Azərbaycanda məmur özbaşınalığı davam edir; Bu dəfə Göyçay sakinləri keçmiş icra başçısından və onun qardaşı oğlundan şikayətçidirlər…

Sabiq icra başçısı Mübariz Ağayevin qardaşı oğlu Nicat Ağayevin kommersiya maraqlarına görə sakinlər təhlükə ilə üz-üzə qalıblar.

Nicat Ağayevin atası Maarif Ağayev “Azəravtoyol” ASC-nin 17 №-li Yol İstismar MMC-nin müdiri vəzifəsində işləmiş və təxminən 1 il əvvəl dünyasını dəyişib.

Nicat Ağayev atası bu vəzifədə işləyən vaxtda bahalı, ağır texnika maşınları alaraq Göyçay çayından daş materiallarını qazaraq, satışı ilə məşğul olmağa başlayıb.

Əmisinin və atasının himayəsi ilə Nicat Ağayevin heç bir qanunu icazə almadan apardığı bu işlər Göyçay rayonunu Potu və Cəyirli kənd sakinlərinə ciddi təhlükələr yaradıb.

Şikayətçi Göyçay rayon sakini Elnur İsmayılov deyir ki, Mübariz Ağayevin qardaşı oğlu bağımızın yaxınlığından keçən Göyçay çayında qanunsuz qazıntı işləri aparmaqla çayın məcrasını dəyişdirib yolumuzu dağıtmış, suvarma sistemini məhv etmiş və çox ciddi qəza vəziyyəti yaradıb.

Mətbuatda bu problem ictimailəşsə də, nə sabiq başçı, nə Əhməd Əhmədzadənin rəhbəri olduğu Meliorasiya və Su Təsərrüfatı ASC, nə də Azəravtoyol ASC bu məsələ barədə reaksiya verib.

Göyçay rayonu Potu kənd sakini Elvin Ağayev isə deyir ki, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova və digər orqanlara şikayət ərizələri ilə müraciət etmişik.

Şikayət ərizəmizdə göstərdiyimiz faktlar yerində araşdırılmalıdır ki, Nicat Ağayev hansı qanuna əsasən Göyçay çayını plandan kənarda qazıb materiallarını satır. Onun bu işi görməsinə kim icazə verib və nə üçün onun bu işlərinə dövlət tərəfindən nəzarət edilmir?

Əldə olunan küllü miqdarda gəlirə görə hara vergi ödəməsi, işlədilən işçilərlə əmək müqavilələrinin bağlanılması və bu işləri hansı planla, razılıqla edilməsi faktları yerində obyektiv araşdırılmalıdır.

Araşdırılmalıdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Göyçay Meliorasiya İdarəsi nə üçün bu qanunsuz fəaliyyətin qarşısını almaq istəmir.

Onun yaratdığı ciddi təhlükə araşdırılmalı və barəsində təcili, ciddi tədbirlər görülməlidir. Ancaq faktiki bu məsələdə medida yayılsa da, heç bir münasibət bildirilmir. ulus.az

Paylaş