Bakıda Azərbaycan-Macarıstan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib. Forumda hər iki ölkədən aidiyyəti qurumların nümayəndələri, kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlərin rəhbərləri iştirak ediblər.

Korrupsiya.az xəbər  verir  ki, Biznes forumun açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlardan danışıb, kənd təsərrüfatının qeyri-neft sektorunun inkişafında mühüm rola malik olduğunu qeyd edib, aqrar sahənin inkişafının ölkəmizdə prioritet olduğunu diqqətə çatdırıb. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyindən, bu istiqamətdə aparılan islahatlardan söz açan nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sektorun bütün sahələrinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.

Bildirilib ki, Azərbaycanda kənd təsərrüfatı fəaliyyətinin vergidən azad edilməsi, kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarının liberallaşdırılması xarici şirkətlər, o cümlədən Macarıstanın aqrar sahədə ixtisaslaşmış şirkətləri üçün geniş investisiya imkanları yaradır: “Bu gün keçirilən yüksək səviyyəli tədbir Azərbaycanla Macarıstan arasında ümumi işgüzar maraqların və yüksək səviyyəli əlaqələrin inkişafından xəbər verir. Forum biznes sektoruna kənd təsərrüfatı sahəsində ən yaxşı təcrübələrini bölüşmək və mövcud tərəfdaşlığı daha da inkişaf etdirmək üçün mühüm şərait yaradır. Ümidvaram ki, hər iki ölkənin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri əməkdaşlığı daha da inkişaf etdirmək üçün ikitərəfli görüşlər keçirmək şansından maksimum yararlanacaqlar”.

Nazir İnam Kərimov 2020-ci ildə Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini xatırladıb: “Qarşıdakı illər üçün əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması və onların dəyər zəncirlərinə inteqrasiyasıdır. Bu ərazilərin geniş kənd təsərrüfatı potensialı var və azad olunmuş torpaqlar Yaşıl Enerji Zonaları elan edilib. Bu ərazilərdə kənd və şəhərlərin inkişafı “Ağıllı şəhər” və Ağıllı kənd” konsepsiyasına əsaslanacaq. Bunu nəzərə alaraq, Macarıstan şirkətlərini ən yaxşı texnologiya və təcrübələrini Azərbaycanla bölüşə bilərlər”.
Biznes forumda çıxış edən Macarıstan kənd təsərrüfatı naziri İstvan Nagy Azərbycanla əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu deyib. Ölkəsinin Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq etdiyini deyən nazir xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının mövcud olduğunu bildirib: “İqlim dəyişiklikləri, o cümlədən son 2 ildə pandemiya dünya iqtisadiyyatının bütün sahələrinə təsir göstərib. Bu baxımdan əməkdaşlığın inkişaf etdirilməsində ən böyük rollardan biri biznes qurumların üzərinə düşür və kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlərin əməkdaşlığı yekun nəticədə ölkələrin aqrar sahədə əməkdaşlıq imkanlarını genişləndirir. Azərbaycanla Macarıstan qarşılıqlı ticarət dövriyyəsini artırmağa çalışmalıdır. Bu sahədə əsas məsuliyyət həm də böyük şirkətlərin üzərinə düşür. Ümidvaram ki, biznes forum çərçivəsində Macarıstan və Azərbaycandan olan iş adamlarının keçirəcəyi təkbətək görüşlər, aparacaqları fikir mübadiləsi yekunda iki ölkə arasında əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcək”.

Daha sonra biznes forumda Azərbaycan və Macarıstan kənd təsərrüfatı potensialına həsr olunmuş təqdimatlar keçirilib.

Tədbirin açılış mərasimindən sonra Azərbaycan və Macarıstan kənd təsərrüfatı nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin görüşü keçirilib. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub. Azərbaycan-Macarıstan kənd təsərrüfatı məsələləri üzrə İşçi Qrupun ilk iclasının nətuicələrinin yüksək dəyərləndirən tərəflər növbəti iclasın yanvar ayında keçirilməsi barədə ilkin razılaşma əldə ediblər. Müzakirələrdə hər iki ölkənin aqrar təhsil, aqrar tədqiqatlar və heyvandarlıqda süni mayalanma sahəsində texnologiya mübadiləsi barədə əməkdaşlıq məsələlərinə də toxunulub.

Forum işini panel sessiyalarda davam etdirib.

Paylaş