Müasir Azərbaycanda bank borclarının yığılması ilə təkcə bank strukturları deyil, kollektor agentliyi adlanan şirkətlər də məşğul olur. Kollektor şirkətləri kredit verən qurumlarla borclunun arasında vasitəçilik edərək birincinin marağını qoruyur.

Bütün dünyada peşəkar kollektorlar öz fəaliyyətində sivil metodlardan və vasitələrdən istifadə edirlər.

Məhkəməyədək dövrdə bu vasitələr borclu ilə SMS –lə əlaqə, borcla bağlı məlumatın göndərilməsi, borcluya telefon zəngi, adi və elektron məktub yazışması, şəxsi görüş və s-dən ibarətdir.

Borclu ilə ünsiyyət və əlaqə ciddi qanun çərçivəsində olur və hər hansı hədə-qorxudan, təhdiddən söhbət gedə bilməz.

Peşəkar kollektor maliyyə məsləhətçisi kimi çıxış edərək borcluya borcu qaytarmamağın neqativ nəticələrini izah edir və vətəndaşa problemdən çıxış yollarını göstərir.

Sivil metodlardan istifadə edən kollektor məhkəməyədək prosesə qoşulmaqla həm vaxt itkisinin, həm də kreditorla borclunun vəsaitlərinin artıq xərclənməsinin qarşısını alır və bu məsələdə borcluya kömək edir.

Əgər borclu ilə razılaşma alınmasa məsələ məhkəməyə göndərilir. Bu halda kollektor agentliyinin mütəxəssisləri məhkəmə prosesini tam müşahiət edir. Burda da hər şey ciddi şəkildə qanun şərçivəsində baş verir.

Ancaq “boz” kollektor adlananlar üçün isə qanun, peşə etikası deyilən şey yoxdur.

Günün istənilən vaxtı, gündüz-gecə fərq etməz, borclunu narahat edir, ona hədə-qorxu gəlir, yolverilməz ifadələr işlədir, vətəndaşın yaşadığı binanın girişndə borcla bağlı xəbərdarlıq asırlar, borclunun bütün bank sirrlərini yayırlar.

Və nəticədə şirkətlərin reputasiyası zədələnir, sadə adamların şüurunda kollektorların çox eybəcər obrazı formalaşır, insanların bu quruma inamsızlığı yaranır. (sequoia.ru)

2 iyun 2017-ci il tarixdə Kavkaznews.az saytında “Kollektorun sığorta sirrini pozmağa ixtiyarı yox idi” başlıqlı məqalə dərc olunub.

Məqalə Qafqaz Hüquq Mərkəzinin rəhbəri İlqar Abbasov redaksiyaya müraciəti əsasında hazırlanıb.

Abbasovun sözlərinə görə, bu yaxınlarda onun müştərisi olan Orxan Sultanovun mənzilinə Emin adlı şəxs zəng edib: “ Telefona Orxan Sultanovun rəhmətlik əmisinin həyat yoldaşı ( hansıki oğlu ilə birgə yaşayır ) cavab verib.

Emin bildirib ki, o kolektordur və onda Orxan Sultanovun gətirilməsi ilə bağlı məhkəmə qərarı var”.

Qafqaz Hüquq Mərkəzinin baş direktoru Qafqaz Xəbər Agentliyinə bildirib ki, bu məsələ Orxan Sultanovun  “PAŞA Sığorta”-ya olan borcu ilə bağlıdır.

Məsələ ilə bağlı vəkil Elmar Süleymanov Qafqaz Xəbər Agentliyinəbildirdi ki, kredit müqaviləsi bank sirrinin bir hissəsidir: “Müştərinin icazəsi olmadan bu informasiyanı yaymağa bankın ixtiyarı yoxdur. Bura sığorta sirri də aiddir. Sığortalanan şəxsin razılığı olmadan onun harada və necə sığorta olunması ilə bağlı məlumat yaymaq olmaz. “Sığorta haqqında” qanunun 6-cı maddəsində (sığorta sirri ) qeyd olunur ki, sığortalananın adı-soyadı, ünvanı və digər şəxsi məlumatlar sığorta sirri hesab edilir. Sığorta məbləği və sığorta haqqı da sığorta sirrinə aiddir”.

BOA Kollektor şirkətinin nümayəndəsi Emin ( soyadını demədi ) Qafqaz Xəbər Agentliyinə bildirib ki, bizim “PAŞA Sığorta” ilə müqaviləmiz var və bizim ixtiyarımız var ki, Orxan Sultanovun evinə zəng edib onun borcu barədə məlumat verək. (Kavkaznews.az).

Məsələ ilə bağlı Milli Məclisin üzvü, Sosial-demokrat partiyasının sədri Araz Əlizadə Qafqaz Xəbər Agentliyinə bildirdi ki, kollektor şirkətlərinin Azərbaycanda fəaliyyəti qanunsuzdur, çünki ölkəmizdə “Kollektor fəaliyyəti haqqında” Qanun qəbul olunmayıb: “ Mən bu barədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişəm. DİN-dən mənə cavab verilib ki, kollektor şirkəti Vergilər Nazirliyində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyekt kimi qeydiyyatdan keçib. Mən DİN-in bu cavabını başdan eləmək kimi qiymətləndirirəm”.

Məsələ ilə bağlı vəkil Kamandar Nəsibovun da fikirlərini öyrəndik. Vəkil Qafqaz Xəbər Agentliyinə bildirdi ki, nə qədər ki, kollektor fəaliyyəti haqqında qanun qəbul olunmayıb, bu şirkətlərin qanuni fəaliyyətindən danışmaq olmaz:” Amma buna baxmayaraq ölkəmizdə kollektor şirkətləri fəaliyyət göstərir”.

Vəkil DİN-in cavabını belə şərh etdi: “Fərz edək ki, kollektor şirkəti həqiqətən də fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Axı, fərdi sahibkarlıq faəliyyəti də qanunlar çərçivəsində olmalıdır”.

Vəkil Xalid Bağırov isə bildirdi ki, kollektor şirkətləri hüquqi şəxsdir: “Fərdi sahibkarlıq fəaliyyəti ilə ancaq fiziki şəxslər məşğul ola bilər. DİN-dən soruşmaq lazımdır ki, hüquqi şəxs necə fərdi sahibkarlıqla məşğul olur?”.

Paylaş