Asif Əsgərov iclasda Abdin Fərzəliyev haqqında nə deyib?

Bu günlərdə 365info.az-da “Nəsimi rayonunu sərpa soyarlar, ağrımaz… – Asif Əsgərov nədən arxayındır?” başlıqlı yazı dərc olunmuşdu.

Həmin yazıda qeyd olunurdu ki, Nəsimi rayonunda söküntü-tikinti işləri aparan şirkətin əməkdaşları Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsi 46, 50 saylı binaların sakinlərini incidir, ətrafı hasarlayaraq, çormətəbəli bina ucaltmağa başlayıblar.

Sakinlərin sözlərinə görə, “naməlum” şirkət onların ərazidə hərəkətinə də əngəl törədir.

Həmin yazıda sakinlərin dilindən bildirilirdi ki, şirkət Nəsimi RİH başçısı Asif Əsgərovun himayəsindədir.

RİH isə açıqlama verib ki, orda bina yox, şahmat məktəbi tikilir.

Sözügedən yazıda həmçinin sabiq komitə sədri, professor Rafiq Quliyevdən Asif Əsgərovun 300 min manat rüşvət istəməsi barədə məlumatlara da toxunulmuş və R.Quliyevin virtualaz.org saytına açıqlamasından sitat gətirilmişdi.

Bu yaxınlarda isə 365info.az-da sabiq Nəsimi RİH başçısı Nəsib Məhəməliyevin obyektlərinin Asif Əsgərov tərəfindən “repressiya”ya məruz qalması barədə məlumat dərc edildi.

“Ölkə mətbuatında Nəsib Məhəməliyevin təkcə Nəsimi rayonu ərazisindəki obyektlərinin siyahısı dəfələrlə dərc olunub.

Bu siyahıya qızıl dükanları, mağazalar, kafelər və digər obyektlər daxildir. Ən dəhşətlisi odur ki, bu obyektlərin çoxu yaşıllıqların qırılması hesabına inşa edilib.

Düşünmək olardı ki, Məhəməliyevin bu obyektlərlə bağlı problemi yoxdur.

365info.az-a daxil olan məlumata görə, son 5-6 aydır Məhəməliyev həmin obyektlərlə bağlı ciddi problemlə üzləşib.

Məlumat üçün bildirək ki, Nəsib Məhəməliyev Nəsimi rayon icra başçısı vəzifəsindən azad edildikdən sonra Balakəndən deputat seçilib. Və Nəsimi rayonunda Məhəməliyevi Asif Əsgərov əvəz edir. Hazırda Nəsimi rayon icra hakimiyyətinin başçısı olan Asif Əsgərov dəfələrlə deputat Məhəməliyevə xəbər göndərib ki, “obyekt”ləri bölüşdürməyin vaxtı çatıb. Amma Nəsib Məhəməliyev öz deputat statusundan istifadə edərək icra başçısının təklifini qulaqardına vurur. Daha dəqiq desək öz “obyekt”lərini indiki icra başçısı ilə bölüşmək istəmir.

İndiki icra başçısı Asif Əsgərov isə öz inadından əl çəkmək fikrində deyil. Çünki Asif Əsgərovu yaxından tanıyanlar gözəl bilir ki, o, öz marağından zərrə qədər güzəştə gedən deyil. Və istədiyinə gec-tez nail olur.

Yeri gəlmişkən, icra başçısı Asif Əsgərovla bağlı bəzi fikirlərimizi də qeyd etmək istəyirik.

Hazırda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olan cənab Asif Əsgərovun həyat yolu sözün əsl mənasında bir roman, kino mövzusudur. Bu şəxs ixtisasca idmançı-cüdoçudur. Bir müddət cangüdən vəzifəsində çalışıb. Sonra idman klublarına rəhbərlik edib, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olub və s. Və günün birində idmaçı-cüdoçu-cangüdən Asif Əsgərov “partiya işinə” irəli çəkilib. Sonda Səbail RİH-nin başçısı olub. Bu gün də Nəsimi RİH-nin başçısı kimi öz vəzifəsini davam etdirir.

Bütün bunlar azmış kimi Asif Əsgərov tərcümeyi-halında qeyd olunan kimi elmi-pedoqoji fəaliyyətlə məşğul olur, elmi əsərlər, məqalələr yazır, hətta müdafiə edərək alimlik dərəcəsi alıb”. Bundan savayı, hətta rayonda Heydər Əliyev Fondunun və ölkə rəhbərliyinin təşəbbüsüylə salınan yaşıllıqların sonradan Asif Əsgərovun “təşəbbüsüylə” qırılması kimi məlumatlar da səngimək bilmir.

Xatırladaq ki, son iki ildə Hacıbala Abutalıbovun (Bakı meri vəzifəsinə) yerinə iki əsas namizədin adı hallanır.

Nərimanov RİH başçısı Abdin Fərzəliyev və Nəsimi RİH başçısı Asif Əsgərovun adları hətta hakimiyyət dəhlizlərində rəqiblər kimi də yada düşür.

Lakin son bir ildə Abdin Fərzəliyev haqqında mətbuatda tənqidi materialların artması, xüsusilə də “əlillər binası” ətrafındakı qalmaq Nərimanov RİH başçısının mövqeyini xeyli zəiflədib.

Bu isə əlbəttə ki, Nəsimi RİH başçısının gələcəyinin “parıldaması” üçün yeni imkanlar yaratmaya bilməzdi…

365info.az-a daxil olan məlumata görə, Asif Əsgərova yaxın adamların mətbuatda Abdin Fərzəliyevlə bağlı məlumatların yayılmasında “rolu” olmamış deyil.

Belə ki, redaksiyamıza daxil olan məlumatlara görə, Asif Əsgərov yaxın aylarda keçirdiyi iclasların birində işçiləriylə söhbət edərkən Abdin Fərzəliyevi yada salmış və istehza ilə “Allah bizi o günə salmasın” demişdi.

Nərimanov RİH başçısının “gözdən əlillər binasında” milyonlarla pulu yeməsi barədə şikayətlər bir neçə sayt və qəzetin manşet xəbərinə çevrilərkən, Nərimanov RİH başçısının bunu ironiya ilə yada salması barədə məlumat ilginc görünə bilər.

Lakin gizli deyil ki, Bakıda bir çox icra başçıları arasında gizli “intriqa”lar mövcuddur və müxtəlif vasitələrlə bir digərinə “zərbə” vurmağa çalışır.

Ümid edirik ki, 365info.az-a daxil olan bu məlumata tezliklə Nəsimi RİH aydınlıq gətiriləcək.

KORRUPSIYA.AZ

Paylaş