Qızı Aysel Şükürovanın dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov, barəsində cinayət işinin açılması və işdən qovulması barədə yazılan xəbərlərin yalan olduğunu bildirib. O eyni zamanda işinin başında olduğunu qeyd edib.
Məsələ ilə bağlı Bakı Lift İdarəsinin özünü təqdim etməyən əməkdaşı Modern.az-a rəisin hələ ki məzuniyyətdən qayıtmadığını bildirib:
“İşçilərin məzuniyyətdən qayıtmasına kadrlar şöbəsi baxır. Kadrlar şöbəsinin əməkdaşları isə işlə bağlı ezamiyyətdədirlər. Ona görə də Qüdrət Şükürovun məzuniyyət müddətinin bitməsi barədə məlumat verə bilmirəm. Rəisin işdən çıxarılıb-çıxarılmadığı barədə məndə məlumat yoxdur”.
Bir müddət əvvəl DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən “Bakılifttəmir” İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri, həmçinin “Bakı Lift”in baş direktoru Qüdrət Şükürovla bağlı araşdırmalara başlanılması barədə xəbərlər yayılıb.
Bildirilib ki, qızı Aysel Şükürovanın 400 min dollarlıq toyu, dəbdəbəli həyat tərzi ilə gündəmə gələn Qüdrət Şükürovla bağlı məsələ ölkədə ən üst səviyyədə narazılıq yaradıb. Dərhal bu məsələnin araşdırılması və ölçü götürülməsi tapşırılıb. Hətta sözügedən toyla bağlı da ayrıca araşdırma aparılıb, toyda iştirak edən şəxslər, bəylə-gəlinə mahnı həsr edənlər dindirilib. Bu işə xərclənən vəsait dəqiqləşdirilib. Məlumata görə, Vergilər Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan yoxlamalar Qüdrət Şükürovun işdən qovulması ilə nəticələnib. Amma məlumat rəsmən təsdiqlənməyib.

Paylaş