Rövnəq Abdullayev AFFA-dakı gələcəyi ilə bağlı yekun qərarını verib.

O, növbəti prezident seçkilərində namizəd olmayacaq.

SOCAR-ın sabiq şefi bu barədə mövqeyini az öncə açıqlayıb. Abdullayev İcraiyyə Komitəsinin Gəncədə keçirilən iclasında yaxın günlərdə vəzifəsi ilə vidalaşacağını bildirib.

R.Abdullayev 2008-ci ildən AFFA-ya başçılıq edirdi. Ötən müddətdə 4 dəfə federasiyanın rəhbəri seçilib.

Bu ay AFFA-nın növbəti hesabat-seçki konfransı keçiriləcək. Konfransın gündəliyinin əsasını yeni prezidentin seçilməsi təşkil edir.

Nizamnaməyə görə, konfransın vaxtını müəyyənləşdirmək səlahiyyəti İcraiyyə Komitəsindədir (İK). Ondan əvvəlki 15 gün ərzində «pəncərə» açılacaq.

Bu müddətdə prezidentliyə namizədlərin qeydiyyatı aparılacaq. AFFA-nın mövcud qaydalarına əsasən, federasiyaya birbaşa və dolayısı ilə bağlı təşkilatlar öz namizədlərini irəli sürə bilər.

Həmin orqanların ümumi sayı 34-dür. Yalnız AFFA prezidenti vəzifəsini tutan şəxs fərdi qaydada öz iddiasını ortaya qoya bilər./Sportinfo.az

Paylaş