Məmməd Musayevə ilginc ittiham: “Beynəlxalq Bankın kreditlərinin qaytarılması adı ilə həmin banka borcu olanların əmlakını əlinə keçirir”
Cahangir Hacıyev Beynəlxalq bankın rəhbərliyindən uzaqlaşdırılanda elan olundu ki, bankın 4 milyard problemli krediti var. Sonradan banka rəhbər təyin olunan kadrlar bankı müflisləşmə bataqlığına sürükləyən problemli kreditlərin həcmini azalda bilmədilər. Əks proses getdi, problemli kreditlər 10 milyarda qədər artdı. Vəziyyətdən çıxış yolu kimi isə bankın 10 milyard manata yaxın problemli kreditini alıb “AqrarKredit” təşkilatına ötürülməsi yolu seçildi. Faktiki dövlət banka əlavə 10 milyard vəsait verdi və əvəzində problemli borclarını üzərinə götürdü. Əslində isə qaş düzəldilən yerdə göz də çıxarıldı. “AqrarKredit” SSRİ-dən qalma üsullarla idarə olunan geridə qalmış bir qurumdur. Bank sektoru üzrə ixtisaslaşmış iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov müflis olmuş bankların problemli kreditlərinin “AqrarKredit”ə verilməsinin zərərli olduğunu bəyan etmişdi.
Sitat: “AqrarKredit” rəhbərliyi qeyri-peşəkar, yalnız öz mənfəətlərini güdən şəxslərdir. Rəhbəri Məmməd Musayev “Şapka Mamed” kimi tanınır. Beləsi problemli kreditləri necə qaytaracaq? Reallıqda bu gün Məmməd Musayevə fövqəladə səlahiyyətlər verilib. Məhkəmələr onun bir sözünü iki etmir, tapşırıq var ki, hamı ona kömək etsin və o, kreditləri qaytarsın. Qaytarırmı? Məlumat yoxdur! “Şapka Mamed” ictimaiyyət qarşısına indiyədək çıxıb məlumat vermir ki, nə işlə məşğuldur və nə edə bilib. Reallıqda isə Beynəlxalq Bankın kreditlərinin qaytarılması adı ilə həmin banka borcu olanların əmlakını əlinə keçirir. Ortada olan yalnız budur. Bundan başqa həmin 10 milyard vəsaitdən başqa Neft Fondu da ABB-yə 1 milyard dollar depozit qoyub. İndi isə dövlət ABB-nin xarici borclarını və başa düşdüyüm qədər Neft Fonduna olan borcunu da öz üzərinə götürür. Bir sözlə, ABB tam təmizlənib özəlləşdirələcək. Ümumən düzgün istiqamətdir, başqa yol yoxdur, əks halda bank bağlanmalıdır. Bağlansa, yenə də yük dövlətin üzərində olacaq”.
Ə.Həsənovun aylar öncə söylədikləri gələn məlumatlarla da bir daha təsdiqlənir. Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynovun şikayəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılır. Ə.Hüseynov deyib ki, “Sahibkarlığa Kömək Milli Fondunun sədri Şirzad Abdullayev və “Aqrarkredit”in rəhbəri Məmməd Musayev barədə baş prokuror Zakir Qaralova müraciət edib. Onun sözlərinə görə, müraciətinin araşdırılması barədə rəsmi məktub alıb.
“Şapka Mamed” ayaması ilə tanınan Məmməd Musayevdən hüquq mühafizə orqanlarına tez-tez bu səpkili şikayətlər daxil olur. M.Musayevin adı vaxtaşırı ciddi qalmaqallarda hallanır. O, bir neçə vəzifə tutur: Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti olmaqla yanaşı, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür. Həmçinin “Turanbank”ın sahibidir. Bu banka hazırda onun oğlu rəhbərlik edir. “Şapka Mamed” bank sektorunda kifayət qədər tanınan simalardandır.
Onun sahibi olduğu və rəhbərliyində təmsil olunduğu banklardan götürülən kreditləri özünəməxsus formada qaytarma metodları vətəndaşları canını boğazına yığıb. Bu haqda “Yeni Müsavat” qəzeti aylar öncə yazmışdı. Həmin məqalədə bildirilirdi ki, M.Musayevin nəzarətindəki banklardan kredit götürən şəxslər ən müxtəlif üsullarla təhdid və şantajla üzləşirlər. Məmməd Musayevin sahibi, oğlu Fuad Musayevin rəhbər olduğu “Turanbank”dan kredit götürən şəxslər ciddi psixoloji basqılara məruz qalır. M.Musayev dövlət idarələrində çalışan müştərilərə ismarış göndərir, onlara çatdırır ki, krediti vaxtında ödəməsələr bu haqda rəhbərlərinə şikayət edəcəklər.
Məqalədən sitat: “Borclu vətəndaşların siyahılarını tutduran “Şapka Mamed” həmin siyahılar üzrə hansı müştərinin hansı nazirliyin və ya başqa dövlət strukturunun nəzdində işlədiyi aydınlaşdırılır. Müştərini banka dəvət edib ona “pulu ödəməsən, səndən nazirinə şikayət edəcəm” tipli şantaj dolu cümlələrlə hədələyir. Onun hədələrinə tuş gələnlər ödəmə qabiliyyətinin olmamasını dedikdə isə “sənə cinayət işi açdıracağam” söyləməklə qorxutmağa çalışır. Bu hədələr keçmədikdə isə “Şapka Mamed”in ətrafındakı idmançılar dövriyyəyə buraxılır. Bir müddət əvvəl redaksiyamıza müraciət edən şikayətçilərdən biri “Şapka Mamed”in banklarında problemli kredit məsələsinin bir başqa formasını da sınaqdan keçirildiyini söyləmişdi. Demişdi ki, M.Musayev bu iş üçün xüsusi qoçular da saxlayır”.
Məqalədə Məmməd Musayevin kreditlərin qaytarılması üçün fiziki gücdən istifadə etdiyindən də bəhs olunurdu. Bildirilirdi ki, o, yanında Vasif Qasımov ad-soyadlı idmançı saxlayır. Həmin Vasif də özü kimi bir neçə idmançıdan ibarət qrup yaradıb ofislərə, evlərə gedib müştəriləri qorxudur, onları hədələyir. M.Musayevin böyük bir maliyyə imperatorluğu qurduğu sirr deyil. O, ölkənin bank sektoruna ciddi təsir imkanlarına malikdir.
Həmin imkanlar ona verilən səlahiyyətlərdən qaynaqlanır və “Şapka Mamed” batan bankların problemli kreditlərini özünün üsul-idarəsi ilə alır. Söhbət ondan gedir ki, həmin pullar dövlət büdcəsinə daxil olmur. “Şapka Mamed”in çəkisi isə günü-gündən artır. Bank sektorunun batmasından xeyir qazanan “Şapka Mamed”dir, itirən isə Azərbaycan dövləti, xalqıdır. Odur ki, bank sektoru tezliklə Məmməd Musayev bəlasından da qurtulmalıdır. Bunun üçün M.Musayevin, onun oğlunun fəaliyyətini yoxlamaq kifayət edər.
Qəzetimizə çatan özəl məlumatda iddia olunur ki, artıq belə bir yoxlama başlayıb və bunun sonu bankir Musayevlər üçün çox pis qurtara bilər. Məsələ burasındadır ki, M. Musayev və onun oğlu F. Musayev bir müddət öncə qara bazarda valyuta maxinasiyalarını udarə etməklə, 150 milyon dollar gəlir əldə etmişlər və nəticədə, dövlət, onun maliyyə siyasəti ciddi zərərə uğramışdı. Görünür, dövlət bu cinayəti “Şapka Mamed”ə bağışlamaq niyyətində deyil. (musavat)