Tərtər cəbhə xəttində yerləşən, ən gərgin döyüşlərin getdiyi rayonlarımızdan biridir
Erməni işğalçılarının mütəmadi olaraq atəşkəs rejimini pozması, təxribatlara əl atmaq üçün dəridən, qabıqdan çıxması fonunda gərginlik yaşayan rayonda həyat qaynayır.
Bu qaynamanın səbəbi Tərtər camaatının təsərrüfat işlərində fəal olması və rayonun icra başçısı Müstəqim Məmmədovun gərgin iş qrafikidir. Bu barədə Ulus.Az-a yerli sakinlər məlumat verib.
Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür.
RİH başçısı cənab Müstəqim Məmmədov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.
Hazırda rayonda aparılan işlər sırasında mühüm yerlərdən birini də sahibkarlığın inkişaf etdirilməsidir. Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə də yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir.
Belə ki, Müstəqim Məmmədov rayonda sahibkarlığın inkişafı üçün zəruri olan bütün addımları atır. Bununla bağlı, hətta xüsusi nəzarət işləri də reallaşdırılır.
İcra başçısı özü də bildirir ki, dövlət tərəfindən iş adamlarına bütün dəstək verilir. Onlar üçün mövcud olan bütün bürokratik əngəllər aradan qaldırılır.
yerli sakinlər bildirirlər ki, M.Məmmədovun vaxtında Bakıya gedən şikayətlər tamamilə azalıb. Çünki icra başçısı problemi olan hər kəsi qəbul edib dinləyir.
Rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə də bir sıra addımlar atılır. Tərtər camaatının əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğu məlumdur.
Hazırda Müstəqim Məmmədovun rəhbərliyi altında bu sahələrdə bir sıra yeniliklərin edildiyi, böyük naliyyətlər əldə edilməsi üçün zəruri təxirə salınmaz addımlar atılır. Əhali ilə görüşlər keçirilərək, onların problemləri dinlənilir və yardımlar edilir.
Manatın növbəti dəfə devalivasiyasından sonra bəzi möhtəkirlər süni qiymət artımlarına gedərək, asan yolla daha çox qazanc əldə etməyə çalışırlar. Bunun qarşısını almaq üçün Tərtər rayonunda da zəruri tədbirlər görülür.
Rayonun iqtisadi inkişafının təmin olunması üçün atılan bütün addımlara gəldikdə isə Müstəqim Məmmədovun bu gərgin əməyi də bəhrəsini verməkdədir.
Qeyd edək ki, Tərtərdə hazırda iqtisadiyyatın inkişaf etdirilməsi üçün icra başçısı tutarlı addımlar atır, işlər görür, real nəticələr əldə edir.
Elə bu səbəbdəndir ki, son bir ildə Tərtərdə iqtisadi inkişaf üzrə artım artıq xeyli yüksəlib. Və bu ildən etibarən həmin inkişafın iki dəfə artması gözləntiləri var. Rayonda işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması sahəsində də əsaslı addımlar atılıb.