Hesablama Palatası Anar Kərimovun nazir olduğu dönəmdə yeyinti faktları ilə bağlı şok məlumatlar açıqladı – müvafiq materiallar Baş Prokurorluğa göndərilib

Hesablama Palatasından verilən məlumata görə, audit Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi  və Kino Agentliyi publik hüquqi şəxs tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi və  bunun üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsini yoxlayıb.

Yoxlama 2022-ci ili və 2023-cü ilin 1 avqust tarixinədək olan dövrü əhatə edib. Auditlə nazirlik və agentlikdən əlavə olaraq C.Cabbarlı adına “Azərbaycanfilm”, “Salnamə” və “Filming Azerbaijan” studiyaları,  Azərbaycan Dövlət Film Fondu əhatə olunub. Tabelikdə olan studiyalara auditlə əhatə olunan dövrdə dövlət vəsaiti ayrılmayıb və icra edilməyib. Audit ümumilikdə 10 milyon 700 min manat vəsaiti əhatə edib.

Məlum olub ki, keçirilmiş müsabiqələrin nəticəsi kimi seçilmiş layihə və ssenarilər üzrə müqavilələr bir çox hallarda bağlanılmayıb, növbəti illərdə isə yenidən analoji müsabiqələr keçirilib. 2015-2020-ci illərdə 282 min 500 manat məbləğində satın alınmış 20 ssenari üzrə film istehsal edilməyib.

2022-ci ili əhatə edən müsabiqə gecikdirmələrlə icra olunub, 2023-cü ildə isə auditin əhatə etdiyi dövrün sonunadək müqavilələr bağlanılmayıb və layihələrin icrası təmin olunmayıb, vəsaitin icra səviyyəsinin aşağı olması da məhz bu amillərlə bağlı olub.

Auditin əhatə etdiyi illərdə müsabiqələrdə iştirak etməyən filmlər də maliyyələşdirilib, 2 dövlət studiyasına 922 min 100 manat, digər studiyalar üzrə 6 filmə 3 milyon 500 min manat büdcə vəsaiti əvvəlki illərdə müsabiqədənkənar layihələr üzrə yönəldilib.

Seçilmiş ssenarilər üzrə çəkilməsinə qərar verilmiş bəzi filmlər müxtəlif səbəblərdən konservasiya edilib. Bu da maliyyələşdirilmiş hissə üzrə vəsaitin səmərəsiz xərclənməsinə yol açıb. Bu halların bəziləri üzrə, ümumiyyətlə, filmin istehsalının başlanılması barədə müvafiq əmr verilməyib, həmçinin film istehsalı işlərinin müvəqqəti dayandırılması və ya xitam verilməsi müvafiq əmrlə rəsmiləşdirilməyib. 2022-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə bağlanmış 3, “Salnamə” studiyası ilə bağlanmış 1 müqavilənin icrası başa çatdırılmayıb, həmin müqavilələr üzrə 304 min 700 manat vəsait ödənilib.

Dövlət sifarişlərinin yerinə yetirilməməsi səbəbindən bir sıra hallarda kinostudiyalarla bağlanılmış müqavilə çərçivəsində filmlərin istehsalına ayrılmış vəsaitin icra prosesində təyinatının dəyişdirilməsi hallarına yol verilib, bəzi hallarda isə müştərək maliyyələşmə üzrə öhdəliklər yerinə yetirilməyib və bu məqamlar da filmlərin ilkin dəyərinin artıq müəyyənləşdirildiyini qeyd etmək imkanı verir. Həmçinin bağlanılmış müqavilənin şərtləri pozularaq çəkilmiş filmin müstəsna yayım hüququnun nazirliyin razılığı alınmadan üçüncü şəxsə verilməsi halı da müəyyən olunub.

Nazirlik tərəfindən tədbirlərin keçirilməsi ilə bağlı satınalmalarda ehtimal olunan qiymətin bir çox hallarda müəyyənləşdirilməməsi eyni xidmət üzrə fərqli qiymətlərin formalaşmasına səbəb olub. Müqavilələrin düzgün tərtib edilməməsi və qüvvədə olan normalara əməl olunmaması artıq xərclərə yol açıb.

Dövlət büdcəsindən filmlərin çəkilməsi və tədbirlərin keçirilməsi üçün ayrılmış vəsait hesabına xarici ölkələrdə və respublika daxilində keçirilən kino tədbirlərində iştirak etmək üçün bəzi hallarda xərclər təkrar maliyyələşdirilib, həmçinin xarici ölkələrdə fəaliyyət göstərən rejissorların dövlət sifarişi ilə çəkilməyən filmlərinin festivallarda iştirakının maliyyələşdirilməsinə vəsait ödənildiyi müəyyən olunub.

 

Dövlət sifarişi əsasında 2022-2023-cü illərdə istehsalı başa çatdırılmış 15 bədii, sənədli və animasiya filmi beynəlxalq festivallarda iştirak etməyib. Bəzi hallarda filmlərin çəkilişində iştirak edən digər icraçılar tərəfindən hesabatlılığın təmin edilməməsi məqsəd-nəticə uyğunluğunun qiymətləndirilməsi imkanlarını məhdudlaşdırıb, eyni işlər üzrə təkrar ödəmələrin aparılması və filmlərin tam dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi ilə nəticələnib.

Vergi qanunvericiliyinin tələblərinin gözlənilməməsi dövlət büdcəsinin gəlirləri ilə bağlı öhdəliyin tam yerinə yetirilməməsi ilə nəticələnib. Film istehsalı ilə bağlı bağlanan mülki-hüquqi müqavilələr üzrə ödəmələrin təsdiq olunmuş haqlara uyğun nəzərdə tutulmaması və aylıq ödəniş haqqı nəzərdə tutulmayan istiqamətlərə vəsait ödənilməsi məqsədli ayırmalara əlavə tələbat formalaşdırıb.

Kinostudiyaların zəruri və müasir avadanlıqlarla təchiz olunmaması film istehsalının keyfiyyətinə təsir edən əsas amillərdən biri olub. Bu müəssisələr tərəfindən dövlət əmlakından səmərəli istifadə edilməyib və hesabatlılıqda nöqsanlara yol verilib. Mühasibat uçotunun müvafiq qaydada aparılması təmin olunmayıb. Qəbul edilmiş kollegiya qərarında aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin olma ehtimalı diqqətə alınaraq müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

 

Qeyd edək ki, audit olunan dövrdə mədəniyyət naziri Anar Kərimov olub. Ötən ilin dekabrının 22-də  dövlət başçısı Anar Kərimovun vəzifəsindən kənarlaşdırıb. O, bu postda bir ilə yaxın işləyib. Bundan öncə o, mədəniyyət nazirinin müavini olub. O vaxtkı nazir Əbülfəs Qarayev də nazirlikdəki korrupsiya ilə əlaqədar hay-küylü qalmaqaldan sonra vəzifəsindən azad edilib.

 

Anar Kərimovun təyinatından sonra onun müavini Elnur Əliyev də qalmaqallı şəkildə işdən çıxarılıb. Səbəb kimi korrupsiya göstərilib.

 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, sabiq mədəniyyət nazirin Əbülfəs Qarayev vəzifəsindən həm də kino korrupsiyasına görə çıxarılmışdı: “O zaman Milli Məclis tribunasından maliyyə naziri Samir Şərifov çox maraqlı faktlar açıqlamışdı. Məlum olmuşdu ki, Əbülfəs Qarayevin nazir olduğu dövrdə Azərbaycanda hər il kino sahəsinin dirçəldilməsi üçün dövlət büdcəsindən 8 milyon manat ayrılıb, həmin pulu cəmi 1 milyon 500 min manatı təyinatı üzrə xərclənib. Maliyyə nazirinin bu çıxışı Əbülfəs Qarayevin iştahasını küsdürsə də, nəticə etibarı ilə ortaya ölkə səviyyəli bir filmin çıxmasına yol açmadı. Şahidi olduq ki, Əbülfəs Qarayev müxtəlif mətbuat səhifələrində palaz-palaz yazılar yazdırmaqla kino sahəsinin inkişafını sübut etməyə çalışmaqla vəziyyətdən çıxmaq istəyir. Nəticədə Əbülfəs Qarayevin nazirliyində hüquq-mühafizə orqanlarının əməkdaşları “kino” çəkməli oldular. Əbülfəs Qarayevin müavini Rafiq Yasin oğlu Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir İmran oğlu Sultanov DTX kameraları qarşısında aktyorluq etmədilər. Rayon mədəniyyət idarələrindən pul yığdıqlarını, “otkat” aldıqlarını gizlətmədilər… Gözləmək olardı ki, bu şəkildə ifşadan sonra nazir postuna gətirilən Anar Kərimov Mədəniyyət Nazirliyinin divarları arasında baş verənlərdən nəticə çıxarıb. Audit nəticəsində ortaya çıxanlar deməyə əsas verir ki, Azərbaycanda “kino yemək” praktikası ən qaba şəkildə davam etdirilib”.

Natiq Ələsgərov deyib ki, Mədəniyyət Nazirliyi və Kino Agentliyi korrupsiyanın kökünü kəsmək üçün təcili addımlar atmalıdır: “Filmlərin çəkilişi üçün dövlət büdcəsində ayrılan hər bir manatın hesabatı tələb olunmalıdır. Maliyyə nizam-intizamı təmin edilməlidir. Əks təqdirdə, Azərbaycanın dövlət büdcəsində kino sahəsinə ayrılan milyonlar ortada “buxarlanacaq”, bizlər də Mədəniyyət Nazirliyində hüquq-mühafizə orqanları əməkdaşlarının çəkdiyi əməliyyat çəkilişlərinə baxmalı olacağıq”.

Paylaş