“Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələrin maaşları Vahid Tarif Cədvəli (VTC) ilə tənzimləndiyi üçün onların əmək haqqları yanvarın 1-dən etibarən artırılıb. Bununla bağlı, Nazirlər Kabineti tərəfindən qərar da qəbul olundu. Bu aydan etibarən VTC dərəcələrində orta hesabla 15.0 faiz artım həmin işçilərin maaşlarına əlavə olunacaq”.

“Korrupsiya.az” xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir:

“Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əmək haqqları son artımlara aid olundu. Elm və Təhsil Nazirliyinin və TƏBİB-in hər birinin ayrıca əmək haqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlarda təşkil edilən qiymətləndirmələr də məhz bununla bağlıdır. Belə ki, yüksək məhsuldarlığa daha çox ödəniş.

Bu sektorlar üzrə çalışan və əmək haqqları minimum səviyyədən aşağı olanların maaşları artırılıb. Çünki, heç bir sektorda minimum əmək haqqı məbləğindən az maaş verilə bilməz. Yəni, əgər kimsə təhsil və səhiyyə sektorunda çalışırsa, əmək haqqısı 300 manat idisə, o vətəndaşlarımızın maaşları artıq artırılıb.  Hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqqları müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkün hesab olunur. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir. Çünki bu sektorlar üzrə uyğunlaşdırma üçün 1 ay zaman ayrılmışdı”.

Paylaş