Şəki Apellyasiya Məhkəməsində Ağsuda ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən İlkin Vəliyevin barəsindəki verilən hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, 2022-ci il dekabrın 13-də saat 21 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin sürücüsü İlkin Yusif oğlu Vəliyev idarə etdiyi xidməti avtomobillə piyadanı vurub. Nəticədə piyada, rayonun Qaraqaşlı kənd sakini Natiq İlyaz oğlu Bəkirov hadisə yerində ölüb. İlkin araşdırmalar zamanı təcili tibbi yardım maşınının sürücüsünün hadisə vaxtı sərxoş halda olması müəyyən edilib. Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, İlkin Vəliyev cinayət məsuliyyətinə cəlb edilib.

Paylaş