Azərbaycan Dillər Universitetində tələbələr etiraza qalxıb

Ulus.Az xəbər verir ki, tələbələr ADU önündə aksiya keçirib.

Buna səbəb 7 il öncə ləğv edilən dövlət imtahanlarının yenidən bərpa edilməsidir. Tələbələr rektor Əfqan Abdullayevin yeni əmri ilə razılaşmırlar.

Narazılığa cavab olaraq universitet rəhbərliyi tələbələrin tələbinin əsassız olduğunu bildirmişdi: “Dövlət imtahanı verməmək üçün şou yaradanların “arqument”lər əsassızdır.

Ölkəmizdə dövlət imtahanı ilə bağlı bütün məsələlər Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən tənzimlənir.

Həmin Qaydaların 2.13-cü bəndinə əsasən “Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır:

“Qaydaların 2.15-ci bəndində isə göstərilir ki, “Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir”.
Qaydaların 2.16-cı bəndinə görə “Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir”.

Rektor Əfqan Abdullayev tələbələrin toplaşdığı əraziyə gəlib. Onlarla müzakirə aparan rektor etirazçıları Universitetin akt zalına dəvət edib.

Rektor narazılığı aradan qaldırmaq əvəzinə tələbələri oxumamaqda suçlayıb. Əldə etdiyimiz bilgilərə görə, rektoru devirmək planı işə düşüb.

Üç aydır ADU-nun başına keçən Ə.Abdullayevin vəzifədən çıxarılması üçünm bu prosesi körükləyən qüvvələr var. Hətta sabiq rektor Səməd Seyidovun da bu işdə əlinin olduğu deyilir.

İddialara görə, keçmiş rektorun kadrlarının ordan uzaqlaşdırılması tərəflərin münasibətlərini pisləşdirib. S.Seyidov təsir gücünün ADU-da azaldığını hiss etdiyi üçün hərəkətə keçib.

Hazırda tələbə etirazları ilkin qığılcımdır. Rektor vəzifəsindən gedənə kimi prosesin davam edəcəyi iddia edilir.

ADU-nun rektoru Əfqan Abdullayev bildirib ki, bu vaxta kimi ali məktəbdə dövlət imtahanı olub, sadəcə 2016/2017-ci tədris ilindən forması dəyişib.

Onun sözlərinə görə, bununla bağlı ötən ildən ali məktəbin şurası tərəfindən müvafiq qərar verilib. Rektor qeyd edib ki, tələbələr bu vaxta kimi ali məktəbi bitirəndə, yalnız 1,5 səhifə hesabat yazıblar:

“Məsələn, mən universitetdə oxudum, filan müəllim dərs dedi, filan fənlərdə iştirak etmişik. Akademik olaraq ali məktəbdə imtahan forması kimi yekun buraxılış dövlət attestasiyası olmayıb. 3 aydır ki, burada rektor kimi fəaliyyət göstərirəm.

Buraxılış işini orta müvəffəqiyyət göstəricisi 91-dən yuxarı olan tələbələr yazır. Onların da sayı 92 nəfərdir. Hazırda narazılıq edənlərin əksəriyyəti oxumayan tələbələrdir”.

Müşahidələr belə deməyə əsas verir ki, ADU tələbələrinin narazılığında Dövlət imtahanında yol verilən bir sıra neqativ hadisələr əsas rol oynayır. Bir qədər də konkretləşdirsək, imtahanlarda bəzi tələblərin irəli sürülməsi tələbələri etirazlara təhrik edir.

Paylaş