Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) sosial məsələlərin həlli istiqamətində növbəti addım atılıb. AMEA-nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Akademiyanın Rəyasət Heyətinin müvafiq qərarı ilə yaradılmış mənzillərin bölüşdürülməsi komissiyası işə başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyası ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi işi aparılıb.

Mənzil alan alimlərin siyahısını əldə etməyə çalışsaq da, AMEA-nın mətbuat xidməti bunun qeyri-mümkün olduğunu bildirib.

Buna baxmayaraq, Modern.az saytı ev alan bir neçə alimin adını dəqiqləşdirə bilib.

Onlardan ikisi AMEA-nın Zoologiya İnstitutunun əməkdaşları Elşad Əhmədov və Ənvər Cəlilovdur.

AMEA-nın Botanika İnstitutundan Gülzarə Ağayeva da ev alanlar siyahısındadır.

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutundan iki xanım alimin adı ev alanlar siyasına salınıb. Onlar Elmira Ağayeva və Müşgünaz Abbasovadır.

AMEA-nın Mikrobiologiya İnstitutundan isə bildirilib ki, bu barədə onların institutuna heç bir məlumat verilməyib.

“İnstitutun direktoru Məmməd Salmanov illərdir ki, bir otaqlı evdə yaşayır. Ev də həyat yoldaşınındır. Ona ev verilsəydi, daha məqsədəuyğun olardı”.

AMEA-nın Dendrologiya İnstitutundan bildirildi ki, onların institutunda çalışan alimlərin adı ev alanlar siyahısında yoxdur.

Digər alim Nurməmməd Mustafayevin də ev alan alimlər arasında adının olduğu bildirilir.

Bundan başqa AMEA-nın digər əməkdaşı Sevinc Hüseynova da ev alanlar siyahısındadır.

Paylaş