“Bu il əkin sahələrində aparılan pambıq səpini fermerləri, kəndliləri pərişan edib. Belə ki, əkin və səpin işləri vaxtlı-vaxtında aparılsa da toxum çıxış verməyib.
Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, toxum materialı keyfiyyətsiz olduğuna görə, on minlərlə hektar sahədə səpilən çiyid çürüyüb”

Bunu aqronom alim, kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Feysbukda yazıb.

Onun sözlərinə görə, kəndlilər yenidən səpin işləri aparmaq məcburiyyətində qalıblar: “Bu isə o deməkdir ki, fermerlər hər hektar sahə üçün əlavə 100 manat vəsait xərclənməli olacaqlar.

Bu həm də o deməkdir ki, səpin müddəti əvvəlki ildə olduğu kimi yenə də gecikəcək. Belə olan halda, 2017-ci ildə də bu sahədə məhsuldarlıq az, məhsulun maya dəyəri yüksək olacaq.

Yəni, pambığın keyfiyyəti isə aşağı olacaq. Ümumilikdə fermerlərə dəyən zərər milyonlarla ölçülür. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Fermerlər deyirlər ki, pambığın yeri yay şumu olmalıdır. Bəzi yer quru, çökək isə palçıq olur. Rezin təkər traktorla ütüsüz mala çəkilir və Türkiyədən gələn toxumu da quru halda əkiblər. İndi bizdə əkilən yerləri yenidən suvarırlar. Bu işə təcrübə lazımdır.

Prezidentin Saatlıda keçirdiyi pambıq müşavirəsi olduqca əhəmiyyətli idi. Dövlət başçısı mühüm mesajlar verdi, bu yöndə görülən işlərdən, nəticələrdən danışdı, çatışmazlıqları qeyd etdi və məmurlara tapşırıqlar verdi.

İllərlə bu sahənin məhv olunmasında məmurların böyük xidməti olub.

Bu gün də həmin məmurlar arasında pambıqçılığın inkişafına əngəl törədənlər var. Kənd təsərüfatı naziri Heydər Əsədovun rayon icra hakimiyyətləri ilə birgə korrupsiya şəbəkəsi quraraq aqrar sektoru məhv edir.

KTN şefi aqrar sektoru məhv etməklə və fermerlərə divan tutmaqla büdcədən kənd təsərrüfatına ayrılmış milyonları yağmalayır. Bu mənimsəmələrdə nazir təkbaşına deyil və korrupsiya əməliyyatlarına icra hakimləri də şərik olublar.

Araşdırmalar zamanı aydın olub ki, istər pambıq yığımı, istərsə sahələrin artezianla təmin olunması, istərsə texnika təminatında ciddi yeyintilərə yol verilib. Bu da fermerlərə və kəndlilərə baha başa gəlir. Nəticədə onlar məmurlar tərəfindən soyulur.

Nazirlik guya kombayn çatışmazlığı təəssürat yaradıb. Halbuki, ölkədə kifayət qədər kombayn var. Sadəcə, bu texnika fermerlərə rüşvət müqabilində verilir. Ona görə də pulu olan kombayanı əldə edə bilər.

KTN-nin yerlərdəki idarələri artezianları pulsuz verməlidir. Bu barədə ölkə rəhbərliyinin tapşırıqları var. Ancaq icra hakimləri bir artezianı 20-25 min manata vurur.
Hər fermerdən 25 min manat alınanda il ərzində milyonlar dövr edir. Nazirlə icra başçları isə bu pulları xımır-xımır yeyir, sakitcə bölüşdürürlər. Habelə, bu məsələdə “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyevin də böyük qazancı var. ulus.az

Paylaş