Nə xoşdur bu…
Köçüm gedir!..
Qarabağa, Şərqi Zəngəzura!..
Qəlbim sevincdən kükrəyir, yəhər tutub atlanır…
Elə bil arzularımızın çin olduğu şirin bir yuxunun içindəyik.
Doğma torpaqlar dirçəlir, yurdlar qurulur, ocaqlar çatılır.
Elat geri dönür, neçə həmvətənim illərin həsrətindən sonra öz doğma yuvasına qovuşur, beləcə, doğma yurda köç gedir, hamı elliklə sevinir ki, qarşıdakı günlərdə də bu müqəddəs köç davam edəcək…
Göz dolusu baxıram… Sevinirəm… Qürurlanıram!..
Dönüb bir baxsana, gör yollar köç karvanları ilə necə də nəfəs alıb yaşayır…
Köç gedir, gedişi ilə köçkünlüyü də dəfn edir özü ilə…

***
Bu, böyük köçdür, bu, böyük başlanğıcdır, biz bu günü illərlə gözləmişik, bir igidin ömrü qədər müddətdə ürəyimizi köz kimi dağlayan həsrəti bu günün ümidləri ilə ovutmuşuq.
Şükür qovuşdurana – çox şükür!
İradəsi ilə, fəhmi ilə, qətiyyəti ilə bizi bu günlərə yetirmiş Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bitib-tükənməyən alqışlar!..
Od-ocaq yerlərimizi canları-qanları bahasına düşməndən təmizləyib yolumuzu açmış igidlərimizin qeyrətinə qurban…
Qısa müddətdə Qarabağda, Şərqi Zəngəzurda başqalarının bir qəpiyinə də möhtac qalmadan öz imkanları hesabına böyük işlər görən, erməni vandallarının illərlə vəhşi kimi dağıdıb-tökdükləri yurdlarımızı aylar içində dirçəldib ayağa qaldıran, torpaqlarımıza həyat gətirən müstəqil dövlətimizin qoluna qüvvət, qazancına bərəkət.
Min bərəkət!..

***
Evinin köç yükünü, dəm-dəsgahını maşınlara yükləyib Zəngilana doğru yola çıxan soydaşlarımızın çöhrəsi bayaqdan bəri gözlərimin önündədir. Hamının üzü gülür,  gözlərdə sevinc yaşları silələnib, bir-birinə sarılıb, gözaydınlığı verirlər…
Necə də kövrək anlar, xoş mənzərədir bu!..
Təxminən otuz il əvvəl işğalın ağrı-acılarından, qarşıda onları gözləyən həyatın mübhəmliklərindən, evsiz-eşiksiz ağır həyatın məşəqqətlərindən gözləri solan, bənizləri sozalan insanların baxışlarında indi parlaq bir işıq var, bu gələcək səmtindən düşən işıqdır, insanlar bu işığı tutub yola çıxıblar: əbədi bir işığı…
Bu, illərin həsrət və intizarının bitdiyi anın portretidir – Tarixi Anın portreti!..
Yolunuz uğurlu, köçünüz xeyirli olsun, əziz həmvətənlərim!..

***
Ağalı camaatı, Ağalı elatı indi öz qibləsinə üz tutub, doğma kəndinə, yurduna, çölünə, dağına-dərəsinə köçür.
Xoş gördük, doğma elim!
Qədəmləriniz mübarək, əzizlərim!..
Bu insanlar işğalın ilk aylarındakı kimi ağır çətinliklər, çarəsizliklər içində deyildilər daha. Dövlətimiz tədricən hamısını yerbəyer etmişdi, ölkənin müxtəlif yerlərində yaşamaları üçün binalar tikmişdi, abad, qurulu mənzillər vermişdi, dolanışıq problemləri də bir şəkildə həllini tapmışdı.
Amma bu insanlar doğma yurddan uzaqdakı o mənzilləri də, gündəlik iş-güclərini də qoyub gedirlər, çünki torpaq ruhuyla çəkir, ən böyük xoşbəxtliyin öz yurdunda, öz ocağında olduğunu anladır.
Dövlətimiz bu torpaqlarda böyük bir gələcək qurur, insanlar dövlətimizə də, bu torpaqların gələcəyinə də qəlbən inanırlar.
Və köçürlər…
Və qayıdırlar…
Böyük köçlə, böyük qayıdışla!..
Böyük qayıdışın mübarək, Vətən!..
Nə deyim…
Vətənin o başı, bu başı olmaz, əzizim. Azərbaycanın hər yeri doğmadır, hər yeri evimizdir, ocağımızdır, amma insanın öz yurdunun, öz ocağının, öz kənd-kəsəyinin hüsnü başqadır.
Tamam bambaşqa…
Bu, yaşayış yeri, iş yeri məsələsi deyil ki…
Bu, ruh halıdır – ruhun cismə, cismin torpağa qovuşmasıdır…
Ağalıların köç yükündə gül dibçəkləri də dəydi gözümə – köçkünlük illərində mənzillərində əkib-becərdikləri, torpağın ətrini, təbiətin rəngini tamarzı kimi duyduqları güllər.
Bu güllərin kökləri tezliklə doğma torpaqlarda rişələnəcək.
Bu güllər həsrətli doğma yurdlarda daha gözəl görünəcək.
Onların əhatəsində böyük-böyük çinarlar da səmaya tərəf boy atacaq.
Nə xoş mənzərələr…
İsti və işıqlı tablolar…

Paylaş