Azərbaycan son illərdə siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə çoxsaylı uğurlar əldə edib, qazanılan nailiyyətlər ölkəmizin inkişafına yeni impuls verib

Bu gün Azərbaycan beynəlxalq miqyasda sabitlik adası kimi xarakterizə olunur, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi sabitliyin, təhlükəsizliyin və tərəqqinin qarantı kimi çıxış edir.

Azərbaycanın əldə etdiyi nailiyyətlərə nəzər saldıqda əminliklə söyləmək olur ki, qazanılmış bütün uğurların təməlində məhz həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu dayanır.

Buna paralel olaraq həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib.

Təsadüfi deyil ki, hazırda ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir, mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Məhz hazırda uğurla keçirilən IV İslam Həmrəyliyi Oyunları dünyanın diqqət mərkəzindədir.

Şübhəsiz ki, bütün bu reallıqlar və nailiyyətlər müəyyən qüvvələrdə narahatlıq və qısqanclıq yaradır. Onlar Azərbaycanın uğurlarının üzərinə kölgə salmaq, həyata keçirilən siyasətə qara yaxmaq üçün canfəşanlıq edirlər.

Anti-Azərbaycan dairələr fəallaşaraq ölkəmizə qarşı təbliğat aparırlar. Məhz belə bir dönəmdə ölkəmizdəki “beşinci kolon” nümayəndələrinin fəallaşması da müşahidə olunur.

Deputat Siyavuş Novruzov belə qüvvələrin Milli Məclisdə olduğunu da qeyd edib.

YAP-ın deputatının hakimiyyətin içindən bu qüvvələrin çıxdığını deməsi hansısa siyasi ssenaridən xəbər verir. Konkret olaraq deputat Vahid Əhmədovu hədəfə alan. S.Novruzovun sözlərinə fikir verək:

“Ayaz Mütəllibovun və AXC-Müsavat” cütlüyünün hakimiyyəti dövründə yüksək dövlət vəzifəsində çalışan belələrinin insanları ərzaq əvəzinə toyuq yemi ilə “təmin etməsi” hər kəs tərəfindən yaxşı xatırlanır.

Həmin dövrdə iqtisadi siyasətə rəhbərlik edən komandanın başında olan şəxslərin ölkə büdcəsini talan etməsi, Azərbaycan iqtisadiyyatının çökməsinə səbəb olan işlərin altına imza atması da reallıqdır.

Müxtəlif dövrlərdə ayrı-ayrı siyasi komandaların tərkibində yer alan və əsas etibarilə, yüksək dövlət vəzifəsi tutan, ölkə iqtisadiyyatına çoxsaylı zərərlər vuran, insanları aclıq və səfalətlə sınağa çəkən bu şəxslərin indi bu cür “iqtisadi” nağıllarla çıxış etməsi gülüncdür”.

Bir sözlə, Azərbaycan cəmiyyəti belələrinin Azərbaycan xalqı və dövlətinə qarşı çıxış edən “beşinci kolon” və anti-Azərbaycan dairələrlə paralel və koordinasiyalı fəaliyyət göstərdiyini bilərək bu qüvvələrə öz etirazını bildirir.

Belə aydın olur ki, hakimiyyət öz içini təmizləyir və bəzi qüvvələri ifşa edir. Burda həm ruspərəst, həm mahmudovçu qruplardan söhbət gedir. ulus.az

Paylaş