Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli Sərəncamına əsasən, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2022-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin məbləği 3,4 faiz indeksləşdirilərək artırılıb.
Korrupsiya.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bundan əlavə, əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) rüb ərzində 50 manat məbləğində, ümumilikdə il ərzində 200 manat olmaqla maddi yardım ödəniləcəkdir.
Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi muxtar respublika üzrə 40 min əmək pensiyaçısına şamil edilib. İndeksasiyanın həyata keçirilməsi məqsədilə fondun büdcəsindən hər ay 390 min manat, maddi yardımın ödənilməsi üçün isə rübdə 2 milyon manat əlavə vəsait ayrılıb. Qısa müddət ərzində fondun yerli qurumları tərəfindən pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi, həmçinin müvafiq şəxslərə maddi yardımın ödənilməsi prosesi başa çatdırılıb. Hesablanmış vəsaitlər pensiyaçıların ödəniş kartlarına və ya qeydiyyatda olduqları ünvanların poçt bölmələrinə köçürülüb.
Əmək pensiyalarının sığorta hissəsində müvafiq artımların aparılması ilə yanaşı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq muxtar respublikada fərdi uçot sistemində qeydiyyatda olan 182 min 512 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı məbləğləri də indeksləşdirilməklə 6,7 faiz artırılıb.