Azərbaycan Beynəlxalq Bankının (ABB) borclarının restrukturlaşdırma müddətinin uzadılması maliyyə naziri Samir Şərifova əlavə imkanlar verib.

“Reytinq”ə daxil olan məlumatda bildirilir ki, Nyu-York məhkəməsinin ardınca London məhkəməsinin də ABB-nin borclarının restrukturlaşdırma müddətində onun kreditorlarını bankın aktivlərinə məhkəmə iddiası qaldırmaq imkanından məhrum etməsi nazir S.Şərifovun işinə yarayıb.

Bank sistemindən verilən məlumata görə, məhkəmənin bu qərarı Şərifovun nazir karyerasına yaranmış təhlükəni müəyyən müddətə önləyir: “Amma ABB ilə bağlı baş verənlər hələ arzulanan sonluqla bitməyib. Yəni bank xilas olunmayıb. Əksinə, ABB-də riskli aktivlərin həcminin böyük olması hələ də ciddi təhlükələrdən xəbər verir”,- deyə qaynaq əlavə edib.

“BBC Azərbaycan”dakı geniş məqaləyə də toxunan maliyyəçinin iddiasına görə, həmin yazıdan aydın olur ki, hökumət sistemin əsasını təşkil edən bankın xilasına çalışıb:

“Bankın sağlamlaşdırılmasına iki ildə 9,9 milyard manat (5, 9 milyard dollar) xərclənib. Bu il bu məqsədlə demək olar, 5 milyard manat (2, 9 milyard dollar) xərclənəcək.

Bundan başqa, bankdakı likvidliyin saxlanması üçün burada 1, 3 milyard dollarlıq valyuta depozitləri yerləşdirilib. Lakin hazırda ABB-nin idarə olunmasında müstəsna söz sahibi olan Samir Şərifov bu qədər maliyyənin qarşılığında nəinki bankı bir addım qabağa aparıb, əksinə, elə bir durum yaranıb ki, sanki ayrılan maliyyə dərin quyunu doldurmaq üçündür”.

Hazırda digər bir vacib məsələ ABB-nin 4 milyard dollara yaxın borcunu ödəyə bilməməsidir. S.Şərifovun qarşısında həm də bu borcun necə ödənməsi durur.

Məlumatlı şəxs deyib ki, hazırda ABB-nin “kölgəsinə sığınmış” Samir Şərifov mayın sonunda Londonda kreditorlarla görüşdə vəziyyətdən çıxmaq üçün onlara hədə-qorxu da gəlib:

“Londonda xarici kreditorlarla görüşən Şərifov orada ABB-nin onlara olan borclarını qiymətli kağızlar və ya bankın borc öhdəlikləri ilə əvəzlənməsini təklif edib. Üstəlik, bu zaman borcların 20 faizinin silinməsi təklifini də irəli sürüb. Bundan başqa, borc üzrə ödənişlərin 2022-ci ildən sonraya keçirilməsi istənilir. ABB-nin öhdəliklərinə görə, bu, 2017-2019-cu illərdə baş verməli idi. Təbii ki, belə dönüş investorların tamamilə mənfi reaksiyasına səbəb olub”.

Qeyd edilir ki, qızğın müzakirələr zamanı S.Şərifov bütün iradları rədd edərək deyib ki, ABB-yə heç vaxt dövlət təminatı verilməyib. “Bu o deməkdir ki, hökumət, bank və onun borcları üçün məsuliyyət daşımır və borcun restrukturlaşdırılması üçün məsuliyyəti öz üzərinə götürmür. “Siz bunu başqa bir şey də adlandıra bilərsiniz, lakin bu, masa üstündə olan yeganə təklifdir”,- deyib Şərifov”.

Məlumata görə, Samir Şərifov Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı ilə birlikdə bəyan edib ki, restrukturlaşdırma planı qəbul edilməzsə, ABB bağlanacaq.

“Göründüyü kimi, talan olunmuş ABB-nin borclarına görə məsuliyətini etiraf edib, əməli addımlar atmaq əvəzinə, Samir Şərifov birbaşa investorları şantaj edib”,- deyən mənbəmizin fikrincə, beynəlxalq reytinq təşkilatlarının da ABB-nin reytinqini ard-arda endirmələri vəziyyəti daha da gərginləşdirib:

“Sözsüz ki, ABB ilə bağlı məsələ nə vaxtsa bitəcək. Bu zaman soyuq başla Samir Şərifov və onun bankdakı müavininə qədər – hamısından hesab sorulacaq. ABB-nin Müşahidə Şurasında Samir Şərifovun müavini və Maliyyə Nazirliyinin daha bir neçə rəhbər şəxsi təmsil olunur. Onlar ABB-də əsas söz sahibi kimi Cahangir Hacıyevin dövründən təmsil olunsalar da, batırılan milyonlarla manatlıq kreditlərə görə məsuliyyətə cəlb olunmayıblar.

Diqqət edin, Cahangir Hacıyev həbs olunandan sonra ABB-nin Müşahidə Şurası yenidən təşkil edildi. Üzvlərinin sayı 5-dən 7-yə endirilsə də, yenə də Müşahidə Şurasının sədri vəzifəsinə maliyyə nazirinin müavini Azər Bayramov təyin olundu. Üstəlik, onunla yanaşı, Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanov və nazirliyin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilov yenə Şurada təmsil olundular. Cahangir Hacıyevdən sonra bankda iki dəfə rəhbər dəyişikliyi olsa da, bu adamlar sanki toxunulmazdır. Bəzi şəxslər iddia edir ki, Samir Şərifov bir neçə dəfə Azər Bayramovun bu vəzifədən kənarlaşdırılmasını istəsə də, kimlərsə buna imkan verməyib”.

Sonda mənbə iddia edib ki, Maliyyə Nazirliyindəki vəzifəli şəxsləri öz komandasına cəlb etməyə çalışan Azər Bayramov nazirlik daxilində çox güclənib. “Azər Bayramov nazirlikdəki həmyerliləri və uzun illər bir yerdə işlədikləri xidmət rəislərini ətrafına toplayaraq, komandasına əlavə üstünlüklər qazanıb. Bu isə Samir Şərifovun artıq onunla bacara bilmədiyi görüntüsünü yaradır”,- deyən mənbə fikrini tamamlayıb.teref.info

Paylaş