Azərbaycanın əsasən imkanlı şəxslərinin süfrəsinə çıxarılan nərə balığı da insarçıların nəzarətindədir.
Verilən məlumata görə, nərə balığının Azərbaycandakı inhisarçısı vaxtiylə Nəqliyyat Nazirliyndə departament rəisi işləmiş Elçin Əliyevdir.
AzFakt.com saytı iddia edir ki, Elçin Əliyev həm də ölkəmizə Çindən ekoloji təmiz olmayan məhsul gətirir.
Hazırda Bakı şəhərində nərə balığının bir kiloqramının təxminən 60-80 manat arasında dəyişdiyini yazan sayt bildirir ki, bu növ balığın qiyməti stabil deyil.
Bakı bazarlarında və restoranlarında satılan nərə balığı ilə bağlı aparılan araşdırmalar göstərir ki, qiymətin tez-tez dəyişməsi bu işlə məşğul olan inhisarçı şəxsin istəyi ilə baş verir.
Nərə balığının Xəzər dənizindən qanunsuz tutulması və satışa çıxarılması isə hər kəsə yaxşı məlumdur.
Ölkəmizdə nərə balığının yetişdirilməsi və satışı ilə məşğul olan Neftçala Balıqartırma zavodu da mövcuddur. Lakin paytaxt bazarlarına həftə ərzində çıxarılan tonlarla nərə balığının hamısı Xəzər dənizindən tutulmur. Çünki Xəzərin Azərbaycana aid suları neftlə çirkləndiyinə və Kürün mənsəbinin bağlı olması ilə əlaqədar Xəzərin Azərbaycan sektorunda demək olar ki, nərə balığına çox az təsadüf olunur. Buna görə də Azərbaycan gəmiləri qanunsuz olaraq Qazaxıstan və Türkmənistan sularında, bəzən isə Rusiyaya aid hissədə nərə balığı ovlayırlar.
Sayt iddia edir ki, Azərbaycanın “Balıq kralı” E.Əliyev əvvəllər, hazırda ləğv olunmuş Nəqliyyat Nazirliyndə departament rəisi olsa da, buna paralel olaraq nərə balığının ölkəyə gətirilməsi sahəsində inhisarçı mövqeyini qoruyub və qoruyur.
Onu da qeyd edək ki, bu biznes bütün dünyada çox gəlirli sahə hesab olunur və həddindən artıq bahalı olan bu balığın satışından ciddi gəlir götürürlər.
Araşdırma zamanı məlum olub ki, Azərbaycana gətirilən, standart boya və çəkiyə malik olan nərə balıqları ölkəyə Çindən, həm də dondurulmuş vəziyyətdə təyyarə ilə gətirilir. Bakıda xüsusi dərmanla balıqların donu açıldıqdan sonra əsasən bahalı restoran və şadlıq evlərinə satılır. Bir qismi isə bazarlara ötürülür. Yəni E.Əliyevin bu işdə böyük şəbəkəsi fəaliyyət göstərir. Hətta onun Çində Balıqartırma zavodu açdığı da bildirilir.
Nərə balığının satışı ilə məşul olan və adının çəkilməsini istəməyən şəxs bildirib ki, E.Əliyevin bu zavodu Çində açmasına səbəb qiymət fərqi ilə bağlıdır. Yəni, Azərbaycanda nərə balığı yetişdirmək baha başa gəlir, Çində isə qiymətlər münasibdir. Amma balığın hansı üsulla yetişdirilməsi azərbaycanlı alıcılardan gizli saxlanılır.
Hazırda Çində yetişdirilmiş standart kiçik ölçülü nərə balıqları paytaxtın ən bahalı şadlıq saraylarının menyülərini bəzəyir. Bu standart ölçülü balıqlar yalnız Elçin Əliyev tərəfindən ölkəyə gətirildiyindən şadlıq evləri başqa yerdə axtarışa lüzum görmürlər. Halbuki o zavodda balıqların hansı şəritdə bəslənib yetişdirilməsindən xəbərdar olsalar, bu məhsulu almaqdan imtina edib, üstlik, E.Əliyevi məhkəməyə verərlər.
İddia olunur ki, Çində qurulmuş həmin zavodda nərələr kanalizasiya tullantıları ilə yetişdirilir. Yəni, balıqların saxlanıldığı hovuzlara bir başa kanalizasiya suları axıdılır. Bəzən isə bunu xüsusu maşınlarla yerinə yetirirlər. Bu balıqların kanalizasiya suyu ilə bəslənməsinin əsas səbəbi belə şəraitdə onların daha tez inkşaf etmələri göstərilir.
Son olaraq qeyd edək ki, ölkənin sayılıb-seçilən elit kəsiminin bəh-bəhlə yediyi balıqlar çinlilərin təbii ehtiyaclarını ödədikləri zaman tullantıya çevrilən “məhsulla” yetişdirilir. Həmçinin həmin balıqlara tez böyümələri üçün müxtəlif kimyəvi dərmanlar da verirlər ki, bu da insan orqanizmi üçün çox təhlükəlidir.
Hətta iddia olunur ki, təyyarə ilə gətirilən həmin məhsullar ölkəyə qanunsuz daxil olur və gömrük nəzarətindən keçirilmir.
KORRUPSIYA.AZ