34 nəfər rəsmi işçisi olan Şəmkir Sərnişinnəqliyyat ASC İdarə Heyyətinin Sədri Adil İsayevin adından Bizimxeber.az-ın elektron ünvanına müraciət daxil olub.
Məlumatda qeyd olunur ki, balansında 23 ədəd müxtəlif tutumlu “Mercedes” markalı avtobuslarla Şəmkir şəhəri üzrə şəhərdaxili və rayondaxili (o cümlədən dağ kəndlərinə) sərnişindaşınması həyata keçirən ASC-nin fəaliyyətinə ciddi problemlər yaradılıb.
Cəmiyyətin bu fəaliyyət üçün bütün şəraiti və işçi personalı olmasına baxmayaraq Nəqliyyat Departamentinin aidiyyatı şəxsləri onlara problemlər yaradırlar: “Bizdən tələb edirlər ki, mikroavtobusların hərəkətöncəki texniki baxışı və sürücülərin tibbi müayinəsi adı ilə yalnız adları mövcud, ünvanı bəlli olmayan hansısa təşkilatlara vəsait ödəyək. Bu ödənişlərdən imtina etdikdə Nəqliyyat Departamenti Səhmdar Cəmiyyətə problemlər yaşatmağa başladılar.
Bir müddət cəmiyyətin maşınlarına FƏRQLƏNMƏ NİŞANI verilmədi. Rayon Yol Polisi əməkdaşlarına sübut etdikdən sonra ki, Fərqlənmə Nişanı üçün ödənişləri etmişik, bizə yalnız birkalar verilməyib, fəaliyyətimiz bərpa olundu”.
Məlumatda qeyd olunur ki, bu gün isə Nəqliyyat Departamentin nümayəndələri fiziki zor tətbiq edərək cəmiyyətin maşınlarını 5 avtobus işləyən ən rentabelli Şəmkir-Dəllər marşrutlarının fəaliyyətinə mane olub.
Əvəzində Gəncə şəhərində fəaliyyət göstərən fiziki şəxsın 4 ədəd İSUZU markalı kiçik tutumlu avtobuslarını xəttə buraxıb: “Həmin nəqliyyat vasitələrindən biri yarım saat işlədikdən sonra texniki səbəbdən sıradan çıxdı. Nəticədə 3 avtobusun ümidinə qalan Şəmkir rayonunun ən məsuliyyətli qrafiki sərnişinlərə böyük problemlər yaşatdı”.
Müraciətin sonunda Səhmdar Cəmiyyətin kollektivi aidiyyatı qurumlardan problemin həll olunmasında yardım etmələrini xahiş ediblər.

Paylaş