Nüfuzlu “Reuters” agentliyi xəbər yayıb ki, “Azərbaycan Dəmir Yolları” ASC maliyyə məsələləri üzrə beynəlxalq məsləhətçi axtardığı barədə elan verib

Səbəb də “müəyyən mövcud borc öhdəliklərinin yenidən maliyyələşdirilməsi” mexanizmlərini hazırlamaqdan ibarət olacaq.

Tərcüməsi budur ki, Beynəlxalq Bankdan sonra ADY-ı da özünü bankrot elan etməyə, borclarını “restrukturizasiya” etmək, loru dillə desək, bacardıqca uzadaraq gec qaytarmaq, dövlətin üzərinə atmaq istəyir.

Növbədə SOCAR, AZAL, “Azərenerji”, “Azərsu”, digər monstr dövlət şirkətləridir. Onların toplam borcu birbaşa dövlət borcundan da çoxdur, təqribən, 13-14 mlrd. dollardır.

İllərdir tək büdcə pulunu deyil, beynəlxalq kreditləri də məmur-oliqarxlar yeyiblər, dövlətimizin bu gününə, sabahına, artıq birisi gününə də təhdid yaradıblar, övladlarımız, hətta nəvələrimiz də uzun illər borc qaytarmalı olacaqlar.

Maliyyə Nazirliyi 1 aprel 2016-cı il tarixinə Azərbaycanın xarici borcunun məbləğini açıqlayıb.

Deyilən tarixə xarici dövlət borcu 7 milyard 448.7 milyon ABŞ dolları (11 milyard 486.6 milyon manat, adambaşına 1210 manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21.0 faiz təşkil edib.
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxildir.

Ölkəni borc içində boğan məmurların xarici baklarda hesabları, Avropanın mərkəzində və istirahət zonalarında daşınmaz əmlakları var.

Ölkəni borc içində qoyub aradan çıxmağa belə hazır olan həmin məmurlarla bağlı artıq sanksiyalar tələbi səslənir.

Onların daşınmaz əmlakının müsadirə olunması, bank hesablarına həbs qoyulması, Azərbaycandan çıxışının yasaqlanması gündəmdədir.

Həmin odioz qüvvələr ölkənin neft sərvətlərini talayıb və illərlə ölkənin borclarını artırıb. Azərişıq” ASC xarici fondlardan 50 milyon manat kredit alıb və vəsait son qəpiyinəcən xərclənib.

“Azəravtoyol” ASC 304 milyon manat, Bakı Metropoliteni 240 milyon manat, “Azərsu” ASC 240 milyon manat, Dövlət Neft Şirkəti 1 milyard 891 mln manat, “Aqrarkredit” QSC 2,54 milyard manat xarici fondlardan kredit alıb. Adıçəkilən ASC-lərin bu borcları qaytaracağı isə sual altındadır.

Təəccüb doğuran başqa bir məqam isə odur ki, bu qurumlar hər il dövlət büdcəsindən də külli miqdarda dotasiya alırlar. Həmin vəsaitlərin xərclənməsində şəffaflıq olmadığı kimi, bu borcların necə istifadə olunması ilə bağlı da şəffaflıq təmin olunmayıb.

İqtidar rəhbərliyi Baba Rzayev, Saleh Məmmədov, Qorxmz Hüseynov, Zaur Hüseynov, Rövnəq Abdullayev və digər vəzifəli şəxslər qarşısında konkret tələblər qoymalıdır.

Ölkə iqtisadiyyatının ən çətin dönəmində məmurlar borcları ödəməlidir. Vaxtilə yedikləri milyonları indi qəpik-qəpik qaytarmağa məcburdurlar.Azərbaycanda Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyəti heç də ürəkaçan deyil.

Bu qurumları daha çox pulsilən dəzgahlara bənzətmək olar. Onlara rəhbərlik edən şəxslərin əksəriyyəti tenderlərdə pul udur, maxinasiyalara yol verir, büdcə pullarını çırpışdırır. ulus.az

Paylaş