Təyinatından kənar fəaliyyətlə məşğul olan otellər sırasında adı öndə gələn “Şafran” yerli-əcnəbi demədən, müştəriləri soymaqla məşğuldur.

Bakıda fəaliyyət göstərən dördulduzlu “Şafran Hotel”də üzləşdiyi soyğunçuluq və rəzalətlə bağlı Yeniçağ.az-ı məlumatlandıran vətəndaşın açıqladığı məqamlar ölkədə xidmət sferasının necə acınacaqlı vəziyyətdə olduğunu birbaşa təsdiqləyir. Vətəndaşın “Şafran Hotel”də üzləşdiyi rəzaləti öz dilindən eşidək:

“Aprelin 25-də “Şafran Hotel”də iki yer – 601 və 603 nömrəli otaqları bron etdim. Qonaqlarım ayın 16-sı səhər gəldilər. Onları yerləşdirmək üçün otelə apardıq, daha sonra isə birlikdə yeməyə getməyi planlaşdırmışdıq. Otelə gələndə əməkdaşlar bizə dedilər ki, düzdür, siz ayın 25-də iki otağı rezerv etmisiniz, ancaq gecə o nömrələrdən birini başqa müştəriyə satıblar. Qoy o dörd qonaq nömrələrin birində gözləsin, biz o biri otağı bir-iki saata boşaldıb, təmizlətdirərik. Dedim ki, sizin nə ixtiyarınız var? 25-i rezerv etmişəm ki, 26-sı səhər tezdən qonaqlarım gəlir. Cavab verdilər ki, bilməmişik, Qrişa gecə o nömrəni başqasına satıb. Necə olur, Qrişa gecə saat 3- 4-də nömrəni satır, həmin otaqda da heç kim yoxdur… Çox qaranlıq məqamlar var. Mən belə başa düşdüm ki, otel başqa təyinat üzrə işləyir.
Nə isə, bir saat gözlədik, otağı təmizlədilər. Üstəlik də dedilər ki, səhər yeməyi qiymətə daxil deyil. Qayıtdım ki, biz neçə günün pulunu ödəmişik, necə yəni səhər yeməyi qiymətə daxil deyil? Daha sonra onların Cəfər adlı rəhbərləri gəldi. O da dedi ki, xanım, narahat olmayın, yəqin nəsə anlaşılmazlıq yaranıb, indi hər şeyi həll edərik. Ona da dedim ki, axı belə halın yaranması ayıbdır. Hər şeydən əvvəl ölkəmizin nüfuzuna zərbədir. Yenə dedi ki, hər şeyi həll edəcəyik. Daha nəyi həll edəcəkdi ki? Otaq təmizlənib, qonaqlar yerləşib, səhər yeməyi də artıq yeyilib.

Deməli, vaxt keçdi və qonaqlarım oteldən çıxanda mən də ora getdim. Otelin işçiləri dedilər ki, siz üç günün pulunu ödəməlisiniz. Qayıtdım ki, xeyir ola, niyə? Cavab verdilər ki, siz ayın 25-də rezerv etmisiz. Dedim, yaxşı, bir ay əvvəldən rezerv etsəydim, 30 günün pulunu verməliydim? Dedi ki, bizdə qanun belədir. Bildirdim ki, əlavə bir günün də pulunu ödəyirəm, ancaq sonra bu məsələni aydınlaşdırarıq. Düşünürdüm ki, bir az keçər, otelin rəhbərliyindən kiminləsə bu barədə danışaram. O məqsədlə otelə zəng vuranda mənə dedilər ki, siz niyə bizim pulu ödəmirsiz? Soruşdum ki, hansı pulu? Dünən ödəmişəm axı… Sizinlə də üçüncü gün üçün aldığınız pulu aydınlaşdırmaq istəyirəm. Qayıtdılar ki, yox, siz əlavə daha bir günün pulunu da ödəməlisiz. Yenə soruşdum ki, axı nəyə görə yenə pul verməliyəm? Mənə hədə-qorxu gəlib dedilər ki, yaxşı, biz o pulu sizin qonaqlardan alarıq. Nə isə… Bir nəticə hasil olmadı və dörd günün pulunu ödəməli olduq. Bu, həqiqətən də biabırçılıqdır və məsələnin ciddiliyini nəzərə alıb, sizə müraciət etməyə qərar verdim”.

Göründüyü kimi “Şafran Hotel” administrasiyasının bu vətəndaşa yaratdığı problem heç bir qaydalara sığmamaqla yanaşı, otel biznesindəki yarıtmazlığı, standartlara uyğunsuzluğu ortaya qoyur. Hər halda, xidmət səviyyəsi dörd ulduzla ifadə olunan bir oteldə müştəriyə bu cür əziyyət verilməsi və soyulması turist axını güclənən Bakı üçün yaxşı heç nə vəd etmir. Aydındır ki, qarşıdan gələn İslam Həmrəylik Oyunları və “Formula -1” yarışlarını izləmək üçün Bakıya axışan xarici turistlərin sayı dəfələrlə artacaq. Onların da əksəriyyəti Azərbaycan paytaxtına gəlməzdən xeyli əvvəl internet vasitəsi ilə otellərdə yer bron edirlər. Sizcə, Bakıya gələn əcnəbi yer bronladığı otelə çatdıqda, pulunu ödədiyi nömrələrin başqasına verildiyini ( “Şafran Hotel”də olduğu kimi) eşidib nə vəziyyətə düşəcək? Əlbəttə ki, o şəxsin ilk işi Azərbaycana səfər qərarı verdiyi günə lənət oxumaq olacaq. Belə çıxır ki, “Şafran Hotel” ölkəyə “lənət oxutmağa” çoxdan başlayıb.

Qeyd edək ki, yuxarıda qeyd olunanlar “Şafran Hotel”in neqativ reputasiyasının ictimailəşdirildiyi ilk hal deyil. “Şafran Hotel”in adı artıq xeyli vaxtdır, oteldən çox, əxlaqsızlıq yuvası qismində hallanır. Mətbuatda bu barədə yazılanlar həmin otelin real təyinatı ilə bağlı aydın təsəvvür yaradır:

“Biz dəfələrlə öz yazılarımızda şəhər və bölgələrimizdə fəaliyyət göstərən, sözün əsl mənasında cəmiyyətimizin mənəvi və fiziki deqradasiyasına xidmət edən bu “çirkab quyularını” və onların mövcudluğuna şərait yaradan himayədarlarını ifşa etməyə çalışmışıq və bu gün də həmin istiqamətdə fəaliyyətimizə davam etməkdəyik. Redaksiyamıza daxil olan məlumatlarda iddia olunur ki, Bakının düz mərkəzində, “Gənclik” rayonu, Y.V. Çəmənzəminli küç. 66 ünvanında yerləşən “Şafran Hotel”i də bu kimi fəaliyyət növü ilə məşğul olan obyektlərdəndir.

Məlumatı təqdim edən mənbə sözügedən hoteldə müxtəlif yaşlı qadın və qızların cinsi istismara məruz qalmaları barədə ciddi və təkzibolunmaz faktlar təqdim edir. Qeyd edək ki, “Şafran Hotel”də əxlaqsızlıq yuvasının fəaliyyət göstərməsinə dair məlumatlar müxtəlif mənbələr tərəfindən təqdim olunur. Məlumatlarda bu da qeyd olunur ki, hoteldə fahişəliyə cəlb olunan qızların yaş həddi də xeyli aşağıdır. Bu isə təbii ki, Azərbaycanın genefondu üçün son dərəcə təhlükəli bir tendensiyadır (http://dogru.tv/arasdirma/1695-milyonerler-mehellesi-yaxinliginda-exlaqsizliq-yuvasi.html ).

“Şafran Hotel”in ölkənin müdafiə sənayesi naziri Yavər Camalova məxsus olduğuna dair məlumatlar da mediada zaman-zaman ön plana çıxır. Y. Camalov haqqında jurnalistlərin apardığı araşdırmalar isə “Şafran Hotel”in nazirin biznes şəbəkəsində sadəcə, bir halqa olduğunu göstərir:

“Müdafiə sənayesi naziri Yavər Camalovun Bakıda, Bakı ətrafında və bölgələrdə çox geniş biznes dairəsi var. «Aksessuar İnşaat» və «Çinar market» mağazaları, «Kral» şadlıq evi və bir neçə iaşə obyekti, Səməd Vurğun küçəsindəki “Olimpik Star” idman kompleksi, «Ambassador» oteli və restoranı, “Niaqara” və “Qızıl Tac” restoranları müdafiə sənayesi nazirinin geniş biznes şəbəkəsinin çox az bir hissəsidir.

Belə ki, bundan əlavə, Yavər Camalov şəhərin mərkəzində böyük telefon mağazaları şəbəkəsinə də malikdir. Onun həmçinin “Modern”, “Şafran” kimi otellərin də qeyri-rəsmi sahibi olduğunu bilməyən yoxdur.

Sözügedən nazirin həmçinin Rusiyada vaxtilə aylıq dövriyyəsi bir neçə milyon dollara çatan, hazırda isə ciddi böhran keçirən otellər və restoranlar şəbəkəsi mövcuddur. Bu otel və restoranlar nazirin Bakıdakı eynitəyinatlı obyektlərinin adlarını (“Niaqara”, “Kral”, “Ambassador” və s.) daşıyırlar.

Son vaxtlar Azərbaycanda iqtisadi böhranın dərinləşməsi, manatın kəskin devalvasiyası, ölkəmizin gəlirlərinin ciddi azalması Yavər Camalovun biznesinə mənfi təsir edib. Onun restoranları ayın böyük hissəsini müştərisiz keçirir, otelləri isə boş qalıb. İş o yerə çatıb ki, müdafiə sənayesi nazirinin obyektlərinin bir çoxu aylıq xərclərini belə, ödəyə bilmir. Buna görə də həmin obyektlərdə işçilərin bir hissəsi ixtisar edilib.

Qaynaqlarımız vəziyyət bir az da belə davam edərsə, müdafiə sənayesi nazirinin otel və restoran biznesi iflasa uğrayacağını söyləyirlər.

Xatırladaq ki, Yavər Camalov 2006-cı ildə müdafiə sənayesi naziri təyin edilib. Həmin vaxtadək isə o, “Azneft” İstehsalat Birliyinin baş direktoru olub.

Məhz nazir təyinatından bir neçə il sonra Y. Camalov ölkənin ciddi oliqarxlarından birinə çevrilib, biznesini inanılmaz dərəcədə böyütməyi bacarıb”.

Paylaş