ABŞ-ın “Kentucky Fried Chicken”, yaxud KFC fast food restoranları dünyanın bir çox ölkələrində olduğu kimi, 2010-cu ildən Bakıda da fəaliyyət göstərir

Bu ticarət markasının Azərbaycandakı fəaliyyəti ilə bağlı mətbuatda bir-birini təkzib edən fikirlər səslənir.

Bəzi mətbu orqanlar KFC fast food restoranlarının ölkəmizə keçmiş oliqarxlar – ata-oğul Nəsib və Nizami Piriyevlər tərəfindən gətirildiyini iddia edirdi.

Hətta belə fikir var idi ki, Piriyevlərin dünyanın bir çox başqa MDB ölkələrində də KFC restoranları fəaliyyət göstərir.

Məsələn, bir neçə il əvvəl mətbuatda azərbaycanlı iş adamı Nəsib Priyevin Ukraynada yaratdığı “Ukrayna qida şirkəti” MMC-nin Kiyevdə ilk “Kentucky Fried Chicken” (KFC) restoranı açdığı haqda informasiya verilmişdi.

Bəzi mənbələr isə bu brendin Azərbaycana keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən gətirildiyini iddia edirdi.

Buna əsas kimi o göstərilirdi ki, KFC-ni Azərbaycana A.Məmmədovun rəhbərlik etdiyi “Garant Holding”ə məxsus AFK şirkəti gətirib. Elə KFC restoranlar şəbəkəsinin saytında da bu haqda qeyd olunur.

Amma bir neçə ay əvvəl Türkiyənin məşhur “Hürriyyət” qəzeti yazmışdı ki, KFC restoranları “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun oğluna məxsusdur.

Bu şirkətin Bakıdakı ən böyük restoranının 28 may metrosunun yaxınlığındakı “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan binada yerləşməsi heç də təsadüf deyilmiş.

Qeyd olunur ki, PNN Group-un rəhbəri Nizami Piriyev “Beynəlxalq Bank işi” çərçivəsində həbs olunandan və Ziya Məmmədov nəqliyyat naziri vəzifəsindən uzaqlaşdırılandan sonra KFC restoranlar şəbəkəsi Cavid Qurbanovun nəzarətinə keçib. Hazırda bu şirkətə onun oğlu Şəmşir Şəmşirlinin rəhbərlik etdiyi vurğulanır.

Mənbə deyir ki, Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda vitse-konsul vəzifəsində çalışan Ş.Şəmşirli, paralel olaraq Türkiyədə böyük biznes şəbəkəsinə də rəhbərlik edir.

BakuPost.az yada salır ki, «Gilan Holding» şirkətlər qrupu korporativ saytını qismən yeniləyərək, ticarət və ictimai iaşə sektorunda fəaliyyət göstərən bir neçə müəssisəni bir arada təqdim edib.

Onların arasında «AFK» MMC də var. Bu məlumatdan belə nəticə çıxarılıb ki, KFC restoranlar şəbəkəsi Məmmədovların əlindən alınaraq “Gilan holding”ə verilib. Amma araşdırmalarımız zamanı məlum olub ki, əslində “Gilan holding”in əvvəldən bu şəbəkədə payı var imiş.

Z.Məmmədovun vəzifəsindən gedişindən sonra KFC restoranlar şəbəkəsinin bu ailəyə məxsus hissəsi isə “Gilan”a deyil, məhz baş dəmiryolçu C.Qurbanovun oğlunun nəzarətinə keçib.

Bu dəqiqləşdirmə nəticəsində KFC-nin Məmmədovlara aid səhminin Ş.Şəmşirlinin kurasiyasına keçdiyinin ortaya çıxması “Hüriyyət”in aylar əvvəl yazdıqlarını təsdiqləyir.

Ümumiyyətlə, sabiq nazirin vəzifəsindən uzaqlaşdırılması ilə onun əlindəki bəzi sahələr C.Qurbanova verilib. Məsələn, Azərbaycan Voleybol Federasiyasına prezidentliyi də artıq Z.Məmmədov yox, C.Qurbanov edir… (mia.az)

Paylaş