Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri və ermənilərin mina terroru Moldova kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, “Noi”, “Timpul”, “Point”,”BreakingNews”, “Realitatea”, “Rupor”, “Ava” və digər xəbər portallarında dərc olunan məqalələrdə azərbaycanlı polis əməkdaşlarının Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olduqları bildirilir. Eyni zamanda, iki mülki şəxs də ermənilərin mina terrorunun qurbanı olub. Qeyd olunur ki, terror aktı ilə əlaqədar Azərbaycan təhlükəsizlik orqanları araşdırmaya başlayıblar.

Saytlarda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə istinadla bildirilib ki, Azərbaycan Qarabağdakı antiterror tədbirlərinin əsas məqsədlərini yerinə yetirməyə yaxındır, bəzi hərbi hədəflər zərərsizləşdirilib. Antiterror tədbirlərini dayandırmaq üçün qeyri-qanuni erməni hərbi birləşmələri ağ bayraq qaldırmalı, bütün silahları təhvil verməli və qeyri-qanuni rejimi ləğv etməlidir.

Məqalələrdə, həmçinin, lokal antiterror əməliyyatları ilə bağlı Müdafiə, Xarici İşlər nazirliklərinin yaydığı bəyanatlar, keçirilən brifinqlərdə səsləndirilən fikirlərə də yer ayrılıb.

Paylaş