Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Regional güc mərkəzi olan Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir.
Ölkəmiz beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Bu barədə Ulus.Az-ın Siyasət Şöbəsi məlumat yayıb. Şübhəsiz, bunun əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır.
Milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.
Ümumiyyətlə, istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir.
Şübhəsiz ki, indiyə qədər ayrı-ayrı mərkəzlərin, müəyyən dairələrin müstəqil milli dövlətlərin daxili işinə qarışması halları bir çox ziddiyyətlərin, qarşıdurma və münaqişələrin meydana çıxmasına səbəb olub.
Reallıq budur ki, müstəqil siyasət yeridən ölkələr daha çox hədəf kimi seçilir və daxili işinə qarışılır. Bu mənada zaman-zaman bəzi qərəzli dairələrin Azərbaycanın da daxili işinə qarışmaq cəhdləri müşahidə edilir.
bəzi hallarda müəyyən mərkəzlər öz korporativ maraqları əsasında müstəqil Azərbaycanın inamla və ləyaqətlə həyata keçirdiyi daxili və xarici siyasət kursuna müdaxilə etməyə çalışırlar.
Bu baxımdan, özünü büruzə verən əsas tendensiya Azərbaycanın yürütdüyü müstəqil siyasət kursunu məhdudlaşdırmaq, öz milli maraqlarının müdafiəsinə xidmət edən manevr imkanlarını azaltmaqdır.
Əlbəttə, bütün hallarda, Cənubi Qafqaz geosiyasi məkanının güc mərkəzi – lider dövləti olan Azərbaycan öz inkişaf yolunda inamla irəliləyir və Azərbaycan xalqına, dövlətinə qarşı yönələn bu cür məkrli niyyətlər, qərəzli planlar və uğursuz cəhdlər heç bir nəticə verməyəcək.
Nəticə etibarilə, hər hansı bir güc mərkəzindən asılı olmayan, milli mənafelərin təminatını əsas prinsip olaraq qəbul edən Azərbaycan dövlətinin suveren siyasi iradəsi onu tələb edir ki, ölkələrarası münasibətlər sırf bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət əsasında davam və inkişaf etdirilsin.
Bəzi xarici anti-Azərbaycan dairələr, xüsusilə də Ermənistan və erməni lobbisi uzun illərdir Gürcüstanla Azərbaycan arasında olan isti münasibətləri pozmağa və iki dost ölkə arasında gərginlik yaratmağa cəhd göstərir.
Azərbaycanla Gürcüstan bir çox fundamental məsələdə ortaq mövqeyə malikdir, strateji tərəfdaşlığa malik dövlətlərdir. Xüsusən enerji, nəqliyyat və digər sferalarda iki ölkənin çox sıx münasibətləri var.ulus.az