Azərbaycanı gözü götürməyən qüvvələr Transadriatik Qaz Kəməri (TAP) layihəsinin həyata keçirilməsində problem yaratmaq üçün səfərbər olublar

Azərbaycan prezidentinin uzun illərdir ölkənin enerji strategiyasını həyata keçirməkdə necə düzgün və dəqiq hesablanmış siyasət apardığı məlumdur.

Təcrübə göstərib ki, İlham Əliyev ən mürəkkəb situasiyalardan çıxış yolu taparaq ölkənin milli maraqlarına söykənən enerji razılaşmalarının baş tutmasına nail ola bilir. Və Cənub Qaz Dəhlizinə dair razılaşmalar da bu siyasətin nəticəsi idi.

İndi prezident bu dəhlizin tam ölçüdə reallaşmasında Azərbaycandan asılı olmayan əngəllərin yarana biləcəyini deyir. Eyni zamanda xəbərdarlıq edir ki, Azərbaycanın bu situasiydan mümkün qədər az itki ilə çıxmaq üçün variantı var.

“Mən Azərbaycan iqtisadiyyatında nə bu il, nə gələn il problem görmürəm. Xüsusən də ölkənin valyuta ehtiyatlarının artdığı bir vaxtda”.

Bu sözləri prezident İlham Əliyev Respublika Günü münasibətilə “Buta” sarayında keçirilən rəsmi qəbuldakı nitqində bildirib.

Prezident deyib ki, Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilməkdədir. İlham Əliyev TAP kəmərinin tikintisinə mane olmaq üçün törədilən təxribatlardan da danışıb. Bildirib ki, bu təxribatların məqsədi Azərbaycan qazının Avropaya çıxarılmasına mane olmaqdır.

Prezidentin sözlərinə görə, bu məqsədlə müəyyən qüvvələr böyük pullar buraxırlar, ekoloji qruplar adı altında adamlar hazırlayırlar, məqsəd isə bu layihənin həyata keçirilməsinə mane olmaq, yaxud əngəlləməkdir. “Bu təxribatların arxasında böyük pullar və siyasi məqsədlər dayanıb”.
Bu siyasətin arxasında Rusiyadakı dairələrin dayandığı istisna edilmir.

Bundan əvvəl də prezident çıxışlarının birində TAP layihəsinin qarşısında bəzi əngəllər yaratmaq cəhdlərinin olduğunu deyib.

Azərbaycan hazırda uğurla həyata keçirilməkdə olan TANAP kəməri ilə Türkiyəyə ildə 16 milyard kubmetr qaz nəql etməyə hazırlaşır.

Əldə edilmiş hökumətlərarası razılaşmalara, alqı-satqı müqavilələrinə əsasən bu qazın 6 milyard kubmetri Türkiyənin daxili tələbatına yönəldiləcək.

Qalan 10 milyard kubmetri isə Türkiyə-Yunanıstan sərhədindən başlanğıc götürəcək TAP kəməri ilə Yunanıstan, İtaliya və Albaniyaya nəql olunacaq.

Bəs TAP-ın qarşısında yaradılan süni əngəllər hansılardır? Bu layihəni kim əngəlləyir, təkcə iştirakçı ölkələr, yoxsa başqa qüvvələrin də bu işdə barmağı var? Hər iki ölkədə TAP-a qarşı əngəllər ilk baxışdan sırf daxili məsələ kimi görünə bilər.

Lakin məsələyə dərindən və Avropa qaz bazarı uğrunda gedən geosiyasi mübarizə kontekstində baxanda aydın olur ki, “Azərbaycan borusu”unu əngəlləməyə çalışanlar təkcə yunan radikal solçuları və ya italyan ekoloqları, zeytunçuları deyil.

Bu işin arxasında Avropaya qaz ixracının üçdə ikisinə nəzarət edən, qitənin qaz təchizatı mənbələrini şaxələndirməyə yönəlmiş bütün layihələrə rəqib gözü ilə baxan Rusiyanın kölgəsini görməmək olmur.ulus.az

Paylaş