Rusiya neftindən imtina edən ABŞ daha qısa zamanda yeni alternativlər tapmağa çalışır. Hətta Venesueladan daha çox neft idxal etmək üçün danışıqlar da aparılır. x Korrupsiya.az xəbərverir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ABŞ sanksiyadan əvvəl Rusiyadan idxal etdiyi gündəlik 670 min barel nefti daha qısa müddətdə başqa mənbə hesabına əvəzləməklə dünya petrol bazarında kəskin qiymət artımlarını əngəlləmiş olacaq:
“Digər tərəfdən, Birləşmiş Ştatlarda benzinin qiyməti tarixi rekordadək yüksəlib. Neftin dünya bazar qiymətindəki artımlar digər məhsullarının da qiymət artımını şərtləndirir. Bütün bunlar fonunda, dünən neft birjalarında volatillik qeydə alındı. Belə ki, 1 bareli 130 dolları keçən Brent markalı neftin qiyməti 110 dollaradək azalsa da, sonra 3 faizə yaxın artım qeydə alındı. Hazırda neft 114 dollara təklif olunur. Qiymət azalmalarının səbəbi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) hasilatın artırılması ilə bağlı açıqlama verməsi oldu. Gözlənilir ki, OPEC+ alyansında Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-ın hasilatı artırmaq istəyinə dəstək olacaqlar. OPEC ötən aydan etibarən gündəlik hasilatı 560 min barel artırıb. Sanskiyalar fonunda isə Qərb üçün daha böyük həcmdə artımlara ehtiyac var”.
Deputat qeyd edib ki, sanskiyalar nəticəsində boşalmaqda olan neft bazarını qısa zamanda doldurmaq texniki baxımdan real görünmür:
“Buna görə də, dünən azalan qiymətlər yenidən yüksəlməyə başladı. Görünən odur ki, Vaşinqton neftin yüksək qiymətlərində maraqlı olmadığı üçün OPEC-in hasilatı mümkün qədər qısa zamanda artırmasına çalışacaq. Bu da qiymətlərin kəskin artımının qarşısının alınması üçün yetərli ola bilər. Amma hələlik neft birjaları daha çox bəyanatlar ilə idarə olunur. Bazarlar isə real neft tələb edir”.