Azərbaycan Beynəlxalq Bankın sponsorluqdan imtina etməsindən sonra AFFA-nın nəzarətinə keçən Bakının “İnter” klubu meydandankənar növbəti məğlubiyyətini yaşayıb.

Yenicag.az xəbər verir ki, 2015-ci ildə yaradılan komandanın məskunlaşdığı “İnter Arena”dan çıxarılacağı təsdiqlənib.

Bunda sonra sabiq “bankirlər” baza kimi Mərdəkandakı “Dalğa Arena”dan istifadə edəcəklər. Məlumat klubun Müşahidə Şurasının sədri Zaur Axundov tərəfindən də təsdiqlənib.

Arzuolunmaz köçə səbəb isə klubun “Aqrarkredit”ə olan borcudur. Borcun miqdarının isə nə az, nə çox – düz 33 milyon manat olduğu deyilir. AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən kluba Müşahidə Şurasının sədri təyin edilən Zaur Axundov kredit təşkilatı ilə olan müqaviləni yeniləmək istəsə də, onun cəhdləri uğursuz alınıb.

Nəticədə, məsələyə “Aqrarkredit”in rəhbəri Mamed Musayev qarışıb. Beynəlxalq Bankın borclarının qaytarılması “Şapka Mamed” kimi tanınan iş adamına tapşırıldığından, o, kluba borcunu qaytarmayacağı təqdirdə bir həftə ərzində “İnter Arena”nı boşaltması üçün vaxt qoyub. Borcun qaytarılması da mümkünsüz olduğundan “İnter” köçə məruz qalıb.

Qeyd edək ki, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev “İnter”in fəxri prezidenti olub. O, Azərbaycan dövlətinə külli miqdarda ziyan vurmaqda təqsirli bilinir.

Paylaş