Milli Qəhrəmanın qardaşı – “Alı Alıyev güc tətbiq etdirməklə bizi icra hakimiyyətindən qovdurdu”
Bu gün səhər saatlarında Füzuli rayon icra hakimiyyətində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərzəliyev Pəhlivan Əhliman oğlunun ailə üzvüləri ilə icra hakimiyyətinin rəhbər şəxsləri arasında skandal yaranıb. Buna səbəb isə icra başçısı Alı Alıyev və birinci müavin Bağır Aslanovun şəhid ailəsinə qarşı kobud rəfdarı olub. Bu haqda Milli Qəhrəmanın qardaşı Sahib Fərzəliyev məlumat verib. Onun sözlərinə görə, həm özü, həm də anası Sücayət Fərzəliyeva icra rəsmiləri tərəfindən təhqir və zorakılığa məruz qalıb.
Beləliklə icra başçısının qəbuluna iş istəməyə gedən şəhid qardaşı özünü əməllibaşlı işə salıb. Özünün və anasının təhqir olunduğunu deyən S. Fərzəliyevin fikirlərini olduğu kimi diqqətinizə çatdırırıq – “Bu adamlar qudurublar. Nə hərəkətlərini bilirlər, nə də ağızlarından çıxan sözü. Neçə ildir ki, işsizəm. Ötən il icra hakimiyyətinin başçısı Alı alıyev söz verdi ki, şəhid qardaşı olduğun üçün səni rayonda bir işlə təmin edəcəm. Həmin söhbətin üzərindən bir il vaxt keçib. Bu gün anam Sücayət Fərzəliyevanı da götürüb getdim icra hakimiyyətinə. Başçıs bizi qəbul etdi. Dedim, verdiyin sözü tutmadın. İşsizəm, ailəmi dolandıra bilmirəm. Həm də anam xəstədir, hər ay müalicəsinə bir qucaq dərman alıram. Elə bu sözləri demişdim ki, başçı qəzəbləndi. Ara sözləri ilə pis-pis danışmağa başladı. Mən izah etməyə çalışdım ki, özün söz vermişdin deyə sənin qapını döydük. Onsuz da rayondakı şəhid ailələrinin hamısı ağır durumda yaşayır. Daha sonra icra başçısı birinci müavini Bağır Aslanovu çağıraraq bizi icra hakimiyyətinin binasından uzaqlaşdırmağı tapşırdı. Anama qarşı zor tətbiq edərək icra hakimiyyətinin binasından şölə atdılar. Buna etiraz etdim, aqibətim eyni oldu. Təhqir və zorakılıqla üz-üzə qaldıq. Bunlar yaşlı qadının Milli Qəhrəman anası olduğunu bilə -bilə bu hərəkətləri elədilər. Bu nəyin ki, şəhid anasına bütün Azərbaycan xalqına qarşı təhqirdi, utancverici hadisədi. Bütün bunlar haqda ölkə başçısı İlham Əliyev cənablarına rəsmi müraciət edəcik. Onda bilərlər Milli Qəhrəman anasını zorakılığa məruz qoymaq nə deməkdir. Xəsdə adamdı. Səhərdən özünə gələ bilmir” deyə S. Fərzəliyev əlavə edib.
Onu da əlavə edək ki, Füzuli rayonun icra hakimiyyətində buna bənzər hadisələr haqda ölkə mətbuatında zaman-zaman məlumatlar yer alır.