Bir neçə gün əvvəl Fikrət Məmmədov adlı fəal feysbuk istifadəçisinin öz səhifəsində yazdığı status ətrafında qalmaqal səngimək bilmir. Fikrət Məmmədova məxsus olan məlum status cəmiyyətin əksər üzvləri tərəfindən Azərbaycan dilinin təhqiri kimi qəbul edildiyi səbəbindən birmənalı qarşılanmayıb. Sözügedən şəxs öz statusunda fikirlərini niyə rus dilində çatdırdığını, hansı səbəbdən Azərbaycan dilindən istifadə etmədiyini açıqlamağa çalışarkən Azərbaycan dilini “kütləvi yaltaqlıq dili” adlandırıb, bu dildə böyük bədii, elmi əsərlər yaradılmadığını deyib.

Sözsüz ki, bu statusa rəylər də müxtəlif və daha çox aqressiv olub. Rəy yazanlar arasında kifayət qədər tanınmış jurnalistlər, qələm adamları da yer alıb.

Yaşanan qalmaqal çərçivəsinə Fikrət Məmmədov iş adamı kimi təqdim edilib. Bəzi KİV-lər isə onun böyük turizm kampaniyalarından sayılan “Paramount Travel Club”ın rəhbəri olduğunu iddia edib.
Azinforum.az sözügedən şirkətlə əlaqə saxlayıb. Salmanov Anar Damət oğlu adlı şəxs müvafiq sənədləri də bizə təqdim etməklə bildirib ki, Fikrət Məmmədovun onların şirkətinə rəsmi olaraq heç bir aidiyyəti yoxdur: “Bildiyiniz kimi, bəzi KİV-lərdə Fikrət Məmmədov “Paramount Travel Club”un rəhbəri kimi təqdim edilib. Mən çox təəssüf edirəm ki, jurnalistlər onlara verilən hansısa yanlış informasiyanın təsirinə düşərək, sensasiya axtarmaq xatirinə belə dəqiqləşdirilməmiş məlumatları yayırlar. Nəzərinizə çatdırmaq istəyirəm ki, Fikrət Məmmədov adda adamın bizim şirkətin rəhbərliyinə heç bir aidiyyəti yoxdur. Sözügedən şirkətin direktoru mənəm. Təsisçilər də tamamilə başaqa adamlardı, heç onların da sırasında Fikrət Məmmədov adda adam yoxdur. Mənə elə gəlir ki, bu məlumatı dəqiqləşdirmək o qədər də çətin məsələ deyil. Bununla bağlı müvafiq dövlət qurumlarının “online” resurslarına girib lazımi məlumatı əldə edə bilərdilər. Bir daha xatırladıram ki, Fikrət Məmmədov bizim tirizm şirkətinin nə direktorudur, nə də adi işçisi”.

“Onu niyə başqa şirkətlər deyil, məhz “Paramount Travel Club”la əlaqələndirirlər” sualına isə Anar Salmanovun cavabı belə olub: “Fikrət Məmmədovla fziki şəxs kimi bağladığımız müqavilə əsasında bizim bəzi layihələrimizdə məsləhətçi kimi iştirak edib. Əməkdaşlığımız əsasən marketinq və menecment sahəsində olub. Bizim şirkətin adının Mədəniyyət və Turzm Nazirliyinin rəhbəriyi ilə yaxın münasibətdə hallandırılması da kökündən yanlışdı. Çünki həmin qurum bizim üzərimizdə yalnız nəzarət funksiyasına malikdir, başqa heç bir yaxınlığımız da ola bilməz”.
Fikrət Məmmədov uzun müddət Mədəniyyət və Turizm Nazirliyində çalışıb. Dovlət qulluğuna qəbulla bağlı keçirilən imtahanlarda lazım olan nəticəni əldə edə bilmədiyi səbəbindən oradan uzaqlaşdırılıb. Onunla nazir Əbülfəs Qarayevin münasibətlərinin heç də yaxşı olmadığı bildirilir.

AFN-in apardığı kiçik bir araşdırmadan sonra məlum olub ki, “Paramount Travel Club”un qanuni təmsilçisi Məmmədova İlahə Aydın qızıdır. İ.Məmmədova ilə F.Məmmədovun qohumluq əlaqələrinin olub-olmaması isə tərəfimizdən araşdırılmaqdadır.
Paylaş