Yardımlı rayonunun mədəniyyət evləri, kitabxanaları və kənd klubları bir aydan çoxdur ki, işıq üzünə həsrət qalıb
Rayonun bütün kəndlərində və mərkəzində yerləşən mədəniyyət mərkəzləri zülmətə qərq olub.
Bir aydır mədəniyyət klublarına, kitabxanalara elektrik enerjisi verilmir. Dövlət müəssisələrinin işığının kəsilməsinə səbəb kimi 2012-ci ilə qədər yığılan borcun ödənilməməsi göstərilib.
Lakin borcun olması barədə heç bir qəbz və ya sənəd təqdim olunmur. Yardımlıdan “Azərişıq” ASC sədri Baba Rzayevə göndərilən çoxsaylı müraciət və məktubların da heç bir nəticəsi olmayıb.
Bu barədə bakupost.az-a rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, işıq pulu borcunun yaranması mümkün deyil, çünki vaxtında ödəniş edilib:
“Amma əgər borc varsa, bunu sübut edən sənədlər təqdim edilsin”. B.Rzayev Yardımlıya bircə dəfə səfər edib vətəndaşların problemləri ilə maraqlansa, pis olmaz. Ölkənin elektrik təsərrüfatına cavabdeh olan şəxs niyə mədəniyyət evlərinin işıqsız qalmasını aydınlaşdırmalıdır. Görünür ki, böhrana görə qənaətə keçən “Azərişıq” klubları zülmət içində saxlamaq yolu seçib.
Azərbaycanda kommunal sahədə vətəndaşlara xidmət və bu xidmətin müqabilində tələb olunan vəsaitlə adekvat deyil. Aydındır ki, Azərbaycan kommunal xidmət sahəsində problemləri kifayət qədər çox olan və əhali arasında narazılıqlara zaman-zaman rəvac verilən ölkələrdəndir.
Məsələnin ciddiliyi hətta parlamentdə də müzakirəyə çıxarılmışdı. Deputat Yevda Abramov “Azərişıq”a qarşı kəskin ittihamlar səsləndirərək vətəndaşlarda kütləvi narazılıq yaratmağa xidmət olunduğunu demişdi.
Deputatın sözlərinə görə, vətəndaşlara külli miqdarda borc yazılır və bu da haqlı narazılığa səbəb olur. Baba Rzayevin rəhbərlik etdiyi qurumun fəaliyyətinin yarıtmazlığı sayəsində vətəndaşlar dövlətdən narazı salınır.
Qurum rəhbərlərini vilallarının sayı günbəgün artdığı bir halda vətəndaşlara da yazılan borcun miqdarı artır. Amma qurumdan olanlara gələn açıqlamalar hətta konkret şikayətlərlə də bağlı müdafiə xatakterli ümumi açıqlamalar verməklə işini bitmiş hesab edir.
Maraqlıdır ki, B.Rzayev Satış Departamentinin direktoru Qara Nəbiyevi maxinasiyaılara görə işdən qovur, amma Yardımlını işıqsız qoyur. Qara Nəbiyevlə ASC prezidenti Baba Rzayev arasındakı qovğa da məhz yeyintilərlə əlaqədar olub.
Ondan sonra departamentdə çalışan bir neçə vəzifəli şəxs könüllü şəkildə istefa ərizəsi yazmalı olub. 2016-cı ildə Azərbaycanda tariflərin artırılmasına rəğmən «Azərişıq» ASC ötən ili zərərlə başa vurub.
Halbuki, rəsmi açıqlamaya əsasən, şirkətin gəliri 26.7 faiz yüksəlib. Yəni maliyyə hesabatına görə, elektrik enerjisi satışının həcmi 959 milyon manata yaxın olub.
Bununla belə, xərclərin artımı gəlirləri üstələyib. Paralel olaraq, istifadə olunmuş enerjiyə görə ödəmələr də ötən illərə nisbətən aşağı düşüb.
Yeyinti faktları rəsmi rəqəmlərdə də dolayısı ilə öz əksini tapır. Rəsmi açıqlamaya əsasən, il ərzində enerji satışına görə istehlakçıların «Azərişıq» ASC-yə borcları 29.3 faiz artıb.ULUS.AZ