1. Korrupsiya.az xəbər verir ki, ölkəmizdə biznes və investisiya mühitinin inkişafı istiqamətində görülən sistemli tədbirlərinin məntiqi davamı olaraq bu sahədə sahibkarların və digər aidiyyəti hədəf qruplarının hüquqi maarifləndirilməsi işinə də xüsusi əhəmiyyət verilir.
    Belə ki, cari ilin 17 dekabr tarixində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Auditorlar Palatasının birgə təşkilatçılığı və Maliyyə Monitorinqi Xidməti, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, vətəndaş cəmiyyəti institutları, ali təhsil ocaqları, sahibkarlıq subyektləri, o cümlədən  digər qurumların 300-dən artıq nümayəndəsinin iştirakı ilə hibrid formatda “Özəl sektorda anti-korrupsiya standartları” mövzusunda seminar-müşavirə keçirilmişdir.
    Tədbirin açılışında çıxış edən Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov ölkəmizdə uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində maliyyə şəffaflığının və azad rəqabətin tam bərqərar olunduğunu, bürokratik əngəllərin aradan qaldırıldığını qeyd edərək, mövcud nailiyyətlərin əldə edilməsində vahid strateji yanaşmanın ayrılmaz tərkib hissəsi kimi effektiv korrupsiyaya qarşı mübarizə siyasətinin də önəmli payı olduğunu bildirmiş, eləcə də bu istiqamətdə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə aparılan belə maarifləndirici tədbirlərin qabaqlayıcı əhəmiyyətindən bəhs etmişdir.
    Daha sonra çıxış edən Auditorlar Palatasının sədri Vahid Novruzov ölkəmizdə sahibkarlığın inkişafına və fəaliyyətinə hər hansı formada müdaxilənin qarşısının alınması ilə bağlı görülən tədbirlərin iqtisadi islahatların yeni mərhələsinə təkan verməsinə, habelə kölgə iqtisadiyyatı və korrupsiyaya qarşı daha kəsərli mübarizəyə zəmin yaratdığını bildirmiş, auditorların özəl sektordakı rolundan, eləcə də cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə sahəsindəki əhəmiyyətindən bəhs etmişdir.
    Tədbirin davamında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən hazırlanmış “Özəl sektorda anti-korrupsiya standartları” vəsaitinin təqdimatı həyata keçirilərək materialda əks etdirilmiş sahibkarlıq subyektlərində korrupsiyaya qarşı mübarizə, korrupsiya risklərinin idarə edilməsi, maraqlar toqquşması hallarının qarşısının alınması, qeyd olunan sahədə audit yoxlamalarının əhəmiyyəti və hüquqi şəxslərin cinayət məsuliyyəti kimi mövzular üzrə geniş məlumat verilmişdir.
    Bundan sonra müvafiq olaraq Auditorlar Palatasının nümayəndələri Altay Cəfərov, Elnur İbrahimov, Nəcəf Talıbov, Vəli Rəhimov və Səftər Vəlizadə, habelə prokurorluq əməkdaşları Tural Vəlibəyov, Pirayə Səmədzadə-Əliyeva, Anar Əliyev, Kamil Kamilli, Vasif Musayev və Vəlixan Allahverdov korrupsiyaya qarşı mübarizədə beynəlxalq audit standartlarının rolu, risklərin qiymətləndirilməsi, auditor sübutu və onlardan istifadə kimi əlaqədar mövzular üzrə ətraflı çıxışlar etmişdir.
    Tədbir zamanı səmərəli fikir mübadiləsi aparılmaqla iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Paylaş