“Dəmirbank” müştərilərinin hesabından səbəbsiz yerə əlavə məbləğ çıxır
Bu barədə “Qaynarinfo”yabankın müştərisi Mirzəzadə Mikayıl İlqar oğlu məlumat verib.
“Hesabımda 100 dollar pul var idi. SMS bankinq xidmətini aktivləşdirmək üçün banka müraciət etdim. Xidməti aktivləşdirəcəklərini və aylıq olaraq 6 AZN qarşılığında 3,11 dollar çıxılmalı olduğunu bildirdilər. Amma o biri mədaxil çıxarışına görə 1 dollar da əlavə tutulub. Yəni hesabımda 96,33 dollar olmalı idisə, 95,33 dollar pul qalıb”.
Şikayətlərinin bununla bitmədiyini deyən vətəndaş bankın daha bir kələyi ilə üz-üzə qaldığını iddia edir:
“Facebook” sosial şəbəkəsində ödənişli reklamdan istifadə etmək istədim. Qeyd olunurdu ki, ödəniş etmək mümkün deyil. Sonradan balansıma baxdıqda isə hər cəhdə görə 1 dollar silindiyini gördüm. Əvvəlcə texniki nasazlıq olduğunu və pulumun geri qaytarıldığını desələr də, heç bir əməliyyat aparılmayıb. Bununla bağlı 3 dəfə bankın Yasamal filialına, 2 dəfə də qaynar xəttinə zəng vurmuşam, lakin bank məndən tutduğu pulları geri qaytarmaq niyyətində deyil”.
Məsələ ilə bağlı “Dəmirbank”la əlaqə saxladıq. Yaranmış narazılığın səbəbləri barədə məlumat verməsələr də, sözügedən müştəri ilə əlaqə saxlanılacağını və probleminin qısa zamanda həll olunacağını bildirdilər:
“Müştəri ilə bağlı məlumatlarımızın gizliliyi səbəbindən bu barədə sizə heç bir məlumat verə bilmərik. Əgər həmin şəxsin hesabından pul çıxılıbsa, bunun müxtəlif səbəbləri ola bilər, lakin qısa zamanda həmin müştərimizlə əlaqə saxlayıb problemin həllinə çalışacağıq”.