“Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi lazımdırmı? O nazirlik nə işlə məşğul olur? Meliorasiya və su təsərrüfatı ASC isə “Azərsu” ya birləşdirilə bilər. Büdcədən pul alır, kanal çəkir, nəticəsi nədir? İdarəetmədə hər şey effektivliklə ölçülür”.

 Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Prezident Administrasiyasında aparılan struktur islahatları ilə bağlı bu təkliflərlə çıxış edib.

Onun sözlərinə görə, bundan sonrakı dövrlərdə neft və qaz gəlirləri əvvəlki illər səviyyəsində olmayacaq.

Ona görə də dövlət aparatının və icra strukturlarının xeyli azaldılması məqsədəuyğun olardı. Bunun əvəzində isə onların effektivliyi məsələsi gündəmdə olmalıdır.

Kənd Təsərrüfatı Nazirliyinin ləğvi və onun səlahiyyətlərinin başqa nazirliklər arasında bölüşdürülməsi xeyli müddətdir hakimiyyət çevrələrində müzakirə edilir.

İlkin variantda Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək, onun funksiyalarının İqtisadi İnkişaf, Səhiyyə və Fövqəladə Hallar nazirlikləri arasında bölüşdürülməsi nəzərdə tutulurdu.

Arqument bu idi ki, kənd təsərrüfatı müəssisələrinin mütləq əksəriyyəti özəlləşdirildiyi halda, aqrar sektorun idarə edilməsi üçün ayrıca bir nazirliyin saxlanılmasına ehtiyac yoxdur, nazirliyin ən vacib funksiyaları başqa nazirliklərə verilməklə bu qurumu ləğv etmək daha effektlidir.

İlkin layihədə fermerlərin subsidiyalaşmasının İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Baytarlıq Xidmətinin isə Səhiyyə Nazirliyinin, ərzaq təhlükəsizliyi ilə bağlı funksiyaların isə Fövqəladə Hallar Nazirliyinə keçəcəyi nəzərdə tutulurdu. Ancaq sonda nazirliyin bütövlükdə İİN-in tərkibinə qatılması qərara alınıb.

 «Meliorasiya və Su Təsərrüfatı» ASC-yə ayrılan milyardların sorğu-sualı başlayır Cəmiyyətin ləğvi məsələsi yenidən gündəmdədir. Hazırda ölkəmizdə bir-birinə oxşar işləri həyata keçirən paralel qurumlar var.

Hələ bir neçə ay əvvəl Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumun ləğv ediləcəyi və «Azərsu»ya birləşdiriləcəyi barədə məlumatlar yayılmışdı. Amma aradan bir müddət ötəndən sonra bu məsələ gündəmdən çıxdı.

Bizə çatan bilgilərə görə, son vaxtlar ASC-nin yerli idarələrində üzə çıxan dəhşətli büdcə yeyintiləri və korrupsiya halları, eləcə də dövlətin bu sahəyə ayırdığı vəsaitlərin böyük hissəsinin mənimsənilməsi faktları yuxarı dairələri müvafiq addımlar atmağa vadar edib.

Və bu məqsədlə ASC-nin ləğv edilərək «Azərsu»ya birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Yuxarı instansiyalar bu struktur dəyişikliyi ilə həm büdcə itkilərinin qarşısını almağa çalışırlar, həm də cəmiyyət sədrini zərərsizləşdirməyi planlaşdırırlar.

Hazırda Əhmədzadənin başçılıq elədiyi «Meliorasiya və Su Təsərrüfatı» ASC ümumilikdə 120 idarədən ibarət bir qurumdur.

İl ərzində Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumların ümumi dövriyyəsi 1 milyard manatı keçir.

«Meliorasiya və Su Təsərrüfatı» ASC-nin tabeliyindəki idarələrin təchizat köçürmələrini araşdıranda il ərzində yüz milyonlarla manat vəsaitin dövriyyədə olduğunu görürük.

Bu qurum büdcədə nəzərdə tutulduğundan əlavə il ərzində Prezidentin ehtiyat fondundan da maliyyə ala bilir.

Məsələn bir müddət əvvəl ölkə prezidentinin sərəncamı ilə büdcədə nəzərdə tutulandan əlavə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb.

Araşdırmalar göstərir ki, cəmiyyət sədri vəzifədə olduğu 10 il müddətində bu sahəyə ayrılan vəsaitlərin yetərli hissəsi ilə özünə biznes qurub, maliyyə imkanlarını artırıb. ulus.az

Paylaş