Şirvan Apellyasiya Məhkəməsində Arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Xanoğlan Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası sentyabrın 13-nə təyin edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: 2022-ci il iyulun 21-i saat 6 radələrində İmişli rayon sakini Günel Abdullayevanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1983-cü il təvəllüdlü Xanoğlan Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Günel Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Xanoğlan Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İttihama görə, o, arvadını qısqanclıq zəminində öldürmək istəyib.