2016-cı il mayın 27-si “Xəzər Lənkəran” azarkeşlərinin yaddaşında qara tarix kimi qalıb. Məhz həmin gün “ağ-yaşıllar”ın rəhbərliyi bəyanat yayaraq, klubun fəaliyyətini dayandırdığını ictimaiyyətə açıqladı. Mübariz Mənsimovun yaratdığı klub 12 il cənublu futbolsevərlərin qürur mənbəyi olsa da, bu sevincli günlərin ömrü çox çəkmədi. Mais Mənsimov və Tuyqun Nadirov “cütlüy”ü yarıtmaz idarəçiliklə minlərlə azarkeşin könül verdiyi komandanı klub qəbirstanlığının bir guşəsində dəfn etdi.
Bir il futbolsuz qalan lənkəranlı azarkeşlərin hansı hisslər keçirdiklərini, klubun dağılmasında kimi ittiham etdiklərini bilmək üçün son ana qədər komandanın yanında olan “Caspian Ultras”ın rəhbəri İbrahim Əmirovla əlaqə saxladıq: “Xəzər Lənkəran”ın fəaliyyətini dayandırması ən çox bizə pis təsir etdi. Bildiyiniz kimi, “Caspian Ultras” fanklubu son günə kimi komandanın yanında oldu, ona dəstək verdi. Təəssüf ki, rəhbərlik komandanı qoruyub saxlaya bilmədi. Bu məsələdə Mübariz Mənsimovu qınaya bilmərik. O insan “Xəzər Lənkəran” üçün nələr etmədi? Komandanın uğur qazanması üçün ideal şərait qurdu, milyonlarla vəsait xərclədi. Ancaq onun inandığı şəxslər – qardaşı Mais Mənsimov, vitse-prezident Tuyqun Nadirov bu etimaddan sui-istifadə edib, ümidləri doğrultmadılar. Son bir ildə komandada acınacaqlı vəziyyət yaranmışdı. Futbolçuların maaşları verilmirdi. Pul almayan oyunçunun isə meydanda ürəklə mübarizə aparacağını gözləmək axmaqlıq olar. Dəfələrlə bu məsələ ilə bağlı pankartlar açdıq, rəhbərliyi istefaya səslədik. Səhv etmirəmsə, “Oyunçuların haqqını ödəməyən rəhbərlik istefa” pankartının şəkli sizin qəzetdə də dərc olunmuşdu. Bizim bu şüarlarımız klub rəsmilərini narahat edirdi. Nadirov dəfələrlə üstümüzə mühafizə xidmətinin əməkdaşlarını göndərib bizləri tribunadan qovmaq istəsə də, buna nail ola bilməyib. Prezidentin və vitse-prezidentin “işgüzarlığı” sayəsində FİFA “Xəzər Lənkəran”a milyonlarla cərimə sanksiyası tətbiq etdi. Vaxtında legionerlərlə ortaq məxrəcə gəlib, onların pullarını ödəsəydilər, klub bu gün bəlkə də fəaliyyətini dayandırmaz, azarkeşlər də futbolsuz qalmazdı. Son bir-iki ildə düşərgədə o qədər problemlər baş qaldırmışdı ki, rəhbərlik nəyi necə edəcəyini bilmirdi. Bütün bunlar illərlə yığılıb qalan, həll olunmayan məsələlər idi. Hamımız bilirdik ki, bu çiban nə vaxtsa partlayacaq. Lakin gözləmirdik və inanmırdıq ki, sonluq belə ağır olar. Tuyqun Nadirov və Mais Mənsimov yenə öz keflərindədi, istədiyi yerə gedir, istədiyi işlə məşğul olurlar. Ancaq onlar biz azarkeşlərə elə yara vurublar ki, illər ötsə də, çətin ki, sağalar. Biz “Xəzər Lənkəran”ı canımızdan çox sevirdik, onunla nəfəs alırdıq”.
Fanklubun fəallarından biri, fanatların tribuna lideri kimi tanıdığı Ağadadaş Tağızadə də klubun dağılmasında rəhbərliyin işə qeyri-peşəkar yanaşmasının səbəb olduğunu bildirdi: “Son vaxtlar rəsmilər “Xəzər Lənkəran”a biganə münasibət göstərirdi. Bəlkə də Mübariz Mənsimov kluba biganə yanaşmasaydı, bütün bu xoşagəlməz hallar yaşanmazdı. Əslində onu da günahlandırmaq olmaz. Mübariz müəllim iş adamı olduğundan diqqətini daha çox biznes layihələrinə ayırır, “Palmali Holdinq”in inkişafı üçün çalışırdı. Bu üzdən kluba nəzarət qardaşı Mais Mənsimov və Tuyqun Nadirovda idi. Ancaq onlar komandanı yüksək səviyyəyə qaldıra bilmədilər. Prezident və vitse-prezidentin yarıtmaz işinin nəticəsi olaraq, FİFA kluba sansksiyalar tətbiq etdi. Futbolçuların maaşlarını verməyəndə, müqavilə şərtlərini sona qədər yerinə yetirməyəndə belə də olmalı idi. Bəlkə də “Rəvan”la matçda məlum hakim səhvi olmasaydı, “Xəzər Lənkəran” dağılmazdı. AFFA və PFL də kluba qarşı idi. Məncə, bunlara baxmayaraq, klubun tarixin yaddaşına köçməsi rəhbərliyin vicdanına yazılmalıdı. Bizim fanklub müstəqil olduğundan Nadirov daim əleyhimizə olub, dəfələrlə aramızda narazılıq yaşanıb. Hansısa oyunda onları istefaya səsləyən kimi üstümüzə adam göndərirdi. Buna baxmayaraq, heç vaxt heç nədən çəkinmədən yolumuza davam etmişik. “Xəzər Lənkəran” fəaliyyətini dayandırandan ölkə futbolu ilə də maraqlanmıram. Bizim futbola sevgimiz “Xəzər Lənkəran”la öldü. Mais Mənsimovla Tuyqun Nadirov tək bizi futboldan küsdürmədi, bütün bölgədə futbolu məhv etdi. Gələcəyini “idmanın şahı”nda görən neçə-neçə gəncin, yeniyetmənin arzularının üstündən xətt çəkdilər”. \\hurriyyet.org\\