Hər gün rast gəldiyimiz bir hadisə avtomobillərin cərimə meydançasına aparılması çoxlarımızda belə bir sual yaradır:

Hansı halda avtomobil cərimə meydançasına aparıla bilər?

Suala vəkil Turan Abdullazadə aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən DYP əməkdaşı yanız müəyyən hallarda avtomobili cərimə meydançasına apara bilər:

“Məsələn, şəxsin nəqliyyat vasitəsini idarəetmə hüququ və nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları olmadıqda və ya saxta qeyri-standart dövlət nişanları ilə idarə edildikdə, nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi şəhadətnaməyə uyğun gəlmədikdə, nəqliyyat vasitəsi alkoqol, narkotik vasitə və psixotrop maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə əsas verən şəxs tərəfindən idarə olunduqda.

Lakin onunla birlikdə gedən şəxsin nəqiyyat vasitəsini idarə etmək hüququ varsa, bu nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilə bilməz.

Bundan başqa nəqliyyat vasitəsində xüsusi normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda, xüsusi çoxavazlı səs və sayrışan işıq cihazları ilə təchiz edildikdə də avtomobil cərimə meydançasına aparıla bilər. Lakin bu pozuntuları yerində aradan qaldırmaq mümkündürsə, maşın cərimə meydançasına aparıla bilməz.

Məhkəmənin və ya müvafiq icra hakimiyyəti orqanının inzibati cərimə barədə qərarı 2 ay müddətində icraat edilmədikdə də avtomobil cərimə meydançasına aparıla bilər. Amma cərimə yerindəcə ödənildikdə avtomobil cərimə meydançasına getməsinin qarşısı alına bilər. Yüklənən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında qanunvericiliyə zidd şəkildə hərəkət etdiyi halda da sürücü məlum aqibəti yaşaya bilər”.

Vəkil onu da qeyd deyib ki, avtomobilin cərimə meydançasına aparılması ilə bağlı bəzi istisnalar var:

“Məsələn, dayanma və durma qaydalarını pozmusunuzsa, avtomobil müvəqqəti olaraq cərimə meydançasına aparıla bilər. Bu o halda baş verə bilər ki, siz maşının yanında deyilsiniz. Bundan başqa, ağır yol nəqliyyat hadisəsi törədərək cinayət və ya inzibati prosessual qaydada tutulmusunuzsa, bu zaman da avtomobil cərimə meydançasına yerləşdirilə bilər. Bu, maşının yolda, küçədə atılıb qalmaması üçün edilən bir addımdır.

Təcrübədə rast gəlinən daha bir yanlışlıq şəxsin ünvanında problem olduğu hallarda elektron protokolun və ona əlavələrin təqdim edilməsi məqsədilə avtomobilin duracağa yerləşdirilməsidir. Yəni elektron protokolun və ona əlavələrin şəxsə verilməsi məqsədilə sürücü yolda saxlanılır. Kağız daşıyıcıda çap etdirildikdən sonra vətəndaşa təqdim olunur.

Saxlanılmış nəqliyyat vasitəsi ilə bağlı müvafiq qeydlər aparıldıqdan sonra nəqliyyat vasitəsi dərhal buraxılmalıdır.

Hətta DYP əməkdaşında çap aparatı yoxdursa, bu əsasla da şəxsin avtomobilinin dayandırılması və duracağa aparılması tamamilə qanunsuzdur. Beləliklə, DYP əməkdaşı heç bir əsas göstərmədən nəqliyyat vasitəsini cərimə meydançasına apara bilməz”.

Paylaş