2023-cü ili geridə qoyduq. Azərbaycan iqtisadiyyatı ötən il pandemiyanın ağır nəticələrindən xilas olmağa çalışıb. Üç il əvvəl başlayan koronavirus pandemiyası qlobal iqtisadiyyata ciddi problemlər yaşatdı. Ekspertlərin çoxu 2023-cü ildə dünya iqtisadiyyatının pandemiyanın yaratdığı problemlərdən birdəfəlik yaxa qurtaracağını güman edirdi. Ancaq bir çox ölkə üçün bu, belə olmayıb.

Geridə qoyduğumuz il Azərbaycanda işğaldan azad olunmuş ərazilərimizin iqtisadiyyata inteqrasiyası daha da genişlənib, qeyri-neft sekorunda böyük artımlar qeydə alınıb.

Bəs, ekspertlər necə düşünür, 2023-cü il Azərbaycan iqtisadiyyatı üçün necə keçdi?

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, 2024-cü il Azərbaycanın iqtisadi və sosial sahədə heç də asan il olmayacaq:

“Çünki 2023-cü ildə Azərbaycanda iqtisadi artım templəri xeyli dərəcədə zəiflədi. Ümumdaxili məhsulun artımı 0,8 faiz oldu. Əsas məsələ iqtisadi artım tempinin yüksəldilməsi istiqamətində təşviq proqramlarının olmasıdır. Təəssüf ki, hələlik bununla bağlı ipucları görmürük. Təşviq proqramları iqtisadi canlanma üçün dünyanın hər yerində gömrük və vergi rüsumlarının azaldılması və yüksək həcmli kreditləşmə yolu ilə baş verir. Yəni kreditlər ucuzlaşır, vergilər azaldılır və iqtisadiyyat təşviq edilir. Bununla bağlı açıqlamalar yoxdur”.

N.Cəfərli neft qiymətləri ilə əlaqədar da iqtisadi azalma ola biləcəyindən danışıb:

“Azərbaycan üçün digər çağırış isə bizdə neft hasilatı azalır. Neftin qiymətində də azalmalar müşahidə olunur. ABŞ-da prezident seçkiləri olacaq. Demokratlar neft qiymətlərinin ucuz olmasına çalışacaqlar ki, benzin də ucuz olsun. Beləliklə də, Baydenin seçilmək imkanı olsun. Bu il neft qiymətlərində ucuzlaşmalar görə bilərik. Bu da ölkənin gəlirlərinin azalmasına səbəb ola bilər”.

İqtisadçı ekspert Pərviz Heydərov isə söyləyib ki, inflyasiya azala bilər:

“2023-cü ilin yanvar-noyabr ayları ərzində istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,4%-ə (yəni birrəqəmli həddə) ensə də, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə müvafiq rəqəm yenə ikirəqəmli (10,4%) qalırdı. Bu da bir daha onu göstərir ki, idxalın təsir və təzyiqi güclüdür.

Mərkəzi Bankın (AMB) 2024-cü ildə ölkədə illik inflyasiya gözləntisi 5-5,5% civarındadır. Bu barədə AMB-in 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilib. Qeyd olunub ki, xarici amillərin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə nəzərdə tutulan hədəfin özünü doğruldacağına yardım edəcək.

Şəxsi yanaşmam isə bundan ibarətdir ki, nəinki 2024-cü il, hətta növbəti 2-3 il ərzində də inflyasiyanın səviyyəsini qlobal bazarlardakı vəziyyət müəyyən edəcək və qlobal məkanda ciddi siyasi-hərbi hadisə baş verməsə, yəni böhran yaranmasa, enerjidaşıyıcıları üzrə qiymətlərdə “vulkan” püskürməsə, hər şey AMB-nin dediyi kimi olacaq. Əks halda, inflyasiyanın birrəqəmli, yoxsa ikirəqəmli olacağını birmənalı olaraq iddia etmək mümkün deyil.

Yeri gəlmişkən, burada hökumətin tənzimlənən qiymətlərə dair nə kimi siyasət yürüdəcəyi də mühüm rol oynayacaq. İl ərzində tənzimlənən qiymətlər – benzin, enerji, su, qaz üzrə tarif dəyişikliyi olmasa, inflyasiya azalacaq. İl ərzində manatın məzənnəsində heç bir dəyişiklik olmayacaq.

Əvvəla, bizdə manatın dəyəri üzən məzənnə rejimi əsasında formalaşıb, ikincisi də neftin dünya bazar qiymətləri əlverişli olduğundan və 2024-də də əlverişli səviyyədə qalacağından milli pul vahidimiz əslində, möhkəmlənməyə meyillidir. Valyuta bazarındakı bu tarazlıq həm də inflyasiyanı cilovlamağa kömək edir.

Odur ki, AMB-nin də və ümumən dövlətin də xarici valyuta ehtiyatları ardıcıl olaraq artmaqda davam edir. Adıçəkilən qurumun 10 milyard 615,9 milyon ABŞ dollarlıq ehtiyatı ilə birgə strateji valyuta ehtiyatlarımız 68,3 milyard ABŞ dollarına bərabərdir”.

P.Heydərov bank sektoru ilə bağlı da danışıb:

 

“Bank sektoruna dair gözləntilərə gəldikdə isə, 2023-cü ildə AMB tərəfindən iki bankın lisenziyası geri alındıqdan sonra 23 bank fəaliyyət göstərir ki, 2024-də daha bir neçə bankın sıranı tərk edəcəyi istisna deyil. Düzdür, AMB-nin ümumən makroiqtisadi və maliyyə sabitliyini qoruyub saxlamağa dair siyasəti nəticəsində bankların kənar şoklara qarşı dayanıqlığı, həmçinin kapitallaşma və müvafiq risklər üzrə prudensial tələblər xeyli gücləndirilmiş və kredit portfeli müsbət dinamika üzrə inkişaf etməkdə sayılırLakin… Kreditlər üzrə bank faizlərinin enəcəyi 2024-cü ildə də gözlənilmir. AMB-nin uçot dərəcəsini 2024-cü il ərzində ardıcıl olaraq aşağı salacağı gözlənilsə də bu, əvvəlki kimi təsirsiz ötüşək. Çünki real sektorda risk yüksək, əmanət cəlbi isə qeyri-qənaətbəxş səviyyədə olaraq qalır.

 

Ölkədə kommersiya banklarının təklif etdikləri kredit resursları üzrə faiz dərəcələrinin aşağı salınması, əlverişliliyin təmini ilk növbədə iqtisadiyyatın real sektorunda risklilik səviyyəsinin aradan götürülməsini tələb edir.

 

Kreditlərin geri qaytarılması müddəti minimum təşkil etməli, ortada müvafiq sığorta komponentləri – mexanizmi mövcud olmalı və fəaliyyət göstərməlidir. Yeri gəlmişkən, banklarımızın maliyyə imkanları, likvidliyi barədə həmişə qeyd edirik ki, hər şey yaxşıdır. Əslində isə belə deyil. Təmərküzləşmə sektorda ciddi təhdid sayılır.

 

Bununla belə, əmanətlər üzrə gəlirlərə vergi güzəştlərinin qismən, yəni diferensiallaşdırılmış şəkildə olmaqla iki formada – birincisi, fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətləri üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsinin gəlir vergisindən, ikincisi isə fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətləri üzrə 18 ay və daha artıq müddətə yerləşdirilən, əmanət məbləği 18 aydan tez ödənilmədiyi zaman hesablanan faiz gəlirlərinin 3 il müddətinə tam olaraq vergidən azad edilməsi il ərzində öz effektini göstərəcək”.

Ekspert qeyd edib ki, 2024-cü ildə ölkəmizdə sahibkarlığın inkişafı baxımından da böyük irəliləyiş əldə olunacağı gözlənilir:

“Buna həm bəzi iqtisadi və sosial xarakterli bir sıra vergi-gömrük güzəşt və azadolmalarının tətbiqi, həm sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin daha 1 il uzadılması, həm işğaldan azad olunmuş ərazilərdə onların fəaliyyəti üçün hər cür stimulverici şəraitin yaradılması, həm də həmişə olduğu kimi dövlət maliyyə dəstəyi və digər amillər zəmin yaradır.

Yeni ildə ən çox inkişaf edəcək və gəlirlərin artacağı sahə turizm olacaq. Ölkəyə gələn turistlərin sayı 2023-cü ildəki ilə müqayisədə 30% artıq olub. Turizm qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi olduğundan ölkəmizdə onun inkişafı, genişlənməsi üçün vaxtilə çox böyük investisiyalar yatırılıb və infrastruktur qurulub, bir sıra tədbirlər həyata keçirilib. 2024-cü ildən xarici ölkə vətəndaşlarının işğaldan azad edilmiş ərazilərimizə də turist kimi səfər etmələri real olacaq.

 

Sözün qısası, 2024-də kənd təsərrüfatında 4,6%, tikintidə 3,4%, ticarətdə 3%, turizm sahəsində 15,8% , nəqliyyat sahəsində 4,5%, informasiya və rabitə sahəsində 9,5% artım olacaq. Bütövlükdə AMB-nin pul siyasətinə dair Bəyanatında bildirildiyi kimi, ölkədə real iqtisadi artım tempinin 3-3,5%, o cümlədən qeyri-neft-qaz sektorunda 5-5,5% civarında təşkil edəcəyi güman olunur”.

Paylaş