“Expargo” karqo şirkəti bu dəfə də şikayətlərlə gündəmdədir. Şirkətin Qazax filialının müştərilərə qarşı dələduzluq etdiyi iddia olunur.

Çoxsaylı şikayətlərdə bildirilib ki, “Expargo”nun Qazax filialı  müştərilərə xaricdən gətirilən malların şirkətə çatıb-çatmadığı barədə xəbərdarlıq etmir. Nəticədə, məhsulun harada olduğundan məlumatsız qalan vətəndaşa 3 gün keçdikdən sonra cərimə yazılır. Müştərilərə bildirişin göndərilməməsinin də məhz cərimə yazılması məqsədi daşıdığı iddia edilir.

Şikayətlərdə həmçinin bildirilib ki, bütün “Expargo” filiallarında iş saatı axşam 20:00-da başa çatdığı halda, Qazax filialı 16:00-da bağlanır. Təbii olaraq müştəri məhsulunu vaxtında götürə bilmir, sonda gözləmə limiti dolduğu üçün cərimə ödəməyə məcbur qalır. Vətəndaşlar qeyd ediblər ki, dəfələrlə sözgüdən filiala şikayətlərini bildirsələr də, onlara problemin baş ofisdən qaynaqlandığı deyilib.

Məsələni aydınlaşdırmaq üçün Pravda.az-ın əməkdaşı “Expargo”nun baş ofisi ilə əlaqə saxlayıb. Şirkətdən gün ərzində zəng ediləcəyi deyilsə də, saytımızla əlaqə saxlayan olmayıb.

 

Paylaş