Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də keçiriləcək imtahanlarda iştirak edəcək abituriyentlərə (şagirdlərə) müraciət edib.
DİM-dən “Korrupsiya.az”a bildirilib ki, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də keçiriləcək.
“İmtahana buraxılış vərəqəsi”ndə iştirakçıların hansı rayonda (şəhərdə) imtahan verməli olduqları haqqında məlumat qeyd olunub.
Aprelin 2-də aşağıdakı imtahanlar keçiriləcək:
1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.
1-3-cü kateqoriyaya aid olan şəxslər buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=9 keçidindən istifadə etməlidirlər.
4-6-cı kateqoriyaya aid olan şəxslər imtahana buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=56 keçidindən istifadə etməlidirlər.
İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, iştirakçının imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.c