“Yeni Həyat Şirkətlər Qrupu” MMC-yə məxsus 2 müəssisə bağlanır. Artıq “Yeni Həyat Construction” MMC və “Yeni Həyat 1” MTK ləğv olunur

Bu barədə Vergilər Nazirliyinin rəsmi qəzeti olan “Vergilər” qəzetində bildirilib.

Məlumata görə, kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti,15 ünvanına bildirə bilərlər.

Bir müddət əvvəl “Yeni Həyat Şirkətlər Qrupu”nun bağlandığı xəbəri yayılmışdı. Sonra təzkib olundu. Ancaq görünür ki, artıq şirkət çöküş dövrünü yaşayır.

Bu şirkət Azərbaycan Beynəlxalq Bankının həbsdəki sədri Cahangir Hacıyevə məxsus olub. 2002-ci ildə o, “Yeni Həyat” şirkətlər qrupunu təsis edib. Şirkətlər qrupu Bakının mərkəzində və mərkəzə yaxın ərazilərdə eyni adlı yaşayış massivləri inşa edib.

Hazırda “Yeni Həyat” şirkətlər qrupu Bakıda nəhəng “Azure Park” yaşayış kompleksinin tikintisini həyata keçirir. “Tikintini C.Hacıyevin idarəetməsində olan ”Banktechnique” (keçmiş “Texnikabank”) maliyyələşdirir.

Cahangir Hacıyevin Rusiyada və Birləşmiş Ərəb Əmirliklərində biznesinin olduğu deyilir. C.Hacıyev bu biznes şəbəkəsinin bir çoxu ilə vidalaşmalı olacaq. Artıq sabiq bankirə aid olduğu deyilən hərbi ayaqqabıların istehsalçısı olan BOT MMC fəaliyyətini dayandırıb.

Şirkətlər qrupu buna qədər “Yeni HƏYAT Rezidense”, “Yeni HƏYAT Plaza”, “Azure Rezidense”, “Azure Plaza”, “Azure Shopping centre”, “Megafun” kimi nəhəng layihələr həyata keçirib.

“Sovetski” sakinləri üçün nəzərdə tutulan kompleks isə nəhəngliyinə görə bu layihələri geridə qoymalı idi. Ancaq sabiq bankirin tikinti sektorunda belə sıçrayışları tikinti bazarının əsas oyunçularını qəzəbləndirib.

Nəhəng söküntü işləri tikinti mafiyası üçün çox gəlirli bir sahədir. Söküntü nəticəsində köçürülən sakinlərin evlə təminatı mənzil bazarında tələbatı kəskin şəkildə artırır.
Bu tendensiyadan tikinti mafiyası inşa etdiyi mənzilləri tez bir zamanda satmaq və külli miqdarda gəlir götürmək üçün faydalanırlar.

Belə bir vaxtda C.Hacıyevin şirkətinin önə çıxması və mənzili bazar qiymətindən 2 dəfə ucuz təklif etməsi, təbii ki, tikinti mafiyasının maraqlarına sarsıdıcı zərbə vurmaq anlamına gəlirdi. Ona görə də tikinti mafiyası onu cəzalandırmaq qərarına gəlib.ulus.az

Paylaş