraq “Azər-İlmə” MMC-nin direktoru işləyən Xəqani Talıbov ifadə verib. Şahidin ifadəsi zamanı məlum olub ki, o, direktor olana qədər şirkətdə çayçı işləyib: “Vidadi Muradov ilə qohum deyiləm, amma qohumdan yaxın, can-ciyər idik. Buna görə də kömək etdi direktor oldum. Vidadi Muradovun oğlu Aydın Muradov da mənim müavinimdir”.

Şahidin ifadəsinə münasibət bildirən dövlət ittihamçısı nəyə görə Vidadi Muradovun oğlunu yox, onu direktor təyin etdiyini soruşub. Xəqani Talıbov ona cavab olaraq bunları deyib: “Hər hansı bir universitet bitirməmişəm, orta təhsilim var. Dediyim ki, mərhumla can-ciyər idik, ona görə də məni direktor təyin etdi. Hazırda da direktor işləyirəm. Möhtərəm hakim, inşallah, işə xitam verilsin yığışıb bir çay içərik”.

Daha sonra şahid qismində özəl şirkətlərin birində icraçı direktor işləyən Yaşar Ələkbərov ifadə verib. Şahid bildirib ki, Vidadi Muradovun Həsən Əliyev küçəsində yerləşən evində də təmir işləri aparıblar. Həmin təmir zamanı da 800 min manatdan artıq vəsait xərclənib: “2018-ci ildə “Azərxalça”nın inşaat işlərində iş aparmaq üçün təkliflərimizi verdik. Bununla bağlı tender də keçirilməmişdi. ASC ilə müqaviləni də mən bağlamışam. Bundan sonra 13 müəssisədə aparılan işlərdə icraçı direktor olmuşam. İstintaq zamanı verdiyim ifadəni də təsdiq edirəm. İş həcmində olan çatışmazlıqlarla da razı deyiləm”.

Məhkəmədə prokuror şahidin ifadəsinə etiraz edərək hazırkı ifadəsi ilə əvvəlki ifadələri arasında ziddiyyətlər olduğunu deyib:

“Deyirsiz ki, mənimsəmə olmayıb, bəs necə olur, yazmısız ki, Şabranda yerləşən şirkətlərin birinə iki nasos quraşdırılıb, amma faktiki olaraq orda nasoslar yoxdur”.

Bundan sonra ifadə verən müəssisə direktoru istintaq zamanı verdiyi ifadənin əsas götürülməsini xahiş edib. Şahid qeyd edib ki, sadəcə olaraq, baş podratçı müqaviləsində aparılan işlərin sifarişçi ilə razılaşdırılmaqla görülməsi göstərilib.

Dövlət ittihamçısı şahidə sual verərkən ondan istintaq zamanı “Vidadi Muradovun qanunsuz sifarişləri olurdu” ifadəsinə aydınlıq gətirməsini istəyib. Şahid bildirib ki, bütün işlər baxıldıqdan sonra görülüb, Vidadi Muradov ilə hər hansı pul bölünməsi olmayıb.

Daha sonra özəl şirkətlərdən birində direktoru işləyən Vüqar Yusifov ifadə verib.

Şahid bildirib ki, V. Muradov tərəfindən şirkətə əlavə işlər də gördürülüb. Hazırda da 973 min manatlıq iş aparılır.

“Azərxalça” ASC-də baş mühasib işləyən Fuad Eminov da istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib: “Əvvəlki ifadəmi təsdiq edirəm. Mən satınalma işləri ilə maraqlanmamışam. Hazır sənədlər gəlirdi, mən də hazırlayıb pulu köçürürdüm.

Prosesdə ifadə verən qurumun dizayneri də istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirib ki, o, sadəcə yaradıcılıq işləri ilə məşğul olub.

Proses dekabrın 15-də davam etdiriləcək.

Paylaş