KORRUPSİYA.AZ olaraq xəbər veririk:
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmişdir.
I. ÜMUMİ MÜƏDDƏALAR
Maddə 1. Əsasnamənin məqsədi
Bu Əsasnamə Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinə uyğun olaraq yerli icra hakimiyyətlərinin fəaliyyət dairəsini və təşkilati quruluşunu, habelə səlahiyyətlərini müəyyən edir.
Maddə 2. Yerlərdə icra hakimiyyəti…
1. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin I hissəsinə uyğun olaraq yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə uyğun olaraq icra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir.
İcra hakimiyyəti başçıları öz işlərinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında məsuliyyət daşıyırlar.
3. İcra hakimiyyəti rayonlarda, şəhərlərdə və şəhər rayonlarında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təşkil edilir.
Maddə 3. Yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətinin əsas prinsipləri
Yerli icra hakimiyyəti başçısının fəaliyyəti aşağıdakı prinsiplərə əsasən həyata keçirilir:
– vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi;
– müvafiq ərazinin əhalisinin rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi;
– qanunçuluq;
– dövlət mənafelərinin və yerli mənafelərin uzlaşdırılması;
– aşkarlıq və ictimai rəyin nəzərə alınması.
II. YERLİ İCRA HAKİMİYYƏTLƏRİ BAŞÇILARININ FƏALİYYƏTİNİN TƏŞKİLATİ ƏSASLARI
Maddə 4. Yerli icra hakimiyyətləri başçılarının fəaliyyət dairəsi
1. Rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyəti başçısı Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları əsasında icra fəaliyyətini həyata keçirir, vətəndaşların hüquq və azadlıqlarını, qanuni mənafelərini, müvafiq ərazinin iqtisadi, sosial və mədəni inkişafını, dövlət mənafelərinin və yerli mənafelərin uzlaşdırılmasını təmin edir.
2. Yerli icra hakimiyyətlərinin saxlanılması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında – Naxçıvan Muxtar Respublikasının büdcdsindən) ayırmalar hesabına maliyyələşdirilir.
Maddə 5. Yerli icra hakimiyyətlərinin başçıları
1. Rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyətlərinin başçıları müvafiq inzibati – ərazi vahidlərində icra hakimiyyətini həyata keçirirlər.
2. İcra hakimiyyətlərinin başçıları eyni zamanda heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
İcra hakimiyyəti başçısının ikili vətəndaşlığına, başqa dövlətlər qarşısında öhdəliyinə yol verilmir, habelə o, din xadimi ola bilməz.
Maddə 7. Yerli icra hakimiyyətləri başçılarının vəzifələri
1. İcra hakimiyyətləri başçıları bilavasitə və ya müvafiq yerli icra hakimiyyəti orqanları vasitəsilə səlahiyyətləri daxilində müvafiq ərazinin sosial-iqtisadi məsələlərini həll edir, onların səlahiyyətlərinə bu Əsasnamə və Azərbaycan Respublikası Prezidenti tərəfindən aid edilən digər məsələləri həll edirlər.
2. İcra hakimiyyəti başçısı:
1) Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını yerinə yetirir. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin tapşırıqlarını yerinə yetirir;
2) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət proqramlarının, Naxçıvan Müxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının, habelə müvafiq yerli proqramların həyata keçirilməsi üçün tədbirlər görür;
3) bu Əsasnamədə nəzərdə tutulmuş qaydada öz aparatını təşkil edir, qanunvericiliklə müəyyən edilmiş qaydada şöbə, idarə və xidmətləri, müəssisə, idarə və təşkilatları yaradır və ləğv edir, tabeçiliyində olan orqan, idarə, müəssisə və təşkilatların rəhbərlərini qanunvericiliyə əsasən vəzifəyə təyin və vəzifədən azad edir, onların aktlarını qanunvericiliyə zidd olduqda ləğv edir;
4) yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid məsələlərlə bağlı müvafiq dövlət orqanları, respublikanın va xarici ölkələrin fiziki və hüquqi şəxsləri ilə qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələr bağlayır;
5) müvafiq inzibati-ərazi vahidində müvafiq icra hakimiyyəti orqanları tərəfindən və tabeliyində olan müəssisə, idarə və təşkilatlar tərəfindən vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradır, qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə onlara cavab verilməsini təmin edir və nəzarəti həyata keçirir, vətəndaşların qəbul olunmasını təşkil edir və nəzarəti həyata keçirir; vətəndaşların əsaslandırılmış təkliflərini öz fəaliyyətində nəzərə alır;
6) icra hakimiyyəti orqanlarında işçilərin yerləşdirilməsini, onların ixtisasının artırılmasını təşkil edir;
7) qanunvericiliyə əsasən icra hakimiyyəti başçısı aparatının işçilərinə münasibətdə həvəsləndirmə və intizam tədbirləri tətbiq edir;
8) seçkilərin, ümumxalq səsvermələrinin (referendumların) və müzakirələrin keçirilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edir;
9) müvafiq icra hakimiyyəti orqanları qarşısında ərazinin inkişafına dair məsələlər qaldırır, təkliflər verir;
10) rayonu, şəhəri, şəhər rayonunu dövlət orqanları ilə münasibətlərdə, rəsmi protokol tədbirlərində təmsil edir;
11) icra hakimiyyəti orqanının fəaliyyəti ilə bağlı məlumatların əhaliyə mütəmadi çatdırılması məqsədi ilə kütləvi informasiya vasitələrində məlumatlar verilməsini təmin edir;
12) bu Əsasnamə ilə və Azərbaycan Respublikasını Prezidenti tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirir.
3. Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısı bu maddənin 1-çi hissəsində göstərilən və bu Əsasnamə ilə müəyyən edilən digər vəzifələrlə yanaşı, aşağıdakı vəzifələri də həyata keçirir:
1) şəhər rayonlarının icra hakimiyyəti başçılarına rəhbərliyi həyata keçirir; şəhər rayonlarının icra hakimiyyəti başçılarının hesabatlarını dinləyir;
2) şəhərin iqtisadi, sosial inkişaf və ekoloji proqramlarının, Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmaların layihəsinin və dövlət proqramlarının layihələrinin hazırlanması zamanı şəhər rayonlarının icra hakimiyyəti başçılarından müvafiq təkliflər alır;
3) şəhərin vahid inzibati ərazi kimi idarə edilməsində, ümumşəhər məsələlərinin səmərəli həll edilməsində, şəhərin sosial-iqtisadi inkişafında və səlahiyyətlərinə aid olan digər məsələlərin həllində vəhdəti təmin etmək məqsədi ilə şəhər rayonlarının icra hakimiyyəti başçılarının fəaliyyətini əlaqələndirir;
4) şəhər rayonlarının icra hakimiyyəti başçılarının aktları Azərbaycan Respublikası qanunvericiliyinə zidd olduqda onları ləğv edə bilər.
Maddə 8. Yerli icra hakimiyyəti başçılarının müavinləri
1. İcra hakimiyyəti başçılarının müavinləri icra hakimiyyəti başçısının apardığı vəzifə bölgüsünə əsasən rayonun, şəhərin və şəhər rayonlarının ərazisində icra idarəetmə fəaliyyətini həyata keçirir, icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirir.
İcra hakimiyyəti başçısı olmadıqda və ya öz səlahiyyətlərini icra etməyə iqtidarı olmadıqda vəzifə bölgüsünə əsasən onun müavinlərindən biri icra hakimiyyəti başçısının səlahiyyətlərini həyata keçirir.
2. Rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının müavinləri Azərbaycan Respublikası Prezidenti İcra Apparatının rəhbəri ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
Naxçıvan Muxtar Respublikasında müvafiq icra hakimiyyəti başçılarının müavinləri Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsi ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
Bakı şəhər icra hakimiyyəti başçısının müavinləri Azərbaycan Prezidenti İcra Apparatının rəhbəri ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
3. Bu Əsasnamənin 5-ci maddəsinin 2-ci hissəsində müəyyən edmlmiş müddəalar icra hakimiyyəti başçısının müavininə də şamil edilir.
Maddə 9. Yerli icra hakimiyyəti başçısı yanında Şura
1. İcra hakimiyyəti başçısı öz yanında rayonun, şəhərin və şəhər rayonunun iqtisadi, sosial-mədəni və digər yerli məsələlərinin baxılması (müzakirəsi) və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə daimi məşvərətçi orqan olan Şura yaradır. Şuranın tərkibi 15 nəfərədək ola bilər.
2. İcra hakimiyyəti başçısı yanında Şuranın tərkibinə aşağıdakılar daxildir: icra hakimiyyəti başçısı, icra hakimiyyəti başçısının müavinləri, icra hakimiyyəti başçısının mülahizəsinə əsasən icra hakimiyyəti başçısısı aparatının, şöbə, idarə və digər xidmətlərinin rəhbərləri, rayonun və şəhərin ərazisində yerləşən idarələrin, təşkilatların və müəssisələrin rəhbərləri.
3. İcra hakimiyyəti başçısının yanında Şuranın iclasları ayda iki dəfədən az olmayaraq keçirilir.
Şuranın iclaslarını icra hakimiyyətinin başçısı, icra hakimiyyətinin başçısı olmadıqda vəzifə bölgüsünə əsasən onu əvəz edən müavini çağırır və iclasa sədrlik edir.
Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokollarla rəsmiləşdirilir və tövsiyə xarakteri daşıyır.
Maddə 10. Yerli icra hakimiyyəti başçısının aparatı
1. İcra hakimiyyəti başçısının fəaliyyətinin təmin edilməsi məqsədi ilə onun aparatı yaradılır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş icra hakimiyyəti başçısı aparatının nümunəvi strukturuna və ştat cədvəlinə uyğun olaraq icra hakimiyyəti başçısı Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Müxtar Respublikasında – Naxçıvan Müxtar Respublikasının büdcəsindən) bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı ilə razılaşdırmaqla öz aparatının strukturunu və ştat cədvəlini təsdiq edir.
2. Bu Əsasnamənin 5-ci maddəsinin 2-ci hissəsində müəyyən edilmiş müddəalar icra hakimiyyəti başçısının aparatının vəzifəli şəxslərinə də şamil edilir.
İcra hakimiyyəti başçısı aparatının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilir.
Maddə 11. Yerli icra hakimiyyətlərinin şöbə, idarə və digər xidmətləri
1. İcra hakimiyyəti başçısı müvafiq ərazidə iqtisadi, sosial-mədəni inkişaf məsələlərinin və onun səlahiyyətlərinə bu Əsasnamə ilə və Azərbaycan Respublikasının Prezidenti tərəfindən aid edilən digər məsələlərin həllini təmin etmək məqsədi ilə büdcədə nəzərdə tutulmuş xərclər dairəsində, habelə özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərən hüquqi şəxs statusu olan şöbə, idarə və digər xidmətlərinin yaradılması barədə təkliflər verə bilər.
Bu maddənin 1-ci hissəsinin birinci abzasında göstərilən şöbə, idarə və digər xidmətlər haqqında Əsasnamələri Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti başçısı təsdiq edir.
İcra hakimiyyəti orqanının şöbə, idarə və digər xidmətləri ikili tabelikdə ola bilər, yəni həm müvafiq yerli icra hakimiyyəti orqanına, həm də funksional məsələlər üzrə Azərbaycan Respublikasının müvafiq nazirliklərinə və digər mərkəzi icra hakimiyyəti orqanlarına tabe ola bilər.
İcra hakimiyyəti başçısının ikili tabelikdə olan orqanlarının rəhbərləri, bu maddənin 1-ci hissəsinin beşinci abzasında müəyyən edilmiş hallardan başqa, icra hakimiyyəti başçısı tərəfindən müvafiq mərkəzi icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təyin edilir.
Rayon, şəhər və şəhər rayonu daxili işlər şöbəsinin (idarəsinin) rəisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanının rəhbəri yerli icra hakimiyyəti başçısı ilə razılaşdırılmaqla müvafiq surətdə Azərbaycan Respublikasının daxili işlər naziri və ədliyyə naziri tərəfindən təyin edilir.
2. Bu Əsasnamənin 5-ci maddəsinin 2-ci hissəsində müəyyən edilmiş müddəalar icra hakimiyyəti orqanının şöbələrinin, idarələrinin və digər xidmətlərinin vəzifəli şəxslərinə də şamil edilir.
3. Yerli icra hakimiyyəti orqanının şöbələri, idarələri va digər xidmətləri Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında – Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayırmalar hesabına maliyyələşdirilir və ya özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərir.
Maddə 13. Yerli icra hakimiyyətlərinin aktları
1. İcra hakimiyyəti başçısı səlahiyyətləri daxilində sərəncamlar və əmrlər verir.
2. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin V hissəsinə müvafiq olaraq öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər. Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları başqa qayda nəzərdə tutulmayıbsa, dərc edildiyi gündən qüvvəyə minir.
3. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanlarının aktlarını Azərbaycan Respublikasının Prezidenti ləğv edir.
Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti orqanlarının aktlarını həm də Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi ləğv edə bilər.
Bu Əsasnamənin 7-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndində müəyyən edilmiş hallarda rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısı şəhər rayonlarının icra hakimiyyəti orqanlarının aktlarını ləğv edə bilər.
4. Yerli icra hakimiyyəti orqanının səlahiyyətləri çərçivəsində qəbul edilmiş normativ xarakterli aktlar müvafiq ərazidə yerləşən hüquqi şəxslər və vətəndaşlar tərəfindən yerinə yetirilməlidir.
Maddə 14. Yerli icra hakimiyyəti orqanlarının məsuliyyəti
1. Yerli icra hakimiyyəti başçıları, onların aparatlarının, şöbə, idarə və digər xidmətlərinin vəzifəli şəxsləri fəaliyyətlərinə və qəbul etdikləri qərarlara görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
2. Yerlərdə icra hakimiyyətinin vəzifəli şəxslərinin qərarları qanunvericiliyə zidd olduqda, vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozduqda onların qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır.
Maddə 15. Yerli icra hakimiyyəti orqanlarının digər orqanlarla qarşılıqlı münasibətləri
Yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə fəaliyyət göstərən dövlət orqanları və bələdiyyə orqanları ilə qarşılıqlı fəaliyyətini təmin edir.
III. YERLİ İCRA HAKİMİYYƏTLƏRİNİN FƏALİYYƏTİNİN İQTİSADİ ƏSASLARI
Maddə 16. Yerli icra hakimiyyətlərinin fəaliyyətinin iqtisadi əsasları
Yerli icra hakimiyyətlərinin fəaliyyətinin iqtisadi əsaslarını Azərbaycan Respublikası qanunvericiliynə əsasən bu orqanların sərəncamına verilmiş yerli icra hakimiyyətinin fəaliyyətini təmin edən və müvafiq ərazinin tələbatlarının ödənilməsinə xidmət edən dövlət mülkiyyətində olan əmlak təşkil edir.
Maddə 17. Yerli icra hakimiyyətlərinin sərəncamnıda olan əmlakın tərkibi
1. Yerli icra hakimiyyətinin sərəncamında olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında – Naxçıvan muxtar Respublikasının büdcəsindən) ayrılan vəsaitlər və məqsədli fondların vəsaiti, dövlət yaşayış fondu, dövlət yaşayış fondunun evlərində qeyri-yaşayış binaları, mühəndis-kommunikasiya, infrastruktur obyektləri (su kəmərləri, kanalizasiya təsərrüfatları, istilik təchizatı, elektrik təchizatı, qaz təchizatı, şəhər elektrik nəqliyyatı qurğuları və şəbəkələri, digər abadlıq obyektləri), istehlakçılara bilavasitə kommunal xidmətlər göstərən və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və qanunvericiliklə müəyyn edilmiş qaydada onların sərəncamına verilmiş digər əmlak daxildir.
2. Yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, xalq təhsili, mədəniyyət, səhiyyə, icman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni təbəbatının ödənilməsi üçün digər əmlak ola bilər.
Maddə 18. Yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlak barəsində sərəncam verilməsi və onun idarə edilməsi
1. Müvafiq yerli icra hakimiyyətlərinin sərəncamında olan obyektlər üzərində sərəncam verilməsi və onların idarə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
2. Yerli icra hakimiyyətinin başçısının:
1. məqsədli fondların vəsaitləri üzərində sərəncam vermək;
2. yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlak barəsində qanunvericiliklə müəyyn edilmiş qaydada və şərtlərlə hüquqi hərəkətlər etmək hüququ vardır.
3. Dövlət əmlakı yerli icra hakimiyyətlərinin operativ idarəçiliyində və ya tam təsərrüfat səlahiyyətində ola bilər.
Maddə 19. Yerli icra hakimiyyətlərinin dövlət mülkiyyətinin tərkibinə daxil olmayan müəssisə, idarə və təşkilatlarla münasibətləri
1. Yerli icra hakimiyyətlərinin qeyri-dövlət müəssisə, idarə və təşkilatlarlamünasibətləri müqavilə əsasında qurulur.
2. Yerli icra hakimiyyəti başçıları müvafiq ərazilərdə sahibkarlıq fəaliyyətinin inkişafına kömək göstərirlər.
3. Yerli icra hakimiyyəti başçıları müvafiq ərazinin kompleks sosial-iqtisadi inkişafında bütün müəssisələrin və təşkilatların iştirakını və qarşılıqlı əlaqəsini təmin edirlər, istehsal və sosial infrastrukturun, təbiəti mühafizə tədbirlərinin (obyektlərinin) maliyyələşdirilməsi, tikintisi, təmiri və saxlanılması məqsədi ilə könüllülük əsasında fiziki və hüquqi şəxslərin vəsaitlərini cəlb edə bilərlər, həmin vəsaitləri yerli icra hakimiyyəti orqanlarının vəsaitləri ilə birləşdirə bilərlər.
Maddə 20. Yerli icra hakimiyyətlərinin maddi-texniki təminatı
1. Yerli icra hakimiyyətlərin, habelə onların tabeliyində olan müəssisələrin, idarələrin və təşkilatların maddi-texniki təminatı müəyyən edilmiş qaydada birbaşa təsərrüfat əlaqələri, topdansatış və pərakəndə ticarət əsasında, habelə müəyyən edilmiş digər qaydada həytata keçirilir.
2. Ərazinin sosial-iqtisadi inkişafı üçün zəruri maddi resurslar yerli icra hakimiyyətlərinə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, habelə müvafiq mərkəzi icra haikimiyyəti orqanları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılır.
Maddə 21. Yerli icra hakimiyyətlərinin xarici iqtisadi əlaqələrdə iştirakı
Yerli icra hakimiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xarici iqtisadi əlaqələrin həyata keçirilməsində iştirak edə bilərlər.
IV. YERLİ İCRA HAKİMİYYƏTLƏRİNİN FƏALİYYƏTİNİN MALİYYƏ ƏSASLARI
Maddə 22. Yerli icra hakimiyyətlərinin maliyyə mənbələri
Yerli icra hakimiyyətlərin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan və qeyri-büdcə vəsaitindən, alınan kreditlərdən və qanunvericiliklə nəzərdə tutulmuş digər mənbələrdən əldə edilmiş vəsaitdən ibarətdir.
Maddə 23. Dövlət büdcəsindən ayırmalar
1. Yerli iqtisadi və sosial-mədəni inkişafı təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət bödcəsinin (Naxçıvan Muxtar Respublikasında – Naxçıvan Muxtar Respublikasının büdcəsinin) tərkibində müvafiq ərazi vahidləri üçün ayırmalar nəzərdə tutulur.
Dövlət büdcəsindən ayırmalara dair təkliflərin hazırlanması və istifadə edilməsi müvafiq icra hakimiyyəti başçısı tərəfindən həyata keçirilir.
2. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının dövlət orqanları tərəfindən qəbul edilən qərar nəticəsində yerli gəlirlər azaldıqda və ya xərclər artdıqda çatışmayan maliyyə vəsaitləri Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitləri hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməlidir.
Müvafiq büdcələrdən ayırmalaların icrası zamanı əlavə olaraq əldə edilən gəlirlər, habelə gəlirlərin artıqlaması ilə yerinə yetirilməsi nəticəsində və ya xərclərin qənaəti nəticəsində yaranan gəlirlərin xərclərdən artıq olan məbləğləri qanunvericiliyə müvafiq olaraq yerli icra hakimiyyətlərinin sərəncamında qalır və bundan onların öz mülahizəsinə əsasən müvafiq ərazilərin tələbatının ödənilməsi üçün istifadə edilir.
Maddə 24. Məqsədli fondlar
1. Yerli icra hakimiyyəti başçıları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada məqsədli yondlar yaradıla bilər.
2. Məqsədli fondların vəsaitləri qanunvericiliklə müəyyən edilmiş qaydada bank idarələrində saxlanılır və müəyyən edilmiş məqsədlər üçün qanunveriliyə uyğun olaraq yerli icra hakimiyyəti başçıları tərəfindən istifadə edilir.
V. YERLİ İCRA HAKİMİYYƏTİ BAŞÇILARININ SƏLAHİYYƏTLƏRİ
Maddə 25. Rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçılarının planlaşdırma, büdcə, maliyyə və uçot sahəsinə səlahiyyətləri
İcra hakimiyyəti başçısının aşağıdakı məlahiyyətləri vardır:
1. rayonun, şəhərin və şəhər rayonunun sosial-iqtisadi inkişaf və ekoloji proqramlarının hazırlanmasını təşkil etmək və təsdiq etmək, büdcənin formalaşmasına dair müəyyən edilmiş qaydada təkliflər vermək, onların icra olunmasını təşkil etmək, bu haqda hesabatlar vermək;
2. rayonun (şəhərin) planlaşdırılması sxemini və layihəsini təsdiq etmək;
3. iqtisadi və sosial inkişaf üçün zəruri olan maliyyə, pul, əhalinin gəlirləri, əmək ehtiyatlar, torpaq və digər balansların hazırlanmasını təşkil etmək;
4. qanunvericiliklə müəyyən edilmiş qaydada tabeliyində olan müəssisə, idarə və təşkilatlarda uçotun və hesabatın vəziyyətinə cari nəzarət etmək, dövlət statistika orqanlarının işinə kömək göstərmək;
5. məqsədli proqramın maliyyələşdirilməsi üçün fondlar təşkil etmək və onlardan qanunvericilklə müəyyən edilmiş qaydada istifadə etmək;
6. tabeliyində olmayan müəəssisələr tərəfindən müqavilə əsasında ərzaq və qeyri-ərzaq, digər gündəlik tələbat mallarının istehsalını, əhaliyə xidmətlərin göstərilməsini, habelə sosial və istehsal infrastrukturunun tikintisini və rekonstruksiyasını təşkil etmək;
7. təbii fəlakətdən, habelə başqa qəzalardan zərər çəkmiş vətəndaşlara lazımi yardımın göstərilməsini təşkil etmək;
8. rayonun, şəhərin və şəhər rayonunun iqtisadi və sosial-mədəni inkişafını təmin etmək məqsədi ilə kredit vəsaitlərindən istifadə etmək;
9. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.
Maddə 26. Yerli icra hakimiyyətlərinin sərəncamına verilmiş əmlak barəsində, rayonun, şəhərin və şəhər rayonunun ərazisində yerləşən müəssisə, idarə və təşkilatlarla münasibətdə rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçılarının səlahiyyətləri
1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır:
1). rayonun, şəhərin və şəhər rayonunun icra hakimiyyəti orqanının sərəncamında olan əmlaka münasibətdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi hərəkətlər etmək, barəsində sərəncam vermək, tabeliyində olan müəssisələrin, idarələrin və təşkilatların rəhbərlərini, əgər digər qayda nəzərdə tutulmamışsa, qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin etmək və vəzifədən azad etmək, onların işləri barədə məlumatlarını dinləmək; müəyyən edilmiş qaydada müəssisə, idarə və təşkilatlar yaratmaq;
2) sahibkarlığın və kəndli (fermer) təsərrüfatlarının yaradılmasına və fəaliyyət göstərməsinə kömək göstərmək;
3) tabeliyində olan müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirmək, onların yerləşdirilməsi, ixtisaslaşdırılması və inkişaf məsələlərini həll etmək;
4) şəxsi daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçiliyə qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) vermək;
5) tabeliyində olmayan müəssisələrlə, idarələrlə və təşkilatlarla, habelə vətəndaşlarla işlərin (xidmətlərin) yerinə yetirilməsi haqqında müqavilələr bağlamaq;
6) Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.
2. Bu maddənin 1-ci hmssəsinin 4-cü bəndində müəyyən edilmiş səlahiyyətləri rayon və şəhər (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları həyata keçirlər.
Maddə 27. Memarlıq fəaliyyəti, tarix və memarlıq abidələrinin qorunması sahəsində rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının səlahiyyətləri
İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır:
1. qanunvericiliklə müəyyən edilmiş qaydada şəhərsalma və memarlıq məsələləri ilə məşğul olan bölmələri (idarələri, şöbələri) yaratmaq və fəaliyyətini təşkil etmək;
2. öz səlahiyyətləri hüdudlarında mövcud olan qaydalar əsasında təsdiq endilmiş memarlıq layihəsini qeydiyyatdan keçirmək;
3. memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla mövcud qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri hüdudlarında təsdiq etmək;
4. qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə öz səlahiyyətləri hüdudlarında razılıq vermək;
5. tikinti üçün sənədlərin tərtibatı və ya memarlıq obyektinin inşası zamanı müəllifin razılığı ilə memarlıq layihəsinə edilən dəyişikliklər mearlıq-planlaşdırma tapşırığının tələblərindən və ilkin razılaşdırma layihəsindən kənara çıxdıqda, bu dəyişikliklər öz səlahiyyətləri hüdudlarında təsdiq etmək;
6. qanunla müəyyən edilmiş subyektlərə tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görərkən müəyyən edilmiş qaydada icazə vermək və belə icazə alındıqdan sonra torpaq və ya inşaat işləri görən subyektlərə abidələrin qorunması barədə göstərişlər vermək;
7. yerli əhəmiyyətli abidələrin köçürülməsinə müəyyən edilmiş qaydada icazə vermək;
8. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək.
Maddə 28. Kənd təsərrüfatı, torpaqdan istifadə və təbiəti mühafizə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri
1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır:
1) müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək;
2) müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqların istifadə edilməsini planlaşdırmaq;
3) müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil etmək;
4) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsinə kömək etmək;
5) müvafiq ərazidə gigiyena və sanitariya-epidemiologiya tədbirlərinin həyata keçirilməsini təşkil etmək, habelə sanitariya və gigiyena qaydalarına, normalarına riayət olunmasını təmin etmək;
6) ekoloji proqramlar hazırlamaq və təsdiq etmək, respublika ekoloji proqramlarının və tədbirlərinin keçirilməsində iştirak etmək, rayonun, şəhərin və şəhər rayonunun ərazisində ətraf mühitin mühafizəsini təşkil etmək; layihələrin, habelə tikilməkdə olan obyektlərin, torpağı hava və su hövzələrini çirkləndirən müəssisələrin (təşkilatların) işinin ekoloji ekspertizasının keçirilməsini tələb etmək, ekspertizanın nəticələri mənfi olduqda layihələrin yenidən işlənilməsi, müvafiq obyektlərin tikintisinin dayandırılması və ya rekonstruksiyası haqqında qanunvericiliyə uyğun tədbirlər görmək;
7) ekoloji şərait barəsində əhaliyə məlumat vermək, təbii fəlakət və qəza baş verdikdə əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində tədbirlər görmək;
8) baytarlıq təbabəti sahəsində qanunvericiliyə uyğun olaraq yerli icra hakimiyyətlərinin baytarlıq təbabəti xidmətinin müəssisə, idarə və təşkilatlarını yaratmaq, onların fəaliyyətini təşkil etmək və onlara rəhbərliyi həyata keçirmək, baytarlıq təbabəti sahəsində fəaliyyət göstərən dövlət orqanları və digər qurumlarla qarşılıqlı fəaliyyəti təmin etmək, müəyyən edilmiş hallarda və qaydada epizootiya əleyhinə fövqəladə komissiya yaratmaq;
9) meliorasiya və irriqasiya sahəsində respublika proqramlarına uyğun olaraq rayon (şəhər ərazisi) üçün meliorasiya və irriqasiya sahəsində proqrmaları hazırlamaq, təsdiq etmək və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya sistemləri vasitəsi ilə rayon (şəhər) ərazisində həyata keçirilən meliorasiya və irriqasiya tədbirlərinin maliyyələşdirilməsində iştirak etmək, rayon (şəhər) ərazisində təbii fəlakət nəticəsində zədələnmiş və ya dağıdılmış meliorasiya və irriqasiya sistemlərinin bərpa olunması işlərini təşkil etmək;
10) qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək keyfiyyətli toxumalar yetişdirməyə əlverişli fitosanitar və texnoloji şərait yaratmaq məqsədi ilə dövlət toxumçuluq xidməti orqanlarına toxum istehsalı üzrə qapalı rayonlar müəyyən edilə bilməsinə razılıq vermək; yerli toxum fonduna toxum tədarükünü toxumçuluq subyektləri ilə bağlanmış müqavilələr əsasında həyata keçirmək; yerli toxum fondlarına sifariş vermək;
11) qanunvericiliklə müəyyən edilmiş qaydada su objektlərinin istifadəsi və mühafizəsi ilə bağlı tədbirlər görmək;
12) qanunda nəzərdə tutulmuş hallarda və qaydada cərimələrin qoyulması haqqında qərarlar qəbul etmək;
13) Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.
2. Bu maddənin 1-ci hissəsinin 8-ci və 9-cu bəndlərində müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.
3. Qanunvericiliyə müvafiq olaraq yerli toxum fondları müvafiq yerli icra hakimiyyəti başçılarının sərəncamında olur.
Maddə 29. Qaçqınlar və məcburi köçkünlərə münasibətdə rayon və şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri
İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır:
1. müvafiq ərazidə uyğun dövlət orqanları ilə birlikdə qaçqınlara və əmcburi köçkünlərə lazımi kömək göstərmək;
2. öz vəsaitləri və könüllü qaydada cəlb edilmiş vəsaitlər hesabına və məcburi köçkünlərə əlavə yardımlar göstərmək;
3. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.
Maddə 30. Yaşayış məntəqələrində küçə və meydanlara ad verilməsi sahəsində rayon və şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri
İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır:
1. müvafiq ərazidə yaşayış məntəqələrində küçələrə və meydanlara müəyyən edilmiş qaydada ad vermək və yaxud adlarını dəyişdirmək;
2. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.
Maddə 31. Tikinti, nəqliyyat və rabitə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri
1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır:
1) rayonun, şəhərin və şəhər rayonunun planlaşdırılması sxemlərininin və layihələrinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, həyata keçirilməsini təşkil etmək, rayon və şəhərlərin ərazisində aparılan tikintilərin layihələrini və titul siyahılarını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək, sosial-məişət və mənzil tikinti obyektələrinin qəbul edilməsi üzrə dövlət komissiyaları yaratmaq və onların istifadəyə verilməsi haqqında aktları qəbul etmək;
2) müvafiq ərazidə öz səlahiyyətləri və ya pay qaydasında iştirak əsasında sosial və istehsal infrastruktur obyektlərinin tikintisini və təmirini təşkil etmək, həmin obyektlərin sifarişçisi kimi çıxış etmək;
3) tabeliyində olan nəqliyyat müəssisələrinin və təşkilatlarının işinə rəhbərlik etmək, yerli sərnişin nəqliyyatı marşrutlarını və onların hərəkət qrafiklərini təsdiq etmək, müqavilə formasında olan müəssisələri və təşkilatları, vətəndaşları əhaliyə nəqliyyat xidməti göstərilməsinə cəlb etmək;
4) şəhərdaxili sərnişin daşınmasına qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) vermək;
5) qanunvericiliklə müəyyən edilmiş qaydada rabitə müəssisələrinin, radio və televiziyanın işinə kömək etmək; qanunvericiliklə müəyyən edilmiş qaydada rabitə müəssisələri ilə qarşılıqlı fəaliyyəti həyata keçirmək;
6) Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.
2. Bu maddənin 1-ci hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş səlahiyyətləri şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları həyata keçirirlər.
Maddə 32. Mənzil-kommunal təsərrüfatı, ticarətin və əhali üçün digər xidmətlərin təşkil edilməsi sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri
1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır:
1) dövlət mülkiyyətində olan mənzil fondunun, kommunal və yol təsərrüfatının istisamarını və müvafiq surətdə idarə olunmasını təşkil etmək, müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin fəaliyyətinə nəzarəti həyata keçirmək;
2) qanunvericiliyə müvafiq olaraq mülkiyyət formasından asılı olmayaraq ticarət, ictimai iaşə, məişət xidməti müəssisələrinin lazımi istismarına və əhaliyə xidmətin təşkil edilməsinə nəzarəti həyata keçirmək, istehlakçıların hüquqlarının müdafiəsini qanunvericiliklə müəyyən edilmiş qaydada təmin etmək;
3) yerli yarmarkaları təşkil etmək; əhaliyə bütün növlərdən olan xidmətin inkişafına kömək göstərmək;
4) mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotunu aparmaq və dövlət yaşayış fonduna daxil olan binalarda onlara mənzil vermək;
5) kooperativ və fərdi tikintinin inkişafına kömək göstərmək;
6) şəhər, kənd yaşayış məntəqələrində və başqa ərazilərdə küçə reklamının yerləşdirilməsinə icazə vemək;
7) elektrik, su kəməri, kanalizasiya, istilik və qaz şəbəkələrinin və qurğularının istismarını təşkil etmək, onların fasiləsiz işini təmin etmək, yaşayış məntəqələrinin onların öz hesabına və müqavilələr əsasında elektrikləşdirilməsi, qaz və su ilə təchizatı məsələlərini həll etmək, suyun keyfiyyətinə nəzarəti həyata keçirmək və lazım olduqda zəruri olan tədbirlər görmək, müvafiq ərazidə müəssisələr və təşkilatlar tərəfindən tikilən elektrik, su kəməri, kanalizasiya, istilik və qaz şəbəkələri və qurğularının tikintisinə dair rəy vermək, əhalinin yanacaqla təmin olunması üçün tədbirlər görmək; məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi və bu sahədə başqa məntəqələrin həlli üçün tədbirlər görmək;
8) yaşayış məntəqələrində abadlıq işlərini təşkil etmək, müqavilə əsasında bu işlərin aparılmasına müəssisə, idarə və təşkilatların, habelə əhalinin vəsaitlərini cəlb etmək, istehsalat ərazilərində abadlıq işlərinin aparılmasına nəzarət etmək, yaşıllaşdırma işini həyata keçirmək, yaşıllıqların qorunmasını, vətəndaşların istirahət yerlərini təşkil etmək;
9) Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.
2. Bu maddənin 1-ci hissəsinin 2-ci bəndində müəyyən edilmiş səlahiyyətləri rayon və şəhər icra hakimiyyətləri orqanları həyata keçirirlər.
Maddə 33. Əhaliyə sosial-mədəni xidmətlərin göstərilməsi sahəsində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri
1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır:
1) rayonun, şəhərin və şəhər rayonunun tabeliyində olan xalq təhsili, mədəniyyət, səhiyyə, sosial təyinatlı, idman və bədən tərbiyəsi orqanlarının işinə ümumi rəhbərliyi həyata keçirmək;
uşaqların, gənclərin tərbiyəsi üçün lazımi şərait yaratmaq, onların qabiliyyətlərinin, peşə yönümünün inkişafı üçün lazımi tədbirlər görmək; məktəbəqədər və məktəbdənkənar tərbiyə-təhsil müəssisələrinin, uşaq, gənclər və elmi-maarifçilik təşkilatlarının işinə kömək göstərmək;
2) müvafiq ərazidə xalq təhsili müəssisələri şəbəkəsinin inkişafını planlaşdırmaq, icbari ümumi orta təhsilin təşkilini təmin etmək, öz vəsaitlərinin və cəlb edilmiş vəsaitlərin hesabına rayonun, şəhərin və şəhər rayonunun ümumtəhsil fondunu yaratmaq;
3) qanunvericiliklə müəyyən edilmiş qaydada sosial-mədəni, idman və bədən tərbiyəsi təyinatlı obyektlər yaratmaq və onların işini təşkil etmək; yaşayış yerləri üzrə və kütləvi istirahət yerlərində bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün şərait yaratmaq;
4) əhaliyə tibbi yardım göstərilməsini təşkil etmək, müəyyən edilmiş qaydada xəstəliklərin profilaktikası və əhalinin sağlamlığının möhkəmləndirilməsi, ətraf mühitin sağlamlaşdırılması proqramlarını hazırlamaq və təsdiq etmək;
5) tarix, mədəniyyət və təbiət abidələrinin mühafizəsini və onlardan istifadə işini təşkil etmək; xalq yaradıcılığının inkişafına kömək göstərmək;
6) mədəni-maarif idarələrinin işini təşkil etmək;
7) kino və videl filmlərin kütləvi nümayiş etdirilməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) vermək;
8) Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.
2. Bu maddənin 1-ci hissəsinin 7-ci bəndində müəyyən edilmiş səlahiyyətləri şəhər və rayon (şəhər rayonları istisna olmaqla) yerli icra hakimiyyətləri orqanları həyata keçirirlər.
Maddə 34. Əhalinin sosial müdafiəsi sahəsində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri
İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır:
1. sosial təminat işinin həyata keçirilməsinə kömək və nəzarət etmək, sərəncamında olan və könüllü qaydada cəlb edilmiş vəsaitlərin hesabına aztəminatlı vətəndaşlara və pensiyaçılara əlavə müavinətlər və güzəştlər təyin etmək və ödəmək;
2. qanunvericiliklə müəyyən edilmiş qaydada əlillərin sosial müdafiəsini təmin etmək;
3. ailə başçısını itirən ailələrin, evdə quluq tələb olunan əlillərin, müharibə və əmək veteranlarının, qocaların mənzil və maddi-məişət şəraitlərinin yaxşılaşdırılması, habelə ehtiyacı olan vətəndaşların qocalar evlərinə və digər sosial yardım müəssisələrində yerləşdirilməsi üçün tədbirlər görmək;
4. qanunvericiliklə müəyyən edilmiş qaydada qəyyumluq və himayəlik, övladığa götürmək məsələlərini həll etmək, müvafiq orqanların işinə rəhbərlik etmək;
5. öz vəsaitləri və könüllü qaydada cəlb edilmiş vəsaitlər hesabına anaların və uşaqların, çoxuşaqlı ailələrinə həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədar onlara imtiyazlar, müavinətlər və üstünlüklər vermək; valideyn himayəsi olmayan uşaqların tərbiyə edilməsi üçün onların uşaq evlərində, internat məktəbələrində, ailələrdə yerləşdirilməsini təmin etmək;
6. yerli icra hakimiyyəti orqanlarının vəsaitəri hesabına kömək göstərilən şəxslərin uçotunu aparmaq;
7. qanunvericiliklə müəyyən olunmuş qaydada işləməyən vətəndaşların uçotunun aparılması, əhalinin işlə təmin edilməsi, məşğuluq səviyyəsinin artırılması üçün tədbirlər görmək (o cümlədən, ərazi məşğulluq proqramları) və həyata keçirmək;
8. qanunvericiliklə müəyyən edilmiş qaydada həmkarlar ittifaqları və işəgötürənlərin ərazi birlikləri ilə ərazi (rayon) kollektiv sazişi bağlamaq və onun həyata keçirilməsinə nəzarət etmək;
9. əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə büdcə, qeyri-büdcə və könüllü qaydada cəlb edilmiş vəsaitlərin hesabına tabeliyində olan müəssisə, idarə və təşkilatlarda isə müqavilələr əsasında işsiz kimi qeydə alınmış şəxslər üçün, habelə oxuyan və tələbə gənclər üçün ödənişli ictimai işlər təşkil etmək;
10. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.
Maddə 35. Qanunçuluğun təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri
1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır:
1) səlahiyyətləri daxilində müvafiq ərazidə Azərbaycan Respublikası Konstitusiyasının, qanunların, Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, digər normativ-hüquqi aktların həyata keçirilməsinə nəzarəti həyata keçirmək, vətəndaşların hüquq və azadlıqlarının müdafiə edilməsi üçün tədbirlər görmək;
2) məhkəmə, prokurorluq və ədliyyə orqanlarına onların işində kömək etmək, onlardan müvafiq ərazidə ictimai asayişin qorunması, kriminogen vəziyyət, habelə vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasının təmin olunması haqqında məlumatlar almaq;
3) vətəndaşların həqiqi hərbi xidmətə çağırılmasına, hərbi təlim toplanışlarının və ibtidai hərbi hazırlığın təşkilinə və keçirilməsinə qanunvericiliyə uyğun olaraq kömək etmək;
4) qanunvericiliyə uyğun olaraq yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsi ilə əlaqədar məsələləri həll etmək;
5) qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq ərazidə mülki müdafiə tədbirlərini həyata keçirmək;
6) vətəndaşların qəbulu, onların ərizə, təklif və şikayətlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını təşkil etmək, səlahiyyətləri daxilində onlara dair lazımi tədbirlər görmək, tabeliyində olan idarə, təşkilat və müəssisələrdə həmin işin təşkilinə nəzarəti həyata keçirmək;
7) qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmamışların işləri üzrə rayon, şəhər və şəhərdə rayon komissiyaları yaratmaq, onların maddi-texniki təminatını təmin etmək, işlərinə kömək göstərmək;
8) təbii fəlakətlər və ya digər fövqəladə hadisələr olduqda müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətininin təmin edilməsi, dövlət və xüsusi mülkiyyətin qorunması, ictimai qaydalara riayət olunması, insanların həyatının xilas edilməsi, onların sağlamlığının və hüquqlarının qorunması, maddi sərvətlərin qorunub saxlanılması məqsədi ilə lazımi tədbirlər görmək;
9) tabeliyində olan icra hakimiyyəti orqanlarının, rayonun, şəhərin və şəhər rayonunun tabeliyində olan müəssisələrin, idarə və təşkilatların rəhbərlərinin qanunvericiliyinə zidd əmrlərini öz səlahiyyətləri daxilində ləğv etmək;
10) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarına rəhbərliyi həyata keçirmək;
11) qanunda nəzərdə tutulmuş hallarda və qaydada cərimələrin qoyulması haqqında qərarlar qəbul etmək;
12) Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.
2. Bu maddənin 1-ci hissəsinin 4-cü bəndində müəyyən edilmiş səlahiyyətləri şəhər və rayon icra hakimiyyətləri orqanları həyata keçirirlər.
VI. RAYON TABELİ ŞƏHƏRLƏRDƏ, QƏSƏBƏLƏRDƏ VƏ KƏNDLƏRDƏ İCRA HAKİMİYYƏTLƏRİ
Maddə 36. Rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhərdə rayon icra hakimiyyəti başçılarının nümayəndəliyi
1. Rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhərdə rayon icra hakimiyyəti başçılarının nümayəndəliyi fəaliyyət göstərir. Rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəsi:
1) rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir;
2) vətəndaşların qəbulunu həyata keçirir, onların şikayət, ərizə və təkliflərinə baxır və lazımi tədbirlər görür;
3) qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparın, notariat işlərini görür, vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və qanunvericiliklə nəzərdə tutulmuş digər arayışlar verir;
4) Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir.
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»,
1999-cu il, №6, maddə 345
KORRUPSİYA.AZ……
Paylaş