Meliorasiya və Su Təsərrüfatı ASC, Azərsu ASC, Azəravtoyol ASC və başqa dövlət qurumlarında kütləvi ixtisarlar gözlənilir
Bu barədə hökumətdəki mənbələrdən Ulus.Az-a bildirilib ki, qənaət rejimin keçid siyasəti davam etdirilir.
Görünən budur ki, hakimiyyət məmur sayını 50 faizə yaxın azaltmaq niyyətindədir. Dövlət idarəçiliyi aparatı nəinki sayca optimal olmalı, habelə çevikliyi, qərarların qəbulu müddətinin minimuma endirilməsi kimi keyfiyyətləri ilə seçilməlidir.
Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür.
Sözügedən açıq səhmdar cəmiyyətləri isə dövlətə ağır yükdür. Hətta onların götürdüyü kreditlər dövlətin boynunda borc kimi qalıb.
2018-ci ilin dövlət büdcəsi layihəsinin də bu dəyişikliyə uyğun hazırlanması tapşırılıb. İdarəetmə strukturlarında çalışan 140 minə yaxım məmur iş yerini itirəcək.
İdarəetmə sahəsində islahatlar məsələsi gündəmə gəlib. Belə ki, ölkədəki dövlət qurumlarının bir çoxunda ixtisarların olacağı gözlənilir.
Struktur islahatı nəticəsində hətta bir neçə nazirlik və komitənin ləğv ediləcəyi də istisna olunmur. Xatırladaq ki, bir müddət əvvəl də deputatlar Mili Məclisdə komitələrin ləğvi məsələsini ortaya atmışdılar.
Bu dəfə isə Baş nazirin müavini Əli Əhmədov idarəetmədə islahatlara ehtiyac olduğuna işarə edib. Əli Əhmədovun sözlərinə görə, Azərbaycanda dövlət aparatının ixtisar olunması idarəetmə sahəsində islahatların bir hissəsidir.
Hökumət ilk növbədə aşağı pillələrdə ixtisarları reallaşdıracaq. Bu işin dinamikası belədir.
Böhran dərinləşdikcə, pul vəsaiti azaldıqca, hökumət üçün xərclərin ödənilməsi problemə çevrildikcə bu ixtisarlar yuxarıya doğru hərəkət edir.
Azərbaycanda da yüksək vəzifəli şəxslərin, hansısa komitənin ixtisarı problemə çevrilib. Bu proses hakimiyyət daxilində müəyyən problemlərə, pərdəarxası qarşıdurmaya səbəb olur.
Hər halda idarəetmədə ixtisarlaşma prosesinin baş verəcəyini qarşıdakı günlərdə görəcəyik. Fəaliyyəti görünməyən, yalnız büdcə talayan daha bir neçə nazirlik və ya komitənin ləğvi istisna olunmur.
Ehtimal olunur ki, ilk növbədə Azərbaycan hökuməti ixtisarlar planında nazirlikləri birləşdirəcək. Daha sonra isə komitələri ixtisar etməlidir.