Sabunçu Rayon Məhkəməsində sevgilisini bıçaqlamaqda təqsirləndirilən Seymur Həsənovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.

 

İttihama görə, 2002-ci il təvəllüdlü Seymur Həsənov zərərçəkmiş Samirə Babayeva (ad, soyadı şərti) ilə telefon vasitəsilə danışıb. Gənc qız təqsirləndirilən şəxsə onunla əlaqəni kəsmək istədiyini bildirib. Seymur isə 06 mart 2024-cü il tarixdə, saat 20:00 radələrində zərərçəkmiş şəxsin işlədiyi mağazaya gələrək içəri daxil olub. O, mağazanın içərisində əvvəlcə Samirəyə yumruqla zərbələr endirərək bədən xəsarəti yetirib. Sonra təqsirləndirilən şəxs mətbəx bıçağı ilə zərərçəkmişin sol bud nahiyəsinə iki dəfə qəsdən vuraraq, ona yüngül bədən xəsarəti yetirib.

 

Hadisədən sonra Seymur Həsənov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

 

Hər iki şəxs məhkəmədə ifadə verərkən bildiriblər ki, ailələr arasında “həri” olsa da, nişan olma ərəfəsində idilər. Qeyd ediblər ki, hazırda onlar barışıblar, qız sevgilisindən şikayətçi olmayıb.

Paylaş