25 may 2017-ci il tarixdə Qafqaznews.az saytında “Azərişıq-dan şikayətçi var” başlıqlı məqalə dərc olunub. Bakı şəhəri, Səbail rayonu ,R.Zorge 5, mənzil 8-də yaşayan sakin Aydın Kazımov Qafqaz Xəbər Agentliyinə müraciət edərək bildirib ki, 23 mayda günorta saat 12:00- da yaşadığı binada işıq kəsilmişdir: “Mən “Azərişıq”ın qaynar xətti olan 199 nömrəsinə zəng etdim.

Məndən sifariş qəbul edildi. Lakin axşam saat 20:00- dək “Azərişıq”ın Səbail rayon şöbəsindən heç bir elektrik gəlib qəzanı aradan qaldırmadı. Axşam 20:00-da yenidən 199 qəza xidmətinə zəng etdim, bildirdilər ki, müraciətiniz qeydə alınıb.

Saat 21:00- da yenidən zəng edib “Azərişıq”ın Səbail şöbəsinin telefon nömrəsini aldım və yenidən müraciət etdim. Yenə gələn olmadı. Saat 21:30- da yenidən Səbail şöbəsinə zəng edəndə operator mənə bildirdi ki, iki əməkdaşımız var və onlar hazırda çağırışdadır. Mən soruşdum ki, Səbail böyük rayondur necə ola bilər ki, qəza xidmətində cəmi 2 elektrik növbə çəksin, bəs eyni zamanda bir neçə yerdə qəza olsa qəzanı kim aradan qaldıracaq.

Axır ki ,22:30- da 2 əməkdaş gəlib çıxdı. Onların da heç bir elektrik aləti yox idi, bildirdilər ki, biz baxdıq qəza yerini təyin edə bilmədik, sonra müvəqqəti 1 saat işıq yandı ,sonra yenidən söndü. Qeyd edim ki, onlarla birlikdə əsas transfarmator və sayğac bölməsinə baxış keçirtdik heç bir şey aşkar edə bilmədilər.

Onlar bildirdi ki, artıq 23:00-da işləri yekunlaşır evə gedirlər. Mən onlardan soruşanda ki, bəs qəza xidməti maşınınız, avadanlığınız varmı, cavab verdilər ki, bizə ancaq “atvyorka” veriblər.(Qafqaznews.az).

Qafqaz Xəbər Agentliyi məqalədə yazılanların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını aydınlaşdıırmaq qərarına gəldi. “Azərişıq”ın Səbail rayon şöbəsinin əməkdaşı Talışinskaya ( adını demədi ) Qafqaz Xəbər Agentliyinə bildirdi ki, 23 may 2017-ci il tarixdə Səbail rayonu ,R.Zorge 5, mənzil 8-də yaşayan sakin Aydın Kazımovdan bizə müraciət daxil olub: “ Əməkdaşlarımız şəbəkədə heç bir problem olmadığını müəyyən ediblər. Problem mənzilin içərisində olub. Ancaq “Azərişıq” sayğaca qədər problemə görə məsuliyyət daşıyır”.

Məsələ ilə bağlı  Azad İstehlakçılar Birliyinin sədri  Eyyub Hüseynovun fikirlərini öyrəndik. O, Qafqaz Xəbər Agentliyinəbildirdi ki, həqiqətən də, “Azərişıq” sayğaca qədər enerji ilə təchiz edir: “ Sonrakı problem “Azərişıq”a aid deyil. Əgər ev Mənzil İstismar Sahəsinə aiddirsə sahənin mütəxəssisləri problemlə məşğul olur, əgər ev kooperativdirsə, kooperativin elektrikləri cavabdehlik daşıyır.

Bu problem qanunvericilikdəki çatışmazlıqla bağlıdır. Həm də təəssüf ki, “Azərişıq”ın, “Azəriqaz”ın mənzil sahiblərinə pullu xidmət göstərmək üçün xidmətləri yoxdur. Bu qaydanı Nazirlər Kabineti müəyyən edib. Bu qaydaya görə, enerji təchizatçı şəbəkədəki gərginliyin artmasını müəyyənləşdirə bilər.

Hətta sakinlər gərginliyin artması ilə bağlı akt tərtib etsələr belə bu akt “Azərişıq” tərəfindən təsdiq edilməyəcək. Çünki belə çıxır ki, “Azərişıq” istehlakçının hüququnu pozur və bu faktı rəsmi formada təsdiq edir. Bu mümkün olan deyil. Hesab edirəm ki, Nazirlər Kabinetinin qərarı istehlakçıların marağına ziddir”.

R.Həsənoğlu

 Kavkaznews.az

Paylaş