Dünya ərzaq bazarında qiymət artımları son günlər daha da sürətlənib.
Korrupsiya.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, artıq bir sıra ölkələr ərzaq qıtlığı problemi ilə rastlaşır:
“BMT ərzaq məhsullarının qiymətində növündən asılı olaraq 30 faizədək artım olacağı və qlobal yoxsulluğun dərinləşəcəyi barədə xəbərdarlıq edib. Müharibə 68 milyard 240 milyon dollarlıq illik ixracatı olan Ukraynanın eksport imkanlarını praktik olaraq minimumlaşdırıb. 332 milyard 200 milyon dollar illik ixracatı olan Rusiyanın bir sıra ərzaq məhsullarının yalnız daxili istehlaka yönəltməsi də qlobal bazarda təklifi azaldıb. Ərzaq tələb isə artmaqda davam edir”.
Deputat bildirib ki, artıq əksər ölkələr preventiv addımlar atmağa başlayıblar: “Azərbaycanda Nazirlər Kabinetinin 28 ərzaq məhsulunun ixracatının tənzimlənməsi ilə bağlı qərarı da məhz önləyici məqsəd daşıyırdı. Doğrudur, söhbət sadəcə 88.3 milyon dollarlıq ərzaq ixracatından gedir. Bu, Azərbaycanın ümumi qeyri-neft ixracatının cəmi 3.3 faizini təşkil edir. Bu baxımdan, Nazirlər Kabinetinin son qərarı ümumi ixracata xüsusi təsir etməyəcək. Bununla yanaşı, qlobal və regional bazarlardakı qeyri-müəyyənlik fonunda preventiv tədbirlərin güclənməsi çox vacib idi”.
V.Bayramov qeyd edib ki, Azərbaycanda ərzaq qıtlığı müşahidə edilməsə də, əsas ərzaq məhsulları üzrə idxaldan asılılığın tam və ya əsasən aradan qaldırılması prioritetləşib:
“Digər tərəfdən, 2025-ci ilədək dünya bazarında ərzağa tələbin artmaqda davam edəcəyi gözlənilir. Hətta 3 il sonra qlobal bazarda daha ciddi qıtlığın olacağı istisna deyil. Bu baxımdan, strateji ərzaq məhsullarının yerli istehsalının genişləndirilməsi və xüsusən işğaldan azad olunan ərazilərimizin potensialından daha qısa zamanda istifadəyə başlanılması çox önəmlidir. Bütövlükdə, dünya sadəcə qiymət artımları ilə deyil, həmçinin ərzaq qıtlığı ilə üz-üzədir. Hər bir ölkə bu mərhələdən daha az itki ilə çıxmağa çalışacaq”.