Qulluq stajına görə əlavələrlə pensiya təyin edilən şəxslərə gələcəkdə veriləcək artımlar yeni qaydada hesablanacaq.
Korrupsiya.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib. Onun özlərinə görə, hesablamalar zamanı müəyyən olunub ki, onların əmək haqqılarında olan təxminən 20 faizlik artım həmin şəxslərin pensiyalarına cəmi 9,2 faizlik təsir edib:
“Amma əvvəlki illərə nəzər salsaq görərik ki, pensiyalar kifayət qədər böyük həcmdə ölkə üzrə indeksasiya olunur. Məsələn, keçən il indeksasiya 11,4 faiz, ondan əvvəlki ildə isə 16,6 faiz həcmində olub. Sığorta prinsipi ilə pensiya alan şəxslərin pensiyalarının indeksləşdirilmə üzrə artımları həmin şəxslərin əmək haqqılarındakı artımlar üzrə təsirini daha da üstələyir”.
DSMF sədri qeyd edib ki, bu nəzərə alınmaqla həmin şəxslərə dövlət qayğısının gücləndirilməsi, onların pensiyalarının hər il artırılması və həmin pensiyaçıların maddi rifahının yüksəldilməsi üçün bu addım atılıb:
“Onların pensiyalarının əmək haqqı ilə bağlı deyil, indeksləşdirmə ilə artırılması metoduna keçirilib. Növbəti ildən bu metodologiya əsasında həmin şəxslərin pensiyalarının artımlarılması üçün qanunvericiliyə dəyişiklik hazırlanır”.